Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4504/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X5, Qarşılıqlı iddia üzrə iddiaçı Cezik Murat, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cezik Murata qarşı “pulun qaytarılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cezik Muratın İddiaçınə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İlkin iddia üzrə İddiaçı (bundan sonra İddiaçı MMC) Cezik Murata qarşı “pulun qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar arasında bağlanmış alqı-satqı müqaviləsi və razılaşma protokolu üzrə ödənilməmiş qalan 17.000 manat əsas borc, ödənişin gecikdirilməsinə görə iddianın verildiyi günə hesablanmış 3723 manat dəbbə pulu, hüquqi yardıma görə vəkilə ödənilmiş 310 manat və iddianın qaldırılması üçün ödənilmiş 154 manat dövlət rüsumu olmaqla, cəmi 21.187 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cezik Murat İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ahmet Çetin tərəfindən İddiaçı MMC üçün sifariş etdiyi 100 ədəd dəmir qapını təhvil almaqdan imtina etdiyi üçün Murat Cezikə 13.389,26 manat gömrük rüsumu, 4250 manat daşınma haqqı (tır pulu), 8 ədəd qarantiya qismində saxladığı qapıları tam yararsız vəziyyətdə qaytardığı üçün 26.000 manat olmaqla, cəmi 43.639 manat məbləğində vurulmuş ziyanın cavabdeh tərəfindən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi və vəkili X9 ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı tələbini qəbul etməyərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh Murat Cezik arasında xx.xx.2021-ci il tarixdə bağlanmış SMCP-028/21 №-li alqı-satqı müqaviləsinin şərtlərinə görə, “satıcı” (Murat Cezik) “alıcını” ("Mirvari City” MMC) ümumi sayı 100 ədəd olan dəmir qapı ilə təchiz etməyi, “alıcı” isə öz növbəsində əldə etdiyi malların ümumi dəyəri olan 45.000 manat məbləğində pul vəsaitini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixdə “alıcı” (iddiaçı) tərəfindən “satıcıya” (cavabdehə) 15.000 manat, xx.xx.2021-ci il tarixdə isə daha 2000 manat, ümumilikdə 17.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. “Satıcı” (cavabdeh) tərəfindən müqaviləyə əsasən “alıcı”ya (iddiaçıya) təhvil verilmiş 100 ədəd qapı keyfiyyət standartlarına uyğun olmadığına görə tərəflərin ümumi razılığına əsasən “alıcı” tərəfindən “satıcı”ya geri qaytarılmışdır. Daha sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə imzalanmış razılaşma protokoluna əsasən, “satıcı” (cavabdeh) müqaviləyə əsasən “alıcı”ya (iddiaçıya) 17.000 manat məbləğində borcunun olmasını etiraf etmiş və həmin borcu ən gec xx.xx.2022-ci il tarixədək “alıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin razılaşma protokolu ilə üzərinə götürdüyü öhdəlik də cavabdeh tərəfindən bu günə kimi icra olunmamışdır. Tərəflər arasında imzalanmış razılaşma protokolunun 2-ci bəndinə əsasən, protokolun 1-ci bəndində nəzərdə tutulmuş öhdəlik “satıcı” tərəfindən hər hansı səbəbə görə icra olunmazsa, “satıcı” əlavə olaraq, borcun ödənilməsi gecikdirildiyi hər gün üçün ödənilməli olan məbləğin 0,3 faizi miqdarında “alıcı”ya cərimə (penya) ödəməlidir. Həmçinin nümayəndə qarşılıqlı iddianı əsassız hesab edərək bildirmişdir ki, həmin ərizədə göstərilənlər tamamilə əsassızdır, odur ki, nümayəndə göstərilənlərə əsasən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cezik Muratın nümayəndəsi və vəkili X6 qarşılıqlı iddianı müdafiə edib, ilkin iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, “Mirvari City" MMC ilə Murat Cezik arasındakı razılığa əsasən, sonuncuya onun Türkiyə Cümhuriyyətindən İddiaçı MMC-yə 100 ədəd dəmir qapı gətizdirməsi qarşılığında 45.000 manat ödənilməli olmuşdur. İddiaçı MMC-nin sahibi Ahmet Çetin tərəfindən ona nümunə kimi göstərilən qapılar bəyənilərək, 100 ədəd qapı sifariş edilmiş və əvəzində ilkin ödəniş olaraq Murat Cezikə xx.xx.2021-ci il tarixdə 15.000 manat, xx.xx.2021-ci il tarixdə isə daha 2000 manat olmaqla, ümumilikdə 17.000 manat ödənilmişdir. Qarşılığında isə X15 Cezikə məxsus ümumi dəyəri 26.000 olan 8 ədəd qapını qarantiya olaraq özündə saxlamış, Murat Cezik 4250 manat daşınma haqqı (tır pulu) ödəyərək Türkiyədən 100 ədəd dəmir qapı gətizdirmiş və xx.xx.2021-ci il tarixdə 100 ədəd dəmir qapı gömrükdən keçirilərək Ahmet Çetinə təhvil verilmişdir. Mallar gömrükdən keçirilərkən Murat Cezik tərəfindən 13.389,26 manat rüsum ödənilmişdir (buna dair daxil qəbz qarşılıqlı iddia ərizəsinə əlavə edilmişdir). 100 ədəd qapı Ahmet Çetinə təhvil verildikdən sonra o, guya dəmir qapıların keyfiyyətsiz olduğunu bildirərək, bəyənmədiyini söyləyib dəmir qapıları almaqdan imtina etmişdir. Ahmet Çetinə ümumi olaraq 8 ədəd dəmir qapı qarantiya üçün və əlavə 100 ədəd qapı olmaqla, cəmi 108 qapı təhvil verilmişdir. Dəmir qapıları qaytarmaq üçün X15 Ceziki şantaj etmiş və onu razılaşma protokolunu imzalamağa məcbur etmişdir. Razılaşma protokoluna əsasən 100 ədəd qapının qaytarılması müqabilində Murat Cezik 17.000 manat borcunun olduğunu etiraf etmiş və borcun ən gec xx.xx.2022-ci il tarixdə ödənilməsi, borcun ödənilməsinin gecikdirildiyi hər gün üçün ödənilməli məbləğin 0,3 faizi miqdarında cərimə (penya) ödəməsinə dair üzərinə məcburən öhdəlik götürmüşdür. 100 ədəd dəmir qapı Murat Cezikə yararsız, 8 ədəd qarantiya üçün saxlanılmış qapı tam yararsız vəziyyətdə qaytarılmışdır. Murat Çezik dəymiş ziyanı qarşılamaq məqsədilə İddiaçı MMC tərəfindən sifariş edilmiş və Türkiyədən gətizdirilmiş 45.000 manat dəyəri olan 100 ədəd dəmir qapını cəmi 10.000 manata Lənkəran rayon sakini X1, həmin şəxs isə dəmir qapıların pulunu bu günə kimi ödəməmişdir. (Buna dair Q.Xurşudovun borcu etiraf etməsinə dair imzaladığı ərizəsi var). Beləliklə, Ahmet Çetin onun İddiaçı MMC üçün sifariş etdiyi 100 ədəd dəmir qapını təhvil almaqdan imtina etdiyi üçün Murat Cezikə 13.389,26 manat gömrük rüsumu, 4250 manat daşınma haqqı (tır pulu), 8 ədəd qarantiya qismində saxladığı qapıları tam yararsız vəziyyətdə qaytardığı üçün 26.000 manat olmaqla, cəmi 43.639 manat məbləğində ziyan vurulmuşdur. Odur ki, göstərilənlərə əsasən nümayəndə və vəkil qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cezik Murat qarşılıqlı iddianı müdafiə edib, ilkin iddia tələbini qəbul etməyərək, nümayəndəsi və vəkilinin izahatında göstərdikləri xüsusatları təsdiq etmiş, həmçinin bildirmişdir ki, ona qapını sifariş verən özünü İddiaçı MMC-nin rəhbəri kimi təqdim edən Ahmet Çetin olmuşdur. Həmin şəxs qapıları bəyənmiş və ona qapıları gətimək üçün ilkin olaraq ödəniş etmişdir. Qapılar Türkiyədən Azərbaycana gətirilmiş, lakin iddiaçı tərəf qapıları bəyənmədiyini bildirmiş və həmin qapıları anbarda saxlamışdır. Anbarda saxlanılan müddətə qapılar nəm çəkərək yararsız hala düşmüşlər. Hazırda ona dəymiş ziyanı iddiaçı tərəfdən tələb edir. Odur ki, qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının direktoru X7 tələbini müdafiə edib, qarşılıqlı iddiaya etiraz edərək bildirmişdir ki, sözügedən qapılar sifariş verilən müddətdə o, İddiaçı MMC-nin direktoru olmasa da, orada işləmişdir və bu məsələdən kifayət qədər məlumatlıdır. Cavabdehin şəkillərdə göstərdiyi qapıların keyfiyyəti ilə gətirilən qapıların nə keyfiyyəti, nə də çəkisi uyğun olmuşdır. Ona görə də şirkət tərəfindən qapılar qəbul edilməmiş və cavabdehə geri qaytarılmışdır. Bir ədəd belə qapı iddiaçının anbarında saxlanılmamışdır. Satıcı ona ödənilmiş pulu geri qaytarmamış və bununla bağlı razılaşdıırlma protokolu imzalanmışdır. Göründüyü kimi, qarşı tərəfə onlar tərəfdən hər hansı ziyan dəyməmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan: - xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq əlavə(lər)də göstərilən malları uyğunluq və keyfiyyət sənədləri ilə birgə alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. - Həmin alqı-satqı müqaviləsinin xx.xx.2021-ci il tarixli 1 saylı əlavəsi – qiymətlərin razılaşdırılması protokoluna əsasən, Cezik Murat və İddiaçı MMC müqavilə predmeti olan malların qiymətlərini 100 ədəd dəmir qapı üçün (ədədi 450 manat olmaqla) cəmi 45.000 manat olması barədə razılığa gəlmişlər, alıcı hazırkı müqavilə üzrə satıcıya 15.000 manat ilkin ödəniş etməyi öhdəsinə götürmüş, müqavilənin qalıq dəyərinin qapıların alıcıya tam və qüsursuz təhvilindən sonra 14 gün ərzində ödənilməsi razılaşdırılmışdır. - xx.xx.2021-ci il tarixli qəbzdən məlum olur ki, ədədi 450 manatdan 100 ədəd qapı alınması üçün 15.000 manat (8.823,53 ABŞ dolları) məbləğində pul ödənilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdehdən tutulması üçün 17.000 manat əsas borc, 3723 manat dəbbə pulu hesablanmış, 310 manat hüquqi xidmətə görə çəkilmiş xərcin və ödənilmiş 154 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21.187 manat məbləğində pul vəsaitinin tutulmalı olması göstərilmişdir. - xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, ödəniş kodu **********5210 olmaqla X4 tərəfindən 13.389,26 manat məbləğində pul vəsaiti “AFB Bank”-ın 4 saylı şöbəsi vasitəsilə gömrük rüsumu ödənilmişdir. - xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən aydın olur ki, valyuta məzənnəsi 0,1982 manat, netto çəkisi 7545 kq, invoys dəyəri 162.800,00 türk lirəsi olan 110 ədəd qapıları təmsilçi "xxxx" MMC vasitəsilə X4 idxal etmişdir. - xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən gömrük məsrəfləri üçün ödənilmiş 2000 manat məbləğində pul vəsaitini Murat Cezik almışdır. - İddiaçı və Cezik Murat arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma protokoluna əsasən, satıcı müqaviləyə əsasən alıcıya 17.000 manat məbləğində borcunun olduğunu etiraf edir və həmin borcu xx.xx.2022-ci il tarixədək alıcıya ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, Murat Cezikə xx.xx.2022ci il tarixli razılaşma protokolu üzrə öhdəliyinin icra olunması təklif olunmuş, əks təqdirdə sonuncu bununla əalqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılmış hallarından məlum olmuşdur ki, satıcı qismində Cezik Murat və alıcı qismində İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən sonuncuya ədədi 450 manat olan 100 ədəd dəmir qapının satılması barədə razılıq əldə olunmuş, bununla əlaqədar satıcıya ayrı-ayrı vaxtlarda 15.000 manat və 2.000 manat olmaqla, cəmi 17.000 manat məbləğində pul ödənilmişdir. İşdə olan gömrük bəyannaməsi və mədaxil qəbzindən göründüyü kimi, müqavilə predmeti olan dəmir qapılar xx.xx.2021-ci il tarixdə dolayı təmsilçi qismində X4 tərəfindən idxal edilərək İddiaçı MMC-yə təhvil verilmişdir. Lakin cəmiyyət idxal olunan qapıları bəyənməmiş və Cezik Murata qarşı hazırda iddia qaldıraraq, onlara görə ödənilmiş 17.000 manat məbləğində pulun geri qaytarılmasını tələb edir. Cezik Murat isə həmin qapıları məcburiyyət qarşısında qalaraq, 45.000 manat əvəzinə, 10.000 manata digər şəxsə - X2 nisyə satdığını, lakin həmin pulun hələ də ona ödənilmədiyini iddia edir və Cezik Murat da öz növbəsində cəmiyyətə qarşı iddia qaldıraraq qapıların daşınması üçün çəkildiyi iddia olunan 4250 manat xərc, gömrük rüsumu, 8 ədəd qarantiya üçün saxlanca verilmiş dəmir qapının yararsız vəziyyətə salınmasına görə 26.000 manat pul vəsaiti olmaqla, cəmi 43.639 manat məbləğində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsini tələb edir. Lakin məhkəmə aşağıdakılara əsasən, ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların mövqeyi ilə razılaşmayaraq, tələblərini aşağıda göstərilənlərə əsasən haqlı hesab etmir və belə qənaətə gəlir ki, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-568.1-ci maddələrinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1.1-570.1.2-ci maddələrinə, habelə 570.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda, satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mübahisəyə qanunvericiliyin göstərilən prizmasından yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, nə ilkin iddia tərəfi, nə də qarşılıqlı iddia tərəfi ərizələrində və izahatlarında tələblərinin əsası kimi göstərdikləri xüsusatları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşyaların keyfiyyətini tənzimləyən 581ci maddəsində göstərilmişdir ki, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Həmin Məcəllənin 586.2 və 587.2-ci maddələrinə əsasən, əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Həmin Məcəllənin 588-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Qanunvericiliyin tələbindən də göründüyü kimi, alıcıya öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina edib pul məbləğinin geri qaytarılmasını, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda tələb etməyə ixtiyarı vardır. Həmçinin, əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi mülki qanunvericiliklə alıcının üzərinə qoyulmuşdur. Əşyanın qüsurlarına görə satıcının cavabdehliyi isə əşyaya keyfiyyət qarantiyasının verilməsi ilə şərtləndirilmişdir. Mövcud vəziyyətdə ilkin iddia tələbi üzrə sübutetmə yükünün alıcının üzərinə qoyulmasına baxmayaraq, ilkin iddia üzrə İddiaçı MMC sözügedən müqavilə predmeti olan qapıların təhvil alınması, eləcə də onları keyfiyyətsiz hesab etdiyindən qaytarılması barədə müvafiq təhvil-təslim aktlarını (yaxud həmin əşyala dair göstərilən hərəkətlərin icrasını təsdiq edən hər hansı digər sənədi) məhkəməyə təqdim etməmişdir. Eləcə də, ilkin iddia tərəfi qapıların keyfiyyətsizliyinə istinad etsə də, tərəflər arasında əvvəlcədən müqavilə predmetinin keyfiyyət meyarları müəyyən edilməmiş, həmçinin keyfiyyətsizliyin nədən ibarət olduğu, əşyaya keyfiyyət qarantiyasının verildiyini müəyyən etmək mümkün olmamış, habelə göstərilənlərə dair hər hansı təsdiqedici sübutlar (qapıların təhvil verilməzdən əvvəlki və təhvilindən sonrakı vəziyyəti və s.) məhkəməyə təqdim olunmamışdır. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutları qiymətləndirib, İddiaçı MMC-nin Cezik Murata qarşı iddiasının xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncuya ödədiyi 17.000 manat pulun geri qaytarılması hissəsi üzrə belə nəticəyə gəlir ki, “alıcı” ilkin iddia üzrə İddiaçı MMC “satıcı” Cezik Murat tərəfindən həmin əqdin lazımi qaydada icra edilməməsini sübuta yetirmədiyindən, tələb göstərilən hissədə təmin edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, tələb həmin hissədə təmin edilmədiyindən, onunla əlaqəli olan tələbin digər – ödənişin gecikdirilməsinə görə iddianın verildiyi günə hesablanmış 3723 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçı Cezik Muratın İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə nəticə gəlir ki, həmin iddia tələbinin hüquqi və faktiki əsasları olmadığından rədd edilməlidir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əvvəla, iş materiallarından görünür ki, VÖEN-ni ********** olmuş X4, gömrük bəyannaməsində malı qəbul edən kimi göstərilmiş, habelə xx.xx.2021-ci il tarixdə mal üzrə gömrük ödənişini də o ödəmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alıcı Cezik Murat olsa da, gömrük ödənişini ödəyən və malı rəsmən idxal edən X4 olmuşdur, onun göstərilən əməliyyatları icra etməsinə hüquqi xarakter verən sənəd isə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, X4 və Cezik Murat arasında sözügedən müqavilə üzrə münasibətlərin yaranma əsası məhkəməyə məlum olmamış, bununla belə hazırkı iddia tələbi Cezik Murat tərəfindən qaldırılmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin göstərilən – ödənilmiş gömrük rüsumunun qaytarılması hissəsinin Cezik Murat tərəfindən qaldırılmasına subyektiv hüquq olmamışdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar çərçivəsində məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Cezik Murat tərəfindən qarşılıqlı iddia tələbinin 13389,26 manat gömrük rüsumunun qaytarılması hissəsində qaldırılması üçün subyektiv hüququ yoxdur. Ona görə də, qarşılıqlı iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə, qarşılıqlı iddia tələbi üzrə qapıların daşınmasına sərf olunan xərcin əvəzinin, 8 ədəd qapının qarantiya kimi saxlanılıb yararsız vəziyyətinə salınmasına görə ziyan məbləğinin ödənilməsi hissələri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən, iddianın həmin hissələrdə də rədd edilməsi qənaətinə gəlir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı MMC-nin Cezik Murata qarşı “pulun qaytarılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cezik Muratın İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddialarının əsaslılığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla uyğunlaşmadığından və təsdiq edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu və hüquqi xidmət haqqı tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia üzrə İddiaçı Cezik Murata qarşı “pulun qaytarılması” barədə ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cezik Muratın İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-4504/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4504/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver