Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5081/2025 12.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5776 manat müqavilə borcunun və 78 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, kirayəyə verən (bundan sonra iddiaçı adlandırılacaq) İddiaçı ilə kirayəçi (bundan sonra cavabdeh adlandırılacaq) Cavabdeh arasında 03 sentyabr 2023-cü il tarixdə şifahi kirayə müqaviləsi (bundan sonra Müqavilə adlandırılacaq) bağlanmışdır. Bu Müqaviləyə əsasən İddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili müddətli Cavabdehin istifadəsinə verməyi, Cavabdeh isə İddiaçıya aylıq 470,00 (dörd yüz yetmiş) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Şifahi müqavilə bağlanmamışdan əvvəl 18 avqust 2023-cü il tarixdə mənzilin təmizlənməsi və Cavabdehə məxsus əşyaların mənzilə yerləşdirilməsi üçün mənzilin açarı Cavabdehə təqdim edilmişdir, eyni zamanda Cavabdehdən 50,00 (əlli) manat məbləğində beh alınmışdır. Daha sonra 03 sentyabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən mənzilin zəruri xərcləri üçün çəkilmiş 70,00 (yetmiş) manat məbləği kirayə haqqından çıxmaqla Cavabdeh tərəfindən İddiaçıya 350,00 (üç yüz əlli) manat sentyabr ayı üçün kirayə haqqı ödənilmişdir. Həmçinin digər ödənişlərin və kommunal xərclərin əvəzinin ödənilməsi üçün İddiaçıya məxsus bank hesab məlumatları Cavabdehə təqdim edilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçıya 470,00 (dörd yüz yetmiş) manat, xx.xx.2024 tarixində 470 (dörd yüz yetmiş) manat, xx.xx.2024 tarixində 470 (dörd yüz yetmiş) manat, xx.xx.2024 tarixində 500 (beş yüz) manat və xx.xx.2024 tarixində 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödəmişdir. Lakin bu tarixlərdən də görünür ki, Cavabdeh 2023cü ilin noyabr və dekabr ayları və 2024-cü ilin yanvar, aprel, may, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün aylıq kirayə haqqını ödəməkdən yayınmışdır. Beləliklə iddiaçının maliyyə vəziyyətini pisləşdirmişdir. Həmçinin kommunal xərclərin cavabdeh tərəfindən ödənilməsi barədə razılığa gəlinsə də, bu günə qədər tərəfindən soyuq su, isti su və istilik sistemindən istifadə ilə əlaqəli, ümumi məbləği 576 (beş yüz yetmiş altı) manat olan kommunal xərclər ödənilməmişdir. Əlavə olaraq qeyd edir ki, kirayəçinin təqsiri ucbatından mənzilin hamam otağının divarları, tavanı, döşəməsi eləcə də yataq otağının divarları zədələnmişdir ki, nəticədə İddiaçıya 500 (beş yüz) manat həddində faktiki ziyan dəymişdir. İddiaçı tərəfindən Cavabdehə kirayə haqqının ödənilməsi və mənzili tərk etməsi ilə bağlı dəfərlərlə şifahi xəbərdarlıq olsa da, Cavabdeh mənzildən çıxmamış, borcunu növbəti aylarda ödəyəcəyi ilə bağlı boş ümidlər verərək kirayə haqqı, kommunal xərclər və mənzilə dəymiş zərərlə bağlı heç bir ödəniş həyata keçirməmişdir. Hətta işlə bağlı xx.xx.2024 tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə ərizə ilə müraciət edilmişdir. Müvafiq qurumun xx.xx.2024 tarixli cavabında mövcud məsələ ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh xx.xx.2024 tarixində İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili tərk etmişdir, lakin İddiaçıya məxsus, ümumi təqribi dəyəri 60 (altmış) manat olan bəzi avadanlıqları da özü ilə bərabər aparmışdır. Bildirir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək Cavabdehin İddiaçıya ödənilməmiş kirayə haqqı, İddiaçı tərəfindən ödənilmiş mənzilin zəruri kommunal xərcləri və mənzilə dəymiş zərər daxil 5776 (beş min yeddi yüz yetmiş altı) manat məbləğində borcu yaranmışdır. Cavabdeh heç bir qanuni əsas olmadan, 5776 (beş min yeddi yüz yetmiş altı) manat məbləğində müqavilə borcunu bu günə qədər İddiaçıya ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəblər barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 359/2A-16M/110 Müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili təmir edilmiş şəkildə ödəniş əsasında İddiaçı verməsi barədə razılığa gəlmişdirlər. İş materiallarında olan XD-359 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MTK-dan Payçı müqaviləsinə əsasən pay hüququ əldə edilən ünvan 2 ünvanda tikilan, bina 2A, 16-ci mərtəbədə yerləşən, ümumi sahəsi 108.9 kv.m olan 3 otaqlı 110 nömrəli mənzilin qalıq borcunun maliyələşdirilməsi məqsədilə 72 (yetmiş iki) ay müddətində (xx.xx.2028-ci il tarixədək) 30949.72 (otuz min doqquz yüz qırx doqquz.72) azn məbləğində, kreditdən istifadəyə görə illik 6% (altı) faiz ödəmək şərtilə kredit verilmişdir. İş materiallarında olan Kommunal xidmət göstərilməsi haqqında 2A/110 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən mənzilinə kommunal xidmətlər üzrə müəyyən edilmiş tariflərə uyğun xidmət göstərilməsi, xidmət haqqının ödənilməsi barədə razılığa gəlmişdirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş karı üzrə çıxarışlardan görünür ki, X1 523915*****0829 nömrəli kartına xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə 470 AZN, xx.xx.2024-cü il tarixdə 400 AZN, xx.xx.2024-cü il tarixdə 500 AZN məbləğində mədaxil əlavə edilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Xətai RPİ-nin 36-cı PŞ tərəfindən göndərilmiş materialların surətindən görünür ki, İddiaçı Xətai rayonu Cavanşir küçəsi 9/2A mənzil 110 "xxxx" MTK yerləşən özünə məxsus mənzili İlqar adlı şəxsə 470 manat müqabilində kirayə verməsi, lakin 9 aylıq kirayə pulunu verməməsi ilə bağlı müraciət etmiş, lakin qeyd olunan xüsusatlar məhkəmə xarakterli olduğundan vətəndaşa mövcud məsələ ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qeyd edilən kirayə münasibətləri yazılı müqavilə əsasında yaranır və tənzimlənir. Hazırda mənzilin şifahi razılıq əsasında başqasının istifadəsinə verilməsi kirayə münasibətləri kimi qiymətləndirilə bilməz. Şifahi razılaşma tərəflər arasında dəqiq hüquqi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı aydın sübutlar təqdim etməyə imkan vermir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin həmin mənzildə kirayəçi qismində yaşaması, ona maddi zərər vurmasını təsdiq edəcək möhtəbər sübutlar təqdim edilməmişdir. Yəni iş materialları ilə tərəflər arasında kirayə münasibətlərinin olması və kirayə zamanı mənzilə ziyan vurulması heç bir dəlillə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş materiallar mənzilin iddiaçıya məxsus olmasından başqa heç bir faktı sübut etməyə kifayət deyildir. Odur ki, iddiaçı tərəfindən təqdim olunan sübutlar əsasında, şifahi razılığın mövcudluğu və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə kifayət qədər mötəbər sənəd təqdim olunmamışdır. İddiaçı, həmçinin zərər və kommunal xərclər üçün də cavabdehə qarşı tələblər irəli sürmüşdür. Lakin bu məsələlər üçün də məhkəmədə daha dəqiq və etibarlı sübutlar təqdim olunmalıdır. Kommunal xərclərin ödənməməsi və mənzilə dəyən zərər məsələsində də, əlavə sübut və müvafiq sənədlər olmadan, yalnız şifahi ifadələr və bəzi ödənişlər əsasında tələbin təmin edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbini təmin edəcək sübutlar təqdim edilmədiyindən iddia tələbi sübuta yetirilmir, belə olan halda tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(008)-5081/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5081/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver