Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4512/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "Tesla" markalı soyuducu üçün 2011,50 manat ödənilməmiş hissə, 208,04 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "Samsung" markalı televizor və "Qızıl zəmanət ultra 3 il" xidməti üçün 2080,40 manat ödənilməmiş hissə, 208,04 manat cərimə olmaqla, cəmi 4501,09 manat borcun, 65,02 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "Tesla" markalı soyuducu üçün 2011,50 manat ödənilməmiş hissə, 208,04 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "Samsung" markalı televizor və "Qızıl zəmanət ultra 3 il" xidməti üçün 2080,40 manat ödənilməmiş hissə, 208,04 manat cərimə olmaqla, cəmi 4501,09 manat borcun, 65,02 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə məhkəmədə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan "Tesla" markalı soyuducu alaraq 24 ay müddətinə hissə-hissə olmaqla, cəmi 2100 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan "Samsung" markalı televizor və "Qızıl zəmanət ultra 3 il" xidmətini alaraq 18 ay müddətinə hissə-hissə olmaqla, cəmi 2292,94 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli "Maliyyə və ödəniş cədvəli"ndən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə borcu xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2011,5 manat ödənilməmiş hissə, 201,15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2080,4 manat ödənilməmiş hissə, 208,04 manat cərimə olmaqla, cəmi 4501,09 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, cavabdeh xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ona nisyə satılmış malın dəyərini iddiaçıya ödəməlidir. Cavabdehdən tələb olunan dəbbə pulu ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, kreditorun əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Məhkəmə dəbbə pulunun miqdarının əsas borcun 5 faizi miqdarında müəyyən olunmasını tərəflərin bütün əsaslı mənafelərinə uyğun hesab edir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2024cü il tarixli müqavilə üzrə 2011,5 manat ödənilməmiş hissə, 100,58 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2080,4 manat ödənilməmiş hissə, 104,02 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci ildə ********** nömrəli mədaxil qəbzi ilə 65,02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 4501,09 manat məbləğində iddianın 4295,5 manat hissəsi (95,45 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 95,45 faizi, yəni 62,06 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 2,96 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2011,5 manat ödənilməmiş hissə, 100,58 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2080,4 manat ödənilməmiş hissə, 104,02 manat cərimə, 62,06 manat dövlət rüsumu, cəmi 4358,56 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun qalan 2,96 manat hissəsi iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-4512/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4512/2025
20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver