Məhkəmə qərarları › İş №e-2(008)-5102/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5102/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5102/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 270 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “Chevrolet Cruze” minik markalı, 77PJ453 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində 90RP089 dövlət qeydiyyat nişanlı “Toyota Highlander” markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2024-cü il tarixli protokol yazılmış və həmin maddələrlə TP ******* qərar yazılmışdır. “Toyota Highlander” markalı, 90RP089 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 270 manat sığorta ödənişi verilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının iştirakı olmadan keçirilib, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını, Cavabdeh isə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirilərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə, Cavabdeh “Chevrolet Cruze” minik markalı **-PJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - "xxxx" ASC ilə “Chevrolet Cruze” minik markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobilə dair bağlanılmış xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi barədə məlumata əsasən, həmin avtomaşın 12 ay müddətinə "xxxx" ASC-də sığorta edilmişdir. - xx.xx.2022-ci il tarixli hesabata əsasən, “Chevrolet Cruze” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunmalı ehtiyat hissələrinin və görülməli işin xidmət haqqı cəmi 270 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli nömrəli sığorta aktından görünür ki, zərər dəymiş “Toyota Highlander” markalı, 90RP089 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 yolu ilə 270 manat məbləğində sığorta ödənişi ödənilmişdir. - İddiaçı "xxxx" ASC-nin cavabdehə ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, yaranmış 270 manat məbləğində sığorta ödənişi borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün cavabdehə vaxt verilmiş, lakin cavabdeh ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə, (subroqasiya hüququ) faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinin tələbinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i. a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmiş, yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymiş “Toyota Highlander” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə "xxxx" ASC tərəfindən icbari sığorta ödənişi olaraq 270 manat məbləğində pul ödənişi edilmiş və həmin ödəniş üzrə tələb hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh yüksək təhlükə mənbəyi olan “Chevrolet Cruze” minik **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə mülki məsuliyyət daşıyır. Məhkəmə, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 270 manat sığorta ödənişi tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-301,79, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 270 (iki yüz yetmiş) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar