Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4818/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinin şirkətin istifadəsinə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayonu, Zabrat qəsəbəsi, 39T 412629.64; 4481274.15 koordinatlar üzrə yerləşən torpaq sahəsində qanunsuz tikilmiş özbaşına tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin tikinti materiallarından boşaldılaraq İddiaçı MMC-nin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunin cavabdehdən tutularaq İddiaçı MMC-nin (AZ67İBAZ********************) bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X2 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli, 38/1477 saylı qərarı ilə «Azneft» İstehsalat Birliyi «Balaxanıneft» NQÇİ-nin (Keçmiş «Leninneft» NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün sənaye təyinatlı torpaq sahələri ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviləyə əsasən 1994-cü ildə İddiaçı MMC yaradılmışdır. İddiaçı MMC-nin fəaliyyəti həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini cəmiyyətin balansına təsisçisi kimi təqdim etmişdir. İddiaçı MMC isə öz fəaliyyətini həyata keçirmək üçün Dövlət Neft Şirkətinin təqdim etdiyi əsas vəsaitlərdən, ərazini və xarici investorların qoyduğu sərmayələrdən istifadə edir və hər il fəaliyyət barədə təsisçiləri qarşısında hesabat verir. Həmin ərazi-torpaq sahəsi 1:10000 xəritə ilə təsdiq edilmişdir. Son illər istfadəsində olan torpaq sahələri müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozmuşlar. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikinti işlərinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. Belə ki, şirkətin nəzarətçiləri tərəfindən İddiaçı MMCnin qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 39T 412629.64; 4481274.15 koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilərkən vətəndaş Cavabdeh tərəfindən 0.45 ha torpaq sahəsi zəbt olunmaqla, qeyri-qanuni tikinti işlərinin aparılması aşkarlanmışdır və dərhal vətəndaşa tikintinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh nə zəbt olunmuş torpaq sahəsinə, nə də ki tikiliyə dair heç bir mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda iş üzrə ödənilmiş 330 manat ekspertiza xərcinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin istifadəsində olan sənaye təyinatlı ərazidə Sabunçu rayonu, Zabrat qəsəbəsi, 39T 412629.64; 4481274.15 koordinatlar üzrə yerləşən 0.45 ha torpaq sahəsinin vətəndaş Cavabdeh tərəfindən zəbt olunmaqla, orada qeyri-qanuni tikinti işlərinin aparılması aşkarlanmış, vətəndaş nə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd, nə də müvafiq icra orqanlarından tikiliyə aid heç bir qərar təqdim etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaş xəbərdarlıqlara məhəl qoymadan özbaşına tikinti işlərini davam etdirir. «X4 və Ekspertiza Mərkəzi» MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünur ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 39T 412629.64; 4481274.15 koordinatlar üzrə yerləşən torpaq sahəsi İddiaçı MMC-nin neft-qaz əməliyyatlarının aparılması üçün verilmiş kontrakt sahəsinə daxildir. Cavabdeh apardığı özbaşına tikintilər İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında”Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayışyanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texnikinormativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsindəəldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin özbaşına tutulmasında, torpaq sahələrində qanunsuz tikintinin aparılmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (TM-nin 110-111-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddia olunan torpaq sahəsi İddiaçı MMCnin sahibliyindədir, həmin torpaq sahəsinə və orada inşa edilmiş tikiliyə cavabdehin hüquqlarını təsdiq edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 39T 412629.64; 4481274.15 koordinatlar üzrə yerləşən torpaq sahəsində qanunsuz tikilmiş özbaşına tikili sökülməli, zəbt olunmuş torpaq sahəsi tikinti materiallarından boşaldılaraq İddiaçı MMC-nin istifadəsinə qaytarılmalı, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hesab fakturadan görünür ki, iddiaçı ilə «X4 və Ekspertiza Mərkəzi» MMC arasında bağlanmış müqaviləyə əsasən torpaq mübahisəsi ilə bağlı mütəxəssis rəyi üçün iddiaçı tərəfindən MMC-yə 330 manat məbləğində vəsait ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 330 manatın 165 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 165 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Sabunçu rayonu, Zabrat qəsəbəsi, 39T 412629.64; 4481274.15 koordinatlar üzrə yerləşən torpaq sahəsində qanunsuz tikilmiş özbaşına tikili sökülsün, zəbt olunmuş torpaq sahəsi tikinti materiallarından boşaldılaraq İddiaçı MMC-nin istifadəsinə qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin (AZ67İBAZ********************) bank hesabına köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 330 manatın 165 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin, 165 manatı isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-4818/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4818/2022
21.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver