Məhkəmə qərarları › İş №e-2(008)-4828/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4828/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4828/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli HHA19265 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 937 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində 234 ABŞ dolları cərimənin, cəmi 1171 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnə üzrə manatla və 40 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsvir ihissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli HHA19265 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 937 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində 234 ABŞ dolları cərimənin, cəmi 1171 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnə üzrə manatla və 40 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixli HHA19265 nömrəli nisyə alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçı məhkəmə baxışının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdiyinə görə işə onun iştirakı olmadan baxıldı. Cavabdeh məhkəməyə xx.xx.2024-cü ildə ərizə təqdim edərək, iddianı qəbul etdiyini, telefonu özü üçün götürmədiyini, ödənişlərin edilməməsindən xəbəri olmadığını bildirmiş və məhkəmə baxışını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də işə cavabdehin iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli HHA19265 nömrəli "Nisyə alqı-satqı müqaviləsi"ndən görünür ki, cavabdeh iddiaçıdan "Apple İPhone 12 Pro Max 256 GB blue" markalı telefon alaraq 12 ay müddətinə hissə-hissə olmaqla, cəmi 937 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli xx/xx-18916 nömrəli "Maliyyə arayışı"ndan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli HHA19265 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 937 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində 234 ABŞ dolları cərimə, cəmi 1171 ABŞ dolları borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli "Son xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, cavabdeh xx.xx.2024-cü il tarixli HHA19265 nömrəli nisyə alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, bununla da həmin müqavilələnin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ona nisyə satılmış malın dəyərini iddiaçıya ödəməlidir. Cavabdehin telefonu özü üçün deyil, başqa şəxs üçün alması barədə dəlili onu malın dəyərini ödəmək öhdəliyindən azad etmir. Cavabdehdən tələb olunan dəbbə pulu ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, kreditorun əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini, o cümlədən hazırda aldığı əmək haqqının miqdarını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Məhkəmə dəbbə pulunun miqdarının əsas borcun 5 faizi miqdarında müəyyən olunmasını tərəflərin bütün əsaslı mənafelərinə uyğun hesab edir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2024cü il tarixli HHA19265 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 937 ABŞ dolları ödənilməmiş hissə, 46,85 ABŞ dolları dəbbə, cəmi 983,85 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmin məbləğ ödəniş anında ödəniş yerinin məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə hesablanmalıdır. Eyni zamanda, "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində deyilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Ona görə də cavabdehdən ABŞ dollarında alınmalı olan məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 1171 ABŞ dolları məbləğində iddianın 983,85 ABŞ dolları hissəsi (84,01 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 84,01 faizi, yəni 33,60 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 6,40 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli HHA19265 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 937 ABŞ dolları ödənilməmiş hissə, 46,85 ABŞ dolları cərimə, cəmi 983,85 ABŞ dolları məbləğində pul vəsaiti hazırkı qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, habelə 33,60 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 33,60 manat dövlət rüsumunun qalan 6,40 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan electron cabinet vasitəsilə həyata keçirilməlidir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar