Məhkəmə qərarları › İş №e-2(008)-4759/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4759/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4759/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı Mədud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Mədud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış HHA 19721 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış İİİİA 19721 saylı zaminlik müqaviləri üzrə ödənilməmiş 597.38 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 149 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə olmaqla, cəmi 746.38 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33 manat pulun müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış HHA 19721 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 650 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 650 ABŞ dolları) «Apple iPhone 12 Pro -128 pacific blue» markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh2 xx.xx.2024-ci il tarixdə bağlanmış HHA 19721 saylı nisyə alqı-satqı müqaviləsinə zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 46 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2025-cu il tarixdə 6.62 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Lakin cavabdeh ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində «satıcı»nın xeyrinə faiz ödəyir. Həmin qanunvericiliyin tələblərinə əsasən cavabdeh əmlakı təhvil alımış və borcu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 597.38 ABŞ dollan məbləğində borcunu hissə-hissə 12 ay müddətində ödəməli olsa da, üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da onun hal-hazırkı vaxta ödənilməmiş 597.38 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının iştirakı olmadan keçirilib, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı MMC-dən «Apple iPhone 12 Pro -128 pacific blue» markalı mobil telefonu almış, onun dəyərini hissə-hissə ödəməsi barədə üzərinə öhdəlik götürmüşdür. - xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, digər Cavabdeh2 həmin müqavilə üzrə Cavabdeh1 İddiaçı MMC qarşısındakı öhdəliklərinin icrasına görə zamin durmuşdur. - xx.xx.2024-cü il tarixli HHA19721saylı müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh1 İddiaçı MMC-dən aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissə-hissə ödəmək üçün nəzərdə tutulmuş “Apple iPhone 12 Pro -128 pacific blue” markalı, İMEİ kodu: **********65568 **********21006 olan mobil cihazı borcunun yarandığı təqdirdə İddiaçı MMC tərəfindən bu mobil cihazın İMEİ nömrəsini deaktiv edilməsinə (bağlanmasına) və vahid şəbəkədə riskli müştəri siyahısına salınmasına etiraz etmədiyini bildirmişdir. - İddiaçı MMC tərəfindən verilmiş xx/xx-18924 saylı maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 əsas borcu 597,38 ABŞ dolları, cərimə borcu 149 ABŞ dolları olmaqla, ümumi ödənilməmiş borcu cəmi 2746,38 ABŞ dolları təşkil edir. - İddiaçı MMC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, müqavilə üzrə yaranmış borcun ödənilməsi xahiş olunmuş və borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmilşdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq, məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının 50 ABŞ dolları məbləğində azaldılmasını mümkün hesab edir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qanunun qeyd olunan tələblərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 597,38 ABŞ dolları əsas, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 647,38 ABŞ dolları məbləğində kredit borcu (qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla) və iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 33 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xeyrinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 597,38 ABŞ dolları əsas, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 647,38 (altı yüz qırx yeddi dollar, otuz səkkiz sent) ABŞ dolları məbləğində kredit borcu (qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla) və 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar