Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-475/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 399 (üç yüz doxsan doqquz) manat 95 (doxsan beş) qəpik əsas borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti (indiki adı İddiaçı MMC) arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli 699 nömrəli inşaat materiallarının alqı-satqısı müqaviləsinə əsasən malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 9.1-ci bəndinə əsasən bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Lakin alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. xx.xx.2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən Cavabdeh İddiaçı MMC-nə 430 (dörd yüz otuz) manat 95 (doxsan beş) qəpik borcunun olduğunu təsdiq etmişdir. Daha sonra müştəri müəssisəyə müəyyən ödənişlər etdikdən sonra 399 (üç yüz doxsan doqquz) manat 95 (doxsan beş) qəpik icra olunmamış borc öhdəliyi qalmışdır. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələnin məhkəmədən kənar həllinə nail olmaq məqsədilə dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Beləliklə, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-nə 399 (üç yüz doxsan doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. İddiaçı tərəfindən üzərinə götürdüyü bütün öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz öhdəliklərini bu günə kimi yerinə yetirməmiş, hər dəfə borcu ödəməkdən yayınmağa çalışmışdır. Bu da iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Cavabdeh müəssisənin tikinti materiallarından yararlanaraq gəlir əldə etməsi, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla müəssisənin pul vəsaitindən faydalanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirmişdir ki, onun heç kimə borcu yoxdur, 2020-ci ilin sentyabr ayında xəstələnmiş, 11 il mağaza işlətmiş, xəstələndikdən sonra mağazanı, VÖEN-ini bağlamışdır. Həmin şirkətlə də görüşərək razılaşdılar. O adam da 2020-ci ilin oktyabr ayından 2021-ci ilin fevral-mart ayınadək işlədi, sonra çıxdı getdi. Bu maqazin 2021-ci ilin sentyabr-oktyabr ayında söküldü, onu təmir elətdirdi, 2022-ci ilin yanvar ayında oranı icarəyə verdi. May ayında isə klient düşdü, o da 9 ay işlədi, 2023-cü ilin may ayından həmin mağaza işləmir və boşdur. Sənəddəki imza və 430 neçə manat olan yazı onundur, lakin 2022-ci il tarix düz deyildir. Həmin vaxt mağaza icarədə idi. 2022-ci ildə o mağazadan çıxmışdı, bu neçə müddətdə ondan heç bir borc məbləği tələb olunmamışdır. Ola bilər ki, o qol çəkib lakin tarixə fikir verməmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı MMCnin əsas fəaliyyət istiqaməti sement istehsalıdır, VÖEN statusu aktivdir. - “X6” MMC (indiki İddiaçı MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 699 saylı müqavilədən görünür ki, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı Əlavə) spesifikasiyada adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır, hüquqi ünvanı AZ 0100, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev ev 13, qanuni təmsilçi X2r. - İddiaçı MMC-nin nizamnaməsindən görünür ki, bu Nizamnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə 0204-A4-823 nömrəli şəhadətnamə ilə "xxxx" MMC kimi dövlət qeydiyyatına alınmış, təsisçinin xx.xx.2015-ci il tarixli qərarına əsasən “X7” MMC adlandırılmış, təsisçilərin xx.xx.2018-ci il tarixli qərarına əsasən İddiaçı MMC adlandırılmış Cəmiyyətin (VÖEN **********) Nizamnaməsinin 7-ci redaksiyasıdır. - xx.xx.2022-ci il tarixli üzləşdirmə aktının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 430.95 manat borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər inşaat materiallarının alınıb-satılması barədə razılığa gəlmişlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, xx.xx.2017-ci il tarixli 699 saylı müqavilənin şərtlərinə görə Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 399.95 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 399.95 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-475/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-475/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver