Məhkəmə qərarları › İş №e-2(008)-4556/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4556/2023

17.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4556/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 39 nömrəli Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən 08 aprel 2023-cü il tarixli V-50/2016 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəahadətnamənin ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,70 kv.m olan fərdi yaşayış evinin və mülkiyyətində olan 0,070320 ha torpaq sahəsinin 2/24 hissəsinə vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri 39 nömrəli Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı AR Mülki Prosesual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri 39 nömrəli Notariat Ofisinininin xüsusi notariusu X12 tərəfindən 08 aprel 2023-cü il tarixli V-50/2016 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin mülkiyyət hüquqları qeyda alınmasına dair ********** №-li, xx.xx.2023cü il tarixli çıxarışın ləğv edilməsi və X13 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 87.70 kv.m olan fərdi yaşayış evinin 2/24 hissəsinə iddiaçıların vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələbi onunla əsaslandırmışlar ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Məşədi Adil (Hüsü Hacıyev) küçəsi, 2-ci döngə 11 nömrəli ev miras qoyan babaları X18 məxsus olmuşdur. Onun ölümündən sonra həmin əmlakı onun övladları - ataları X14 və əmiləri tərəfindən faktiki olaraq qəbul etmişlər. Cavabdeh ailə qurduqdan sonra mərhum ataları X14 2006-cı ildə ona üzərində bir otaqlı ev olmaqla altı sot torpaq sahəsi verərək onu ayırmışdır. Sonradan cavabdeh özü də əlavə üç otaq tikməklə 2006-cı ildən 2011-ci ilədək həmin evdə daimi olaraq yaşamışdır. 2011-ci ildə isə cavabdeh özünə məxsus olan və daimi yaşadığı evini satmışdır. Bundan sonra cavabdeh X14, İddiaçı2, X2, X20, X6 və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və ailə üzvlərinin ünvan 3 ünvanındakı yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-554/2012 nömrəli 22 fevral 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Ataları mərhum X14 2013-cü ildə əməliyyat olmuşdur. O vaxtdan da iddiaçıların cavabdehlə əlaqəsi olmayıb. 2015-ci ilin iyun ayında ataları ölmüş. Cavabdeh 2016-cı ildə atalarının ili çıxmamış küçədən arxa qapının qıfılını kəsib içəri girib oğuluq etmişdir. Anaları Sabunçu rayonu 15-ci Polis Bölməsinə xəbər vermiş və gəlib onu aparıb tənbeh edib oğurlanan əşyalar geri qaytarılmışdır. X1 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və mülkiyyətində olan 0.070320 ha torpaq sahəsi tərəflərindən faktiki qəbul edildiyindən qanun üzrə vərəsəlik açılmış və İddiaçı1 11/24 və İddiaçı2 11/24 payla mirası qəbul etmişlər və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. 2/24 hissəsi X16 adına açıq qalmışdır. Həmin hissənin açıq qalmasına səbəb babaları X16 digər nəvəsi əmisioğulları X4 mirası faktiki qəbul etməsi olmuşdur. Lakin həmin hissəni rəsmiləşdirilməmişdir. Buna da səbəb onun şəxsiyyət vəsiqəsini itirməsi olmuşdur. Daha sonra cavabdeh ailəsi ilə birlikdə iddiaçıların razılığı olmadan mübahisəli evə girmişlər. Dəfələrlə cavabdehlərə evdən çıxmağı tələb edəndə mübahisələr düşmüş və evdən çıxmamışlar. Bu səbəbdən də cavabdehə qarşı mənzildən çıxarılmaları barədə iddia tələbi irəli sürülmüşdür. Məhkəmə gedişi zamanı cavabdehin nümayəndəsi məhkəməyə sənəd təqdim edərək bildirmişdir ki, cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 39 nömrəli Notariat Ofısininə müraciət etmişdir və vərəsəlik işi açılmışdır. Bununla bağlı iddiaçılar Bakı şəhəri 39 nömrəli Notariat Ofısinininin xüsusi notariusu Rövşən Qasımlıya ərizə ilə müraciət edərək cavabdehin babaları X16 vərəsəsi olmasına dair vərəsəlik işi açılmasından imtina edilməsi və X1 miras qalan əmlakın açıq qalan 2/24 hissəsinə onları vərəsə kimi tanıyaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş olunmuşdur. Lakin bu günə kimi iddiaçıların müraciətinə cavab verilməyərək cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə gedişi zamanı məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/24 hissəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən cavabdehin mülkiyyət hüquqları qeydə alınmaqla ********** №-li, xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Cavabdehə qarşı 2022-ci ilin dekabr aymda iddia qaldırılan vaxt və ondan qabaq mübahisəli mənzilə dair cavabdehin hüquqları olmamışdır. Məhkəmə gedişi zamanı qanunsuz olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə alması onun hüququ olmasına dəlalət etmir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-554/2012 nömrəli 22 fevral 2012-ci il tarixli qətnaməsi isə ona dəlalət edir ki, cavabdehin 2012-ci il tarixdə belə mübahisəli miras əmlakda yaşamamış və onun həmin əmlaka hüququ olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh mirası nə faktiki, nədə ki, qanunla müəyyən olunmuş müddətdə qanun üzrə vərəsə hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmədiyindən qanun üzrə vərəsə kimi mirası qəbul etməmişdir. Cavabdeh susmuş vərəsədir. Digər tərəfdən isə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman digər vərəsələ məlumat verilməmiş və qanunla müəyyən olunmuş buraxılmış müddət bərpa olunmamışdır. Göründüyü kimi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət illər öncə keçmiş və bu müddətin üzrlü sayılması barədə məhkəmə qətnaməsi mövcud olmadığı təqdirdə cavabdehə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” hansı əsaslarla verilməsi bəlli deyil. Odur ki, Bakı şəhəri 39 nömrəli Notariat Ofisinininin xüsusi notariusu X12 tərəfindən 08 aprel 2023-cü il tarixli V-50/2016 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin mülkiyyət hüquqlarının qeyda alınmasına dair ********** №-li, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi və X13 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 87.70 kv.m olan fərdi yaşayış evinin 2/24 hissəsinə iddiaçıların vərəsəlik və mülkiyyət hüquqların tanınması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Əvvəlki məhkəmə iclaslarında (hazırlıq iclaslarında) iştirak edən iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmumuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh Şahiddin oğlu məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır və ona görə də təmin edilməməlidir. Əvvəla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, döngə 2 , 1 1 nömrəli ev atasına deyil, babası X18 məxsus olmuşdur. O, həmin evdə doğulmuş, boya başa çatmışdır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı və birgə nikahdan doğulmuş övladları da həmin evdə bugünə kimi yaşayırlar. X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 fevral 2023-cü il tarixli arayışında göstərilir ki, o ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və 2 uşağı) həmin evdə yaşayırlar. Bundan başqa, hal-hazırda həmin evdə onun bacısı xx.xx.1975-ci il təvəllüdlü X6 da yaşayır. İddiaçıların ona qarşı “mənzildən çıxarılma” tələblərinə dair iş üzrə məhkəmə icraatında olmuş e-2(008)-1502/2023 nömrəli mülki işdə sorğu əsasında Bakı şəhəri 39 nömrəli Notariat Ofisi tərəfindən vərəsəlik işi təqdim edilmişdir. Həmin vərəsəlik işi ilə də müəyyən olunur ki, mərhum babaları X16 vərəsəsi kimi: X9 (mərhumun oğlu), X10 (mərhumun oğlu), X7 övladları (mərhumun nəvələri) – İddiaçı2, X6, İddiaçı1 və Cavabdeh tanınmışlar. Bakı şəhəri 39 nömrəli Notariat Kontorunun 2V-72, 2V-73 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə və 3M-67 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Miras payının bağışlanması” müqavilələrinə əsasən xx.xx.2021-ci il tarixdə 11/24 hissə İddiaçı1 və 11/24 hissə İddiaçı2 adlarına qeydiyyata alınmışdır. Bacıları və qardaşları mirasın qəbuluna dair yazdıqları xx.xx.2021-ci il tarixli ərizələrdə onun da yəni Cavabdeh Şahiddin oğlunun da vərəsə olduğunu qeyd etmişlər, həmin mənzilin 2/24 hissəsi mərhum babaları X16 adında açıq qalmışdır. Çünki həmin vaxt o, orada iştirak etməmişdir. Daha sonra ona düşən payın qəbul edilməsi üçün notariusa müraciət etmiş, xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2023-cü il tarixdə isə çıxarış əldə etmişdir. Əgər iddiaçılar onun vərəsə olmadığını qeyd edirlərsə, bəs niyə görə mirasın qəbul edilməsi zamanı onun vərəsə olmağı ilə razılaşırdılar. X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 aprel 2023-cü il tarixli arayışında da göstərilir ki, Cavabdeh anadan olduğu gündən hal-hazıra kimi Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi M.Adil küçəsi döngə 2, 11 nömrəli evdə qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Yerli İcra Hakimiyyəti haqqında Əsasnamənin 5.1.9 bəndinə əsasən, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə səlahiyyətlərinə daxildir. Sözügedən xüsusatlar Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1502/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində öz əksini tapıb. Bundan başqa, Sabunçu Rayon Polis İdarəsi tərəfindən sorğu əsasında təqdim edilmiş “fərdi uçot kartoçkasına” əsasən də müəyyən olunur ki, o sözügedən mənzildə qeydiyyatdadır. Göründüyü kimi, o mübahisəli mənzildə doğulduğu vaxtdan davamlı olaraq yaşadığından mirası faktiki qəbul etmişdir. Belə olduğu təqdirdə, müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsinə ehtiyac yoxdur. Bundan başqa, iddiaçılar iddia ərizəsində qeyd edirlər ki, babalarından açıq qalmış 2/24 hissə, əmisioğlu X8 aid olmasını, lakin həmin hissəni rəsmiləşdirmədiyini qeyd etmişlər. Lakin həmin şəxsin adı vərəsəlik işi ilə bağlı notariat işində keçmir, iddiaçıların notariusa təqdim etdikləri ərizədə də həmin şəxsin adı qeyd edilmir.Əgər iddiaçılar həmin payın X8 aid olmasını qeyd edirlərsə, o zaman onların məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Daha bir ziddiyyətli məqam ondan ibarətdir ki, iddiaçılar payın X8 aid olmasını göstərirlər, lakin iddia ərizəsinin “xahiş” hissəsində isə mənzilə 2/24 hissəyə onların mülkiyyət və vərəsəlik hüquqularının tanınmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsində onun 2012-ci ildə sözügedən evə köçürülməyi ilə bağlı iddiasının məhkəmə qətnaməsi ilə rədd edilməsi və həmin qətnamənin qanuni qüvvəyə minməsini göstərmişlər. Bununla bağlı qeyd edilməlidir ki, belə bir qətnamə mövcud olsa da, onun ailə üzvləri, atası ilə münasibəti yaxşı olmuşdur. Əgər əksi olsa idi, atası onu mirasdan məcburi pay hüququndan məhrum edərdi və ya vərəsələr tərəfindən ləyaqətsiz vərəsə hesab edilərdi. Bu halların heç biri mövcud deyil. İddiaçıların iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər Bakı şəhəri 39 nömrəli Notariat Ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 554/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər X14, İddiaçı2, X2, X20, X6 və İddiaçı1 qarı “özünün və ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi döngə 2, 11 nömrəli evin yaşayış sahəsinə köçürülmələri barədə” iddiası rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 11/24 hissəsi İddiaçı1 , 11/24 hissəsi İddiaçı2, 2/24 hissəsi isə X16 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə vəfat etmiş X16 vərəsəsi oğlu-X14 idi, lakin onun xx.xx.2015-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun ünvan 4 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh adına keçmiş və o miras əmlakdan tam şəkildə pay almalı olduğu qeyd edilmişdir. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 87.70 kv/m olan fərdi yaşayış evi və mülkiyyətdə olan 0.07032 ha torpaq sahəsinin mərhuma məxsus 2/24 hissəsindən ibarətdir. İş materiallarında olan ərizənin surətindən görünür ki, iddaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə 39 nömrəli Notariat Ofisinin xüsusi notariusu Rövşən Qasımlıya müraciət edərək Cavabdeh babaları X16 vərəsəsi olmasına dair vərəsəlik işi açılmasından imtina edilməsini və X1 miras qalan əmlakın açıq qalan 2/24 hissəsinə onlar vərəsə kimi tanıyaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 6 ünvanında İddiaçı2 Şahiddin oğlu, Cavabdeh və başqaları rəsmi qeydiyyatdadırlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/24 hissəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və mülkiyyətindədir. İş materiallarında olan e-2(008)-1502/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələblərinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və fərdi uçot kartoçkasından görünür ki, Cavabdeh ünvan 7 ünvanda qeydiyyatdadır. İş materiallarında olan X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 fevral 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ailə üzvlərilə birlikdə (həyat yoldaşı və 2 uşağı) həmin evdə yaşayırlar. Bundan başqa, hal-hazırda həmin evdə xx.xx.1975-ci il təvəllüdlü X6 da yaşayır. İş materiallarında olan X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 aprel 2023-cü il tarixli arayışından da görünür ki, Cavabdeh anadan olduğu gündən halhazıra kimi ünvan 7 evdə qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan Bakı şəhəri 39 nömrəli Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 189 nömrəli məktubu ilə göndərilmiş vərəsəlik işinin surətindən görünür ki, X3 vərəsəsi kimi: X9, X10, X7 övladları – İddiaçı2, X6, İddiaçı1 və Cavabdeh tanınmışlar. Bakı şəhəri 39 nömrəli Notariat Kontorunun 2V-72, 2V-73 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə və 3M-67 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Miras payının bağışlanması” müqavilələrinə əsasən xx.xx.2021-ci il tarixdə 11/24 hissə İddiaçı1 və 11/24 hissə İddiaçı2 adlarına qeydiyyata alınmışdır.Vərəsələrin notariusa ünvanladıqları xx.xx.2021-ci il tarixli ərizələrdə Cavabdeh da vərəsə kimi tanımışlar. AR Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, miras əmlakı olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.07032 ha torpaq sahəsinin torpaq sahəsinin mülkiyyətçisi olan X24 xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisə həll edilərkən ilk növbədə mirasın açıldığı vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, hazırki mübahisəyə xx.xx.2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552 və s. maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. xx.xx.2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 561-ci maddəsinə əsasən, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 533-cü maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 554-cü maddəsinə əsasən isə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir... Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-cü maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, miras əmlakı olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.07032 ha torpaq sahəsinin mülkiyyətçisi olan X24 xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Onun vərəsələri X9, X10, X14 olmuşdur. X14 xx.xx.2015-ci ildə vəfat etmişdir. X3 vərəsəsi – oğlu X14 vəfat etdiyindən vərəsəlik açılan zaman vərəsə kimi onun övladları İddiaçı2, X6, İddiaçı1 və Cavabdeh tanınmışlar. Mirasın bağışlanması haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, vərəsələr - X9, X10 və X6 onların payına düşən miras əmlakı X5 və İddiaçı2 bağışlamışlar. Ona görə də onların hər birinin payı 11/24 hissə payları olmuşdur. X16 adına açıq olan 2/24 hissə isə X7 övladı Cavabdeh aid olmuş, daha sonra onun müraciəti əsasında adına rəsmiləşdirilmişdir. İddiaçılar miras payın 2/24 hissəsinin əslində əmisioğulları X8 aid olmasını, şəxsiyyət vəsiqəsini itirdiyinə görə miras payı öz adına rəsmiləşdirə bilmədiyini qeyd etmişlər. Lakin həmin payın məhz X8 məxsus olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Həmçinin nəzərə alsaq ki, mübahisəli miras pay üzərində X4 hüququ var iddiaçıların miras əmlaka özlərinin mülkiyyət hüquqlarının tanınmasını xahiş etmələri ziddiyət yaradır. İddiaçılardan İddiaçı2, İddiaçı1 və X6 xx.xx.2021-ci il tarixdə notariusda yazdıqları ərizədə Cavabdeh da vrərəsə kimi tanımış və bununla bağlı öz iradə ifadələrini bəyan etmişlər. Belə ki, həm V-80 nömrəli xx.xx.2016-cı il tarixdə açılmış vərəsəlik işi üzrə həm də, V-53 nömrəli xx.xx.2021-ci il tarixdə açılmış vərəsəlik işi üzrə hazırda iddiaçı kimi məhkəməyə müraciət edən şəxslər öz ərizələrində qardaşları Cavabdeh vərəsə olduğunu qeyd etmişlər. İddiaçılar öz paylarına uyğun çıxarış əldə etdikdən sonra açıq qalan miras payla bağlı hər hansı bir iddia qaldırmamışlar. Üstəlik, məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə izahatında Cavabdeh da vərəsə olduğunu qey etmişdir. İddia tələbində istinad olunan hallardan biri də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-554/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsidir. Həmin qətnaməyə əsasən iddiaçı Cavabdehlər X14, İddiaçı2, X2, X20, X6 və İddiaçı1 qarşı “özünün və ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi döngə 2, 11 nömrəli evin yaşayış sahəsinə köçürülmələri barədə” iddiasının rədd edilməsi qət edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, belə bir qətnamənin mövcudluğu Cavabdeh miras pay hüququndan məhrum etmir. Çünki, Cavabdeh mirasdan məcburi pay hüququndan məhrum edilməsi və ya vərəsələr tərəfindən ləyaqətsiz vərəsə hesab edilməsi barədə hər hansı bir qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil. Bundan başqa, məhkəmə qeyd edir ki, miras əmlakın 2/24 hissəsinə dair iddiaçıların məhkəmədə iddia qaldırmağa subyektiv hüquqları da mövcud deyil. Çünki, iddiaçılar qanunla müəyyən edilmiş qaydada öz paylarına düşən hissəni qəbul edib sənədləşdirmişlər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. (Elsholz Almaniyaya qarşı iş üzrə , Blucher Çex Respublikasına qarşı iş üzrə, Van de Hurk Hollandiya qarşı iş üzrə qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar