Məhkəmə qərarları › İş №e-2(008)-3844/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3844/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3844/2022 08.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə 150 manatı məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 180 manatı məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2013-cü il tarixli, 06669 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 350 (AZN) Azərbaycan manatı məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 50 (AZN) Azərbaycan manatı məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu xx.xx.2013 -ci il tarixli, 06669 saylı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERAElectronics”-ə olan borcunu 8 ildən çox müddətdir ki ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2013-cü il tarixdə 50 (AZN) manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir. Hazırda borclunun yuxarıdakı müqavilə üzrə “ERA Electronics”-ə olan əsas borcu 150 (AZN) manat təşkil edir. Nəticədə cavabdehin borcu yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iştirakları olmadan məhkəmə iclasının keçirilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh ərizəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə İddiaçı tərəfindən onunla “ERA Elektroniks”mağazası arasında imzalanmış xx.xx.2013cü il tarixli 06669 müqaviləyə əsasən onun “Era Elektroniks”dən kreditlə 350 (AZN) Azərbaycan manatı məbləğində məişət avadanlığını aylar üzrə 50 (AZN) Azərbaycan manatı məbləğ ödəmək şərti ilə kredit götürdüyünü, həmin borcu 6 ay ərzində ödəmək öhdəliyini yerinə yetirmədiyini və hal hazırda qeyd edilən kredit müqaviləsinə görə 150 (AZN) Azərbaycan manatı borcunun olduğuna dair iddia ərizəsi ilə müraciət etmişdir. O, həqiqətən “ERA Elektroniks”lə kredit müqaviləsi bağlamış və üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmişdir və onun onalara heç bir borcu qalmamışdır. Lakin “Era Ellektroniks”in əməkdaşaları öhdəliyin icrasından 8 il keçdikdən sonra uydurma və absurd iddia ilə əsassız olaraq məhkəməyə müraciət etmişlər. Bu onların əlavə varlanmaq üçün onun kimi sadə vətanadaşlara qarşı işlətdiyi növbəti fırıladaqlarından biridir. Belə ki, iddiaçı, iddia verərkən nəzərə almamışdır ki, xx.xx.2013-cü il tarixdə imzalanmış kredit müqaviləsi üzrə iddia vermək ücün iddia müddəti keçmişdir. İddiaçı tərəfindən müqavilə tələbləri üzrə verilə bilən 3 illik iddia müddəti buraxılmışdır. İddia müddətinin kreditor tərəfindən ötürüldüyü açıq aşkardır. Buna görə də iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş matriallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2013cü il tarixli, 06669 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 350 (AZN) Azərbaycan manatı məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 50 (AZN) Azərbaycan manatı məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş matriallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013cü il tarixli alqı-satqı müqaviləsi üzrə 150 (yüz əlli manat) manat əsas borcu qalmışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2013-cü il tarixdə 50 manat ödəniş etmişdir. İş matriallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuş. 3 (üç) gün müddətində müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünürki İddiaçı ********** saylı VÖEN hesabı vardır. Həmçinin, iş matriallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cu il tarixli, 06669 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 6 ay olmaqla 350 manat cavabdehə avadanlıq verilmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq 6 ay olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği xx.xx.2013-cü il tarixindən ödəməmiş və bununla da, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı tərəfindən öhdəliyin icra müddəti xx.xx.2013-cü il tarixə kimi müəyyən edilmişdir. İddiaçı xx.xx.2013-cu il tarixli müqavilə tələbləri üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 9 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı xx.xx.2013-ci il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar