Məhkəmə qərarları › İş №e-2(008)-472/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-472/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-472/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının qanuni təmsilçisi X3, vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq 7980 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 10.02.2020-ci il tarixdə xidmət müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehin həkim işləməsi üçün karyera reallaşdırılması, yəni Alman klinikasında şöbənin seçilməsi, iş yerinin seçilməsi və iş dəvətinin alınması kimi xidmətlərin göstərilməsini, cavabdeh isə bunun əvəzində müqavilə bağlanan zaman ilkin məbləğ-avans və ümumilikdə, 9500 (günün məzənnəsinə uyğun olaraq 5000 avro) məbləği iş yerindən alacağı ikinci əmək haqqından başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabeh ona göstəriləcək xidmət müqabilində ödəniləcək məbləğin ümumilikdə 1520 manatını ödəmiş, bundan sonra müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Baxamayaraq ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş, cavabdehin təqsirinə görə müqavilədə nəzərdə tutulan son nəticə əldə edilməmişdir. Belə ki, müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi olaraq iddiaçı FSP-Fhsprachprüfung müraciətinin edilməsi, bu imtahanın zamanının təyin edilməsi üçün dəstək göstərilməsi və işə götürülməsi razılığının yazılı formada alınması ilə bağlı Almaniyada-Klinikada iş görüşmələrinin təyini ilə bağlı öhdəlikləri yerinə yetirməyə çalışmış, cavabdeh FSP- Fhsprachprüfung iştirak etməmiş, bu səbəbdən də iddiaçı öz öhdəlikləirini yerinə yetirə bilməmişdir, çünki cavabdeh ilk növbədə imtahanda iştirak etməli idi. Müqavilənin 2.3.7-ci bəndinə əsasən əlaqə məlumatları dəyişdirildiyi təqdirdə, 3 təqvim günü ərzində ünvanların, e-mail və əlaqə nömrələrinin dəyişməsi barədə cavabdeh məlumat verməli olduğu halda, bir il ərzində zənglərə, məktublara cavab verməmişdir. Müqavilənin 2.3.10cu bəndinə görə icraçı tələb etdiyi sifarişçi Almaniyaya getmək, iş yerinin məsul şəxsləri ilə işgüzar görüşlərə iştirak etmək, zərurət yarandıqda orada sınaq, təcrübə müddətində qalmaq və bütün bunları şəxsi hesabından maliyyələşdirmək, tələb olunan halda imtahanlardan – FSP, Approbation, dil imtiahanlarından (Göethe və ya TELC alman dili imtiahanlarından) uğurla keçməli və tibbi müayinə olmalıdır. Müqavilənin bu şərtləri də cavabdeh tərəfindən icra edilməmişdir. Nəhayət, müqavilənin 3.2-ci bəndində qeyd olunmuşdur ki, sifarişçi nəzərdə tutulan xidmətlərin göstərilməsi məqsədilə tələb olunan sənədləri vaxtı-vaxtındavə lazımi qaydada icraçıya təhvil vermədikdə, tələb edilən müddətdə və vaxtda lazımi ünvanda olmadıqda, icraçı tərəfindən göstərilən xidmət müqabilində əvvəlcədən razılaşdırılmış pul vəsaitini müqavilədə nəzərdə tutulmuş vaxtda icraçıya ödəmədikdə, diplomatik nümayəndəlik və konsulluqlarından VİZA verilməsindən imtina edildikdə, sifarişçi müqavilə imzalandıqdan sonra hər hansı səbəbdən xidmətdən imtina etdikdə və könüllü olaraq karyerasını davam etdirmədikdə, müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş hesab edilir və sifarişçi bu müqavilədə icraçıya qarşı tələb irəli sürmək hüququnu tam olaraq itirir. Odur ki, ödənilməmiş 7980 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə yazılı izahat vermişdir. Həmin izahata əsasən iddiaçı 14.02.2020-ci il tarixdə cavabdehə e-mail ünvanı vasitəsilə müəyyən sənədləri toplamağı bildirmiş, Rəna 16.02.2020-ci il tarixdə sənədləri tam olaraq iddiaçının e-mail ünvanına göndərmiş, həmin müddət ərzində Rəna dəfələrlə və təkidlə Almaniyanın Meklenburg əyalətində işləmək istədiyini bildirmiş, 16.12.2020-ci il tarixdə iddiaçı tərəfindən həmin əyaləti istəyən şəxslər üçün qrup təşkil olunmuş və onlara mail göndərilərək «FSP» imtahanında iştirak etmək istədikləri aylar barədə tez bir zamanda məlumat vermək tələb edilmiş, bu əsasən Meklenburgda imtahan vermək istəyən koleqqala aid edilmişdir. Lakin, iddiaçı tərəfindən 29.01.2021-ci il tarixdə Almaniyanın Bayern vilayətində yerləşən klinikalarda işlə təmin olunması üçün imtahana giriş vərəqəsi alınmışdır. Rəna iddiaçıya yenidən Meklenburg əyalətində işləmək istədiyini bildirmiş, cavabdeh isə hal-hazırda yalnız Bayern vilayətinin mümkün olduğunu bildirmişdir. Əsas məsələ də beynəlxalq sertifakatla əlaqəli olmuşdur. Almaniyada həkim işləmək üçün imtahana girəndə mütləq beynəlxalq dil sertifakatı tələb olunur. Müqavilə bağlandıqdan sonra Rəna iddiaçıya beynəlxalq dil sertifakatının olmadığını, bunun üçün imtahan verməli olduğunu bildirmişdir. Lakin, iddiaçı həmin sertifikat olmadan Rəna üçün FSP termini təyin etmişdir, ki bu mümkün deyil. bu hadisədən sonra Rəna şirkətə tamamilə inamını itirmişdir. O, bu şirkətə görə karyerasını təhlükəyə atıb beynəlxalq dil sertifikatı olmadan imtahana getməyi düzgün hesab etməmiş, özü beynəlxalq dil sertifikatı almaq üçün imtahan vermiş və sertifikatı almış, daha sonra imtahan verərək Almaniyanın klinikasında işə qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X6, vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Əvvəllər keçirilmiş məhkəmə iclaslarında Cavabdeh yuazılı izahata uyğun izahat vermişdir. O, nəinki iddiaçı şirkətə əlavə pul ödəmək niyyətində deyil, hətta hesab edir ki, ödədiyi avans ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. "xxxx" MMC (sonradan – MMC) ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Azərbaycan Tibb Universitetinin B2 səviyyəsi, ginekologiya bölməsinin məzunudur. İddiaçı MMC ilə Cavabdeh arasındakı münasibətlər MMC tərəfindən Cavabdeh Almaniyada həkimlik fəaliyyəti üzrə karyerasının reallaşması zamanı yaranan münasibətlərdən ibarət olmuş və üç mərhələdə həyata keçirilmişdir: müqaviləyə qədər, müqavilə bağlanarkən, müqavilə bağlandıqdan sonra. Cavabdeh ilk olaraq 21.01.2020-ci il tarixdə MMC-yə müraciət edərək may və ya iyun ayı üçün Köln, Münhen, Frankfurt, Drezden, Düseldorf şəhərlərinin birində praktika keçmək istədiyini bildirmiş və qiymətlər barədə məlumat almaq istəmiş, MMC lazımi məlumatları, eyni zamanda göstəriləcək xidmətin məbləği və ödənişin qaydaları barədə Rənaya vermişdir. Cavabdeh verilən məlumatlara razı olduğundan tərəflər arasında 10.02.2020-ci il tarixdə xidmət müqaviləsi bağalnmışdır. Həmin müqaviləyə əsasən MMC 2020-ci ilin iyul ayından 2021-ci ilin iyul ayına kimi Rənanın işə götürülməsinin razılığının əldə edilməsini təşkil etmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 9500 manat (günün məzənnəsinə uyğun olaraq 5000 avro) müəyyən edilmişdir. MMC öhdəliyini icra etmək üçün Cavabdeh qarşısında aşağıdakı tələbləri qoymuşdur (məhkəmə hazırki mübahisəyə aid olan tələbləri qeyd edir): bütün lazımi sənədləri 7 təqvim günü müddətində təqdim etmək; əlaqə məlumatlarını dəyişdirdiyi təqdirdə 3 təqvim günü ərizində ünvanları, e-mail və telefon nömrələrinin dəyişməsi haqqında məlumat vermək; tələb olunan halda dil imtahanlarından (Göethe və ya TELC alman dili imtahanı) uğurla keçmək. Razılışdırlmış 9500 manat ödənişin həyata keçirilməsi aşağıdakı qaydada nəzərdə tutulmuşdur: razılaşdırılmış avansı (2375 manat məbləği nəzərdə tutulur) ilkin olaraq müqavilə imzalandığı an birdəfəyə ödəmək; qalan məbləğ (7125 manat nəzərdə tutulur) Cavabdeh Almaniyadakı iş yerindən alacağı ikinci əmək haqqından başlayaraq ödəmək. Adıçəkilən müqavilənin "xxxx" adlanan 3-cü bölməsində aşağıdakı hallarda MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş hesab edilir və Cavabdeh tərəfindən MMC-yə qarşı tələb irəli sürmək huququ tam olaraq itirilir (məhkəmə hazırki mübahisəyə aid olan halları qeyd edir): Cavabdeh tələb olunan sənədləri vaxtında və lazımi qaydada MMC-yə təhvil vermədikdə; tələb edilən müddətdə və vaxtda lazımi ünvanda olmadıqda; əvvəlcədən razılaşdırılmış avansı ödəmədikdə; hər hansı səbəbdən xidmətdən imtina etdikdə və könüllü olaraq karyerasının davam etdirmədikdə. Müqavilə bağlandıqdan sonra cavabdeh iddiaçının razılığı ilə iki dəfəyə 1520 manat məbləğində avans ödəmiş, avansın ödənilməmiş 855 manat (2375-1520) məbləği qalmışdır. Müqavilə imzalandıqdan sonra iddiaçı MMC tərəfindən 10.04.2020-ci il tarixdən başlayaraq avqust ayına qədər cavabdeh üçün konsulluqda görüş təyin edilmiş, lakin bu müddət ərzində cavabdeh iddiaçının müraciətlərinə cavab verməmiş ya da gecikməylə cavab vermişdir. 08.10.2020-ci il tarixli müraciətə cavabdeh tərəfindən 19 dekabradək cavab verilməmişdir. Nəticə etibarı ilə iddiaçı MMC tərəfindən cavabdeh üçün beynəlxalq dil sertifakatı olmadan Almaniyanın Bavariya bölgəsindən termin alınmışdır. Cavabdeh bunu iki səbəbdən qəbul etməmişdir: onun istədiyi Meklenburg əyaləti olmadığı üçün; beynəlxalq dil sertifakatı olmadan termin alındığı üçün. Bundan sonra cavabdeh iddiaçıdan ödədiyi avansı geri tələb etməyə başlamışdır. Cavabdeh MMC-dən polis orqanlarına şikayət etmişdir. Nəsimi RPİ-nin 20-ci P-nin təhqiqatçısı Orxan Abaslı tərəfindən 19.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19.09.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, X4 bölgəsində yerləşən xəstəxanada təcrübə keçmək istədiyini bildirmiş, lakin ona Bavariya bölgəsində yerləşən xəstəxanada iş tapılmışdır. Həmin qərardan görünür ki, iddiaçı şirkətin qanuni təmsilçisi X6 izahatında Rənaya onun ödədiyi 1520 manatdan artıq xidmətin göstərildiyini vurğulamışdır. Hazırda iddiaçı MMC hesab edir ki, üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etdiyinə görə və cavabdehin hərəkətləri nəticəsində başa çatdırmadığına görə müqavilə üzrə ödənilməmiş 7980 manat (9500-1520) ödənilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir; 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı öz öhdəliklərinin icrasını vicdanla icra etmişdir. Belə ki, cavabdehin iddia etdiyi Bavariya deyil, Meklenburg əyalətinə dair razılaşmanın olmasının heç bir əsası yoxdur, tərəflər arasında hər-hansı bir konkret əyalət barədə danışıq olmamışdır. Bu hal cavabdehin polisdə verdiyi izahatı ilə təsdiq olunur, belə ki, cavabdeh oradara arzusunun artıq Zsaxsen Anxalt bölgəsində işlə təmin olunduğunu qeyd edir. Beynəlxalq dil sertifikatına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilə şərtlərinə görə həmin sertifikatın məcburiliyi nəzərdə tutulmamış, sertifikat yalnız MMC-nin tələb etdiyi halda təqdim edilməli idi, MMC isə həmin sertifikat olmadan bütün məsələləri həll edə bilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı MMC müqavilə şərtlərini pozmamışdır. Lakin, məhkəmə hesab edir ki, iddiaçı şirkət nəzərdə tutulan bütün ödənişi deyil, avansın qalıq məbləğini tələb edə bilər. Belə ki, iddiaçı hesab edir ki, müqavilə şərtlərinə görə MMC tərəfindən bütün öhdəliklər icra edilmiş hesab edildiyindən bütün məbləğ ödənilməlidir. Məhkəmə buna dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən müqavilənin təfsiri zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd edildiyi kimi, müqavilədə MMC tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilmiş hesab edilməyinin bir hüquqi nəticəsi nəzərdə tutulmuşdur - Cavabdeh tərəfindən MMC-yə qarşı tələb irəli sürmək huququ tam olaraq itirilməsi, bu da məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş avansı geri tələb etmək və ya hər-hansı zərər tələbi irəli sürmək nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırda iddiaçı yalnız avansın ödənilməmiş hissəsini tələb edə bilər, yəni 855 manatı. İddiaçı şirkətin qanuni təmsilçisi X6 polisdə verdiyi izahatında Rənaya onun ödədiyi 1520 manatdan artıq xidmətin göstərildiyini vurğulamış, yəni İbadov Elmir avans məbləğinə münasibət bildirmiş, Cavabdeh ondan avansı geri tələb etmək hüququnun olmadığını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, bu izahatı ilə də iddiaçı şirkət 404.2-ci maddədə nəzərdə tutulduğu kimi müqavilədən sonrakı münasibətlərində öz iradəsini ifadə etmişdir. Bundan başqa, qeyd edildiyi kimi, müqavilədə avansdan əlavə olan məbləğin ödəniş qaydası müəyyən edilmişdir - Cavabdeh Almaniyadakı iş yerindən alacağı ikinci əmək haqqından başlayaraq ödənilməsi. Odur ki, məhkəmə hesab edir ki, əgər tərəflər müqavilədə MMC tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilmiş hesab edilməyinin hüquqi nəticəsinin eyni zamanda qalıq məbləğin ödənilməsini nəzərdə tutmuş olsaydılar, həmin ödənişin qaydasını da müəyyən etməliydilər. Məhkəmə hesab edir ki, iddiaçının bütün qalıq məbləği tələb etmək üçün müqavilədə bu şərt açıq və konkret şəkildə göstərilməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə hesab edir ki, iddiaçının bütün qalıq məbləği tələb etmək və həmin məbləğin ödəniş qaydası müqavilənin mühüm şərləri hesab edilir və bu şərtlər barədə razılaşma olmadığı halda həmin qalıq məbləğ tələb edilə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı MMC müqavilə münasibətlərinə daha əvvəlldən xitam verə bilərdi, çünki cavabdeh artıq müqavilə bağanandan iki ay sonra müqavilə münasibətlərini davam etdirmək niyyətində olmadığını nümayiş etməyə başlamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan avansın qalıq məbləği, yəni 855 manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 855 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar