Məhkəmə qərarları › İş №e-2(008)-4306/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4306/2024

16.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4306/2024 16.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aylin Məmməd qızının katibliyi, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 16 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 16 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən 23 №-li evin 11 №-li mənzilin mərhum X1 miras qalmış ½ hissəsi üzərində İddiaçıçatası 1/6 hissədə iddiaçının payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə valideynləri birgə vəsait hesabına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən 23 №-li evin 11 №-li mənzilini əldə etmişlər. Həmin mənzil üzərində mülkiyyət hüququ iddiaçının atası X8 adına 12 mart 1996-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə onun adına MH seriyalı 001645 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş üzrə Cavabdeh3 artıq uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. İddiaçı və onun bacısı Əzizova (hazırda Hümbətova) Rüsxarə Mədət qızı daimi valideynlərinə baxmış, onların maddi və mənəvi ehtiyaclarını qarşılamışlar. İddiaçı və Əzizova (hazırda Hümbətova) Rüsxarə Mədət qızının validneynlərinə qarşı qayğıları onların ölümünə kimi davam etmişdir. İddiaçının atası X12 27 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə 31 avqust 2023-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Bundan sonra mərhum X8 1-ci növbəli vərəsələri arvadı X4, övladları Əzizova (hazırda Hümbətova) Rüsxarə Mədət qızı, Cavabdeh3 və İddiaçı mirasın açılması və mərhumdan qalan miras əmlakdan hər birinə çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri 16 saylı Notariat Ofisinə müraciət etmişlər. Bundan sonra Cavabdeh3 həm anası X1, həm də bacıları Əzizova (hazırda Hümbətova) Rüsxarə Mədət qızı və İddiaçı xahiş etmişdir ki, mərhum X5 miras qalan əmlakdan, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən 23 №-li evin 11 №-li mənzilin ½ hissəsinin onların hər birinə çatası paydan onun xeyinə imtina etsinlər və söz vermişdir ki, bundan sonra o, onlara maddi cəhətdən həmişə köməklik göstərəcəkdir. X4, habelə Əzizova (hazırda Hümbətova) Rüsxarə Mədət qızı və İddiaçı da Bakı şəhəri 16 saylı Notariat Ofisində ərizələr yazaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən 23 №-li evin 11 №-li mənzilin mərhum X5 miras qalan hissəsindən (yəni mənzilin ½ hissəsindən) Cavabdeh3 xeyrinə imtina etmişlər. Uzun sürən xəstəlikdən sonra X4 da 24 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə 26 oktyabr 2023-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı da sözügedən mənzilin birgə nikah dövründə, onların birgə vəsaitləri hesabına əldə olunduğunu nəzərə alıb, ərizə ilə Bakı şəhəri 16 saylı Notariat Ofisinə müraciət etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən 23 №-li evin 11 №-li mənzilin anası X1 miras qalan ½ hissəsinə qanun üzrə vərəsəlik haqqında şəhadənamə verilməsini xahiş etmişdir. İddiaçının yuxarıda qeyd olunan müraciətinə Bakı şəhəri 16 saylı Notariat Ofisinin verdiyi cavab məktubunda bildirilmişdir ki, miras əmlak olan mənzil özəlləşdirmiş mənzil olduğuna görə, mərhum X2 həmin əmak üzərində mülkiyyət hüququ olmamışdır. Cavabdeh2 aşağıdakı məzmunda iddia ərizəsinə etiraz vermişdir. İddiaçı qzı onun bacısıdır. O, nə atasına, nə də ki, anasına heç vaxt baxmamışdır, nə maddi cəhətdən, nədə ki mənəvi cəhətdən köməklik göstərməmişdir. O, qardaşı Vüsalın pulu ilə ana və atasını bir ki dəfə həkimə aparmışdır. Ata və anasının öz evləri olmuş, Cavabdeh2 ərindən ayrılandan sonra 2004-cü ildə gəlib ata və anasının yanında yaşamışdır. Valideynləri vəfat etdəndə onların bütün dəfn xərclərini qardaşı Vüsal çəkmişdir. Atası onkoloji xəstə olmuş, onun bütün xəstəxana, müalicə xərclərini, dərmanlarını qardaşı Vüsal almışdır. Lakin iddiaçı atası xəstəxanada yatanda onun yanına belə getməmişdir. Anası dəfələrlə əməliyyat olunmuşdur, 2010-cu ildən xəstə idi, ona Cavabdeh2 baxmışdır. Atasının vəfatından sonra anası X3 oğlu Cavabdeh3 baxıcı tutmuşdur. İddiaçı 16 ildir ki, ailə qurub Ramana qəsəbəsində yerləşən evdə yaşayır, həmin ev onun öz evidir, o 2008-ci ildə ailə qurmuş, bir ildən sonra isə kirayədə qalmaq məcburiyyətində qaldığı üçün ata və anası onu öz evlərinə gətirmişlər. Orada ididaçı 5 ilə yaxın qalmış, sonra qardaşı Vüsal gəlib iddiaçıya torpaq sahəsi almış, sonra iddiaçının əri orada ev tikdimiş və onlar oraya köçmüşlər. Lakin iddiaçı üç uşağı ilə birlikdə hal-hazıra kimi hələ də atasının evində qeydiyyatdadırlar. İddiaçının ondan və qardaşından pay istəməsi tam qanunsuzdur, çünki, iddiaçı hələ anasının sağlığında öz payından imtina etmişdir. Onlar mənzildə olan paylarından imtina edərək evi Vüsala vermişlər. Həmin miras qalan əmlakdan anasına çatası payın istəməsi absurddur, çünki həmin mənzil dövlət mülkiyyətində olmuş, sonra özəlləşdirilmiş, yəni həmin mənzil alqı-satqı yolu ilə alınmamış, ona görə də həmin mənzil birgə nikah dövründə əldə edilmədiyindən anasının orada olan 1//2 payı mövcud deyildir. Ona görə də iddiaçıya anasından qalmış belə bir pay verilə bilməz. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 Hüseyn qızı ərizə göndərərək üzrlü səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini və iddianın təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə işa iddiaçının və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddiçının iştirakı olmadan işə baxılmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə işdə iştirak edən cavabdeh tərəfin izahatını, dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı və cavabdehlər doğma qardaş-bacıdırlar (304533, 338407, 357073 nömrəli doğum haqqında şəhadətnamələr) Onların ataları X12 anaları Əzizova (Əliyeva) Şərqiyyə Eyvaz qızı ilə xx.xx.1979cu il tarixdə 6 nömrəli qeydlə nikahlarını bağlamışlar (İ-SL seriyalı 257392 №-li nikah haqqında şəhadətnamə). Bakı şəhəri, Bakıxanov rayonu, Mehmandarov küçəsi, 23 nömrəli yaşayış evinin 11 №-li sıxlaşdırılmış mənzili (sonradan – mübahisəli mənzil) X9 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir (Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 001645 №-li Qeydiyyat Vəsiqəsi, 587 №-li reyestr kitabında, 30/84700 qeydəalma № ilə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır). Məhkəmə mübahisəli mənzilin özəlləşdirilməsinə əsas olmuş hüquqi müəyyənedici sənədlərin surətinin məhkəməyə teqdim edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu vermişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən aşağıdakılar görünür. Lenin rayon X7 İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş 35/102 №-li xx.xx.1989cu il tarixli sərəncamla X12, X4, X10, Cavabdeh3, İddiaçı mübahisəli mənzilə qeydiyyat alınmışlar. Həmin sərəncamdan görünür ki, X12 notarial qaydada təsdiq edilmiş qarşılıqlı razılaşmaya əsasən R.A.Arutyunova məxsus olan mübahisəli mənzilə, R.A.Arutyunov isə X11 məxsus olan Ermənistanda yerləşən mənzilə köçmüşlər. X8 adına Mənzil Təsərrüfatı İdarəsində mübahisəli mənzilə dair şəxsi maliyyə hesabı açılmışdır. Tərəflərin anaları X4 xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət edərək mübahisəli mənzilin əri X8 adına özəlləşdirilməsina razılıq vermmişdir. Sonradan isə mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində X8 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Tərəflərin ataları X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür (AZ-İİ seriyalı 368475 nömrəli ölüm haqqında şəhadətnamə). Onun ölümündən sonra Cavabdeh3 tərəfindən Bakı şəhəri 16 saylı Notariat Ofisinə **********425 nömrəli ərizə ilə müraciət etmiş, miras tərkibi mübahisəli mənzildən irs qalmış mirası qəbul etdiyini bildirmişdir. 16 saylı Notariat ofisində açılmış notariat işi qovluğundan aşağıdakılar görünür. Tərəflərin anaları X4, İddiaçı, Cavabdeh2 müraciət edərək xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 irs qalmış mirasdan (yaşayış yeri, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən,əmanətlərdən və s.) Cavabdeh3 xeyrinə imtina etmişdirlər. X8 əmlakına dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmədən tərəflərin anaları X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür (Az-İİ seriyalı 407843 nömrəli ölüm haqqında şəhadətnamə). Anaları öləndən sonra bacılar İddiaçı və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə notariusa müracitə edərək ataları Əzizov Mədətin vəfatı ilə əlaqədar olaraq miras əmlaka dair mirasdan imtina barədə xx.xx.2023-cü il tarixdə yazdıqları mirasdan imtina ərizəsini qəbul etməkdən imtina edilməsini(etibarsız hesab edilməsini) və mirasdan pay almaları üçün ərizəni qəbul edərək onlara vərəsəlik haqqında şəhadətnamələrin verilməsini xahiş etmişdilər. Notarius verilmiş ərizənin təmin olunmasının mümkün olmadığını, vərəsinin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilmədiyini, narazı qaldıqları halda məhkəməyə müraciət etmək hüquqlarının olduğu barədə cavab məktubu yazmışdır. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən 23 №-li evin 11 №-li mənzilin anası X1 miras qalmış ½ hissəsinə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmişdir. Notarius aşağıdakı məzmunda cavab məktubu göndərmişdir. Həmin əmlak xx.xx.1996-cı il tarixində mərhum ataya X8 xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınaraq MH seriyalı 001645 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, vaxtılə sözügedən əmlak mərhum atasına mənzil kirayə müqaviləsi (order) əsasında istifadəsinə verilmişdir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (payı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 16-cı maddəsinə əsasən Bu Qanunun tətbiqi ilə alaqədar meydana çıxan mübahisələrə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada məhkəmədə baxılır.AR Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nazərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsin əsasən Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlarda birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak on mulkiyyətidir. Odur ki, bütün yuxarıda göstərilənləri nəzərə alaraq ərizənizin təmin olunması mümkün omadığını, narazı qaldığı halda məhkəməyə müraciət etmək hüququ vardır. Hazırda iddiaçı hesab edir ki, mübahisəli mənzil onun valideynlərinin birgə nikah dövründə əldə edilmiş, həmin mənzil onların ümumi mülkiyyətidir, həmin mənzilin 1/2 hissəsi analarının mülkiyyətində qalmış, atalarının ölümündən sonra o, özü, bacısı və anası atalırının mülkiyyətində qalan 1/2 hissəsindəki paylarından qardaşının xeyrinə imtina etmişlər, hazırda anasının ölümündən sonra anasının mülkiyyətində qalmış 1/2 hissəsindən onun payına 1/3 hissə qalıb. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı: 2.1.Ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ər-arvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur. 2.2.Ər-arvadın ümumi əmlakının qanuni rejimi, o cümlədən bu rejimə əsasən birgə mülkiyyət hesab edilən əmlak bu əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun ər-arvadın hər birinin əmlakı, ayrıca əmlakın birgə mülkiyyət sayılması üçün əsaslar, ümumi əmlakın bölünməsi və bu zaman payların müəyyən edilməsi Ailə Məcəlləsinin 7-ci fəsli ilə tənzimlənir (31-37-ci maddələr). 3.1.Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. 3.2.Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir 3.3.Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4.Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5.Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6.Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7.Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8.Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9.Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10.Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 3.13.Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakındəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. 3.14.Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 225.1-ci maddəsinə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 1133.1-ci maddəsində Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçirməsi nəzərdə tutulmuşdur. 1159.1.1 maddəsinə əsasəm qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; 1261-ci maddəsinə əsasən Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göründüyü kimi, tərəflərin atalarının ölümündən sonra cavabdeh – Vüsal notariat orqanına miras payını qəbul etməsi ilə bağlı müraciət etmiş, anası və bacıları isə onun xeyrinə imtina etmişlər. Məhkəmə hesab edir ki, mübahisəli mənzil X12 ilə X2 ümumi mülkiyyəti hesab edilə bilməz. Belə ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 3-cü maddədə Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən birinin mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması qeyd olunmuşdur. Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəyə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, məbahisəli mənzil tərəflərin valideynləri tərəfindən qazanılmış, pulla əldə edilmiş əmlak olmamış, həmin mənzil əvəzsiz olaraq atanın mülkiyyətinə keçirilmiş, ana buna razılıq verməklə faktiki öz payından ərinin xeyrinə imtina etmişdir. Bundan başqa, X4 ərinin ölümündən sonra payına düşən miras əmlakdan imtina edərək, mübahisəli mənzilin 1/2 hissəsindəki payından deyil, bütün əmlaka olan payından imtina etmiş və bununla da öz iradə ifadəsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddiaçı edə bilmədiyinə görə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar