Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4365/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh2, Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 01419725 saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 538,4 manat əsas, 80,7 manat cərimə borcu olmaqla, cəmi 619,1 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2, Cavabdeh1 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01419725 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Honor” markalı mobil telefona görə 15 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla, cəmi 749,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh2 müqavilənin şərtlərini pozaraq borcu qaytarmamışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, cavabdeh onlara qarşı qərəzlidir. Tərəflər arasında olan razılaşmaya görə iddiaçı ondan pulu hər ayın 22-si yox, daha sonra almalı idi. Çünki o, pensiyasının hər ayın 30-u alır. Amma buna baxmayaraq, iddiaçı bu razılaşmaya əməl etmədən həmin pulu hər ayın 22-də tələb edib və yalançı borc yaranıb. Cavabdeh1 digər cavabehin izahatını təsdiqləyərək iddia tələbinin rədd olunmasını xahiş etdi. O, bildirdi ki, kreditlə alınan mallar İrşad Telekom tərəfindən onlara gətiriləndə şifahi olaraq bildirdilər ki, pulu hər ayın 30-u ödəyə bilərlər. Telefon vasitəsilə onlara bildirildi ki, narahat olmasınlar , məsələ həll olunacaq. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh2 1 saylı əlavədə göstərilmiş məhsulu, əmlakı nisyə satılaraq verməyi, alıcı əmlakların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz öhdəsinə götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 "xxxx" MMC-dən “Honor” markalı mobil telefon üçün ödənilməmiş əsas borcu 538,4 manat, cərimə borcu 80,7 manat olmaqla, ümumi ödənilməmiş borcu cəmi 619,1 manat təşkil edir. -İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində məhkəmə iddiası qaldırılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının Cavabdeh1 qarşı olan tələbinə dair münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu iddiaçıya ödəməlidir Eyni zamanda zamin Cavabdeh1 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər nisyə alqı-satqı və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə cavabdehin izahatında bildirdiyi dəlilinə dair onu qeyd edir ki, nə qədər ki, tərəflər arasında yazılı müqavilə var, onların münasibətləri həmin müqavilə əsasında tənzimlənir. İddiaçının nümayəndələrinin şifahi olaraq hər hansısa vəd verməsi hazırda iddia ərizəsinin təmin olunmamasına əsas verə bilməz. Çünki Cavabdeh2 müqaviləyə əlavə olunmuş ödəniş qrafikində ödənişlərin hər ayın 22-si tarixində həyata keçirilməsinə dair razılıq bildirərək, aylıq ödənişləri razılaşdırdıqları vaxt həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Buna görə də iddia ərizəsi təmin olunmalı, borc cavabdehlər tərəfindən müştərək qaydada ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 538 (beş yüz otuz səkkiz) manat, 40 (qırx) qəpik əsas, 80 (səksən) manat, 70 (yetmiş) qəpik cərimə borcu, cəmi 619 (altı yüz on doqquz) manat, 10 (on) qəpik məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-4365/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4365/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver