Məhkəmə qərarları › İş №e-2(008)-4938/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4938/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4938/2024 09.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdehnın iştiarkları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-ci il tarixli HHA 11946 №-li nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 134,41 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində 34 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 168,41 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun İddiaçı MMC xeyrinə tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2023-ci il tarixdə bağlanmış HHA 11946 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1198 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan «Aplle i phone 13 128 gb» markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 211 ABŞ dollar, sonradan da ödənişlər etmiş, iddia tələbində göstərilən borc qalmışdır. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya olan əsas borcunu etiraf etdi, yeni cədvəl tərtib edildiyi təqdirdə ödəniş edəcəyəni bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı MMC xx.xx.2018-ci il tarixdə ********** VÖEN-lə dövlət qeydiyyatına alınmışdır (Kommersiya qurumunun dövlət reyestrindən çıxarış). İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixlə HHA 11946 №-li müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, qiyməti 1198 ABŞ dolları olan “Aplle iphone 13 128 gb» markalı telefonu iddiaçı cavabdehə satmışdır. Müqavilənin 3.5-ci bəndində ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, cavabdehin İddiaçı MMC ilə aralarında bağlanmış müqavilə üzrə 134,41 ABŞ dolları, 34 ABŞ dolları cərimə, cəmi 168,41 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, o, borc barədə xəbərdar edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Lakin, məhkəmə hesab edir ki, 34 ABŞ dolları cərimə tənasübsüz surətdə yüksəkdi və onun 10 faiz məbləğində, yəni 3 ABŞ dolları cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli ********* №-li müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 134,41 ABŞ dolları əsas borc və 3 ABŞ dollar cərimə, cəmi 137,41 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməli, 6,35 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-ci il tarixli HHA 11946 №-li nisyə alqı-satqı müqaviləsi üzrə 134,41 ABŞ dolları əsas borc və 3 ABŞ dollar cərimə, cəmi 137,41 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar