Məhkəmə qərarları › İş №e-2(008)-4394/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4394/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4394/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 778.8 manat ödənilməmiş hissə, 232.2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2417.5 manat ödənilməmiş hissə, 726.5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4136.7 manat ödənilməmiş hissə, 1238.3 manat cərimə olmaqla, cəmi 9530 manat məbləğində pul vəsaitinin və ödənilmiş 115.3 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən İmei kod **********23258 SAMSUNG GALAXY S10+ markalı telefon, İmei kod **********30322 İPHONE 11 PRO MAX markalı telefon, MİNİ SOBA HOFFMANN, 3 ədəd SAMSUNG LED TV almış və nəticədə 9530 (doqquz min beş yüz otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 2527.4 (iki min beş yüz iyirmi yeddi manat qırx qəpik) manat (18 ay x 129.3 manat + 200 manat ilkin ödəniş) olan İmei kod **********23258 SAMSUNG GALAXY S10+ markalı telefon üçün ümumilikdə 1011 (bir min on bir) manat olmaqla, ondan 778.8 (yeddi yüz yetmiş səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 232.2 (iki yüz otuz iki manat iyirmi qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4436.4 (dörd min dörd yüz otuz altı manat qırx qəpik) manat (18 ay x 220.3 manat + 471 manat ilkin ödəniş) olan İmei kod **********30322 İPHONE 11 PRO MAX markalı telefon üçün ümumilikdə 3144 (üç min yüz qırx dörd) manat olmaqla, ondan 2417.5 (iki min dörd yüz on yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 726.5 (yeddi yüz iyirmi altı manat əlli qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5535.2 (beş min beş yüz otuz beş manat iyirmi qəpik) manat (18 ay x 258.9 manat + 875 manat ilkin ödəniş) olan MİNİ SOBA HOFFMANN, 3 ədəd SAMSUNG LED TV üçün ümumilikdə 5375 (beş min üç yüz yetmiş beş) manat olmaqla, ondan 4136.7 (dörd min yüz otuz altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 1238.3 (bir min iki yüz otuz səkkiz manat otuz qəpik) manat dəbbə; cavabdehin cəmi ödədiyi məbləğ 5166 manat təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbinə etirazı yoxdur, borcunu qəbul edir, maddi durumunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20011429 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********23258 **********23256 olan Samsung Galaxy S10+Dual (SM-G975) markalı telefon verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli 20011429 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 17-dən gec olmayaraq 18 ay müddətinə hər ay 129.3 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20322291 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********30322 olan İphone 11 Pro max markalı telefon verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli 20322291 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 13-dən gec olmayaraq 18 ay müddətinə hər ay 220.3 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21262162 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə 3 ədəd Samsung LED TV markalı televizor və 1 ədəd Hoffman markalı mini soba verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli 21262162 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 02-dən gec olmayaraq 18 ay müddətinə hər ay 258.9 manat ödəniş etməlidir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 778.8 manat ödənilməmiş hissə, 232.2 manat cərimə, cəmi 1011 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2417.5 manat ödənilməmiş hissə, 726.5 manat cərimə, cəmi 3144 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 4136.7 manat ödənilməmiş hissə, 1238.3 manat cərimə, cəmi 5375 manat borcu vardır. - "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıqdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh istifadəsinə verilmiş “Hoffmann” markalı soba, “Samsung” markalı 3 ədəd televizor, telefon, “İphone” markalı telefon üçün müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "xxxx" MMC xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağını bildirmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 115.3 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın alınıb-satılması barədə razılığa gəlmişlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrin şərtlərinə görə Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Məhkəmə iddianın cərimə borcunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 232.2 manat cərimə borcunun məbləği azaldılaraq 23.22 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 726.5 manat cərimə borcunun məbləği azaldılaraq 72.65 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 1238.3 manat cərimə borcunun məbləği azaldılaraq 123.83 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 778.8 manat ödənilməmiş hissə, 23.22 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2417.5 manat ödənilməmiş hissə, 72.65 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 4136.7 manat ödənilməmiş hissə, 123.83 manat cərimə olmaqla, ümumilikdə 7552.70 manat borc və 95.52 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 778.8 manat ödənilməmiş hissə, 23.22 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2417.5 manat ödənilməmiş hissə, 72.65 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 4136.7 manat ödənilməmiş hissə, 123.83 manat cərimə olmaqla, ümumilikdə 7552.70 manat borc və 95.52 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar