Məhkəmə qərarları › İş №e-2(008)-515/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-515/2023

21.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-515/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin şirkətin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin şirkətin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu Ramana qəsəbəsi 39T 0413301; ******* koordinatlar üzrə yerləşən torpaq sahəsində qanunsuz tikilmiş özbaşına tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin tikinti materiallarından boşaldılaraq İddiaçı MMC-nin istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-nin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviləyə əsasən 1994-cü ildə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır. ARDNŞ İddiaçı MMC-nin fəaliyyəti həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini MMC-nin balansına təsisçi kimi təqdim etmişdir. İddiaçı MMC isə öz fəaliyyətini həyata keçirmək üçün ARDNŞ-nin təqdim etdiyi əsas vəsaitləri, ərazini və xarici investorların qoyduğu sərmayələrdən istifadə edir və hər il fəaliyyəti barədə təsisçiləri qarşısında hesabat verir. Həmin ərazi (torpaq sahəsi) 1:10000 xəritə ilə təsdiq edilmişdir. Son illər iddiaçının istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması iddiaçının qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdehlər iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. Belə ki, şirkətin nəzarətçiləri tərəfindən İddiaçı MMC-nin qanuni istifadəsində olan Sabunçu rayonu Ramana qəsəbəsi 39T 0413301; ******* koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilərkən vətəndaş Cavabdeh tərəfindən qeyri-qanuni tikinti işlərinin aparılması aşkarlanmışdır və dərhal vətəndaşa tikintinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh nə zəbt olunmuş torpaq sahəsinə, nə də ki tikiliyə dair heç bir mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir (aktın surəti və fotoşəkil əlavə olunur). Cavabdehə mübahisə qanuni yolla həll olunana qədər tikintinin dayandırılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygün proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cıhazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Beləliklə, cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımi layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 442 saylı xx.xx.1998-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmənin 2-1(112)-7383/2020 saylı qərarı ilə iddia mümkün sayılmamış, qərar qanuni qüvvəsini almışdır. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 442 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində evin tikintisi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin ayrılmış torpaq sahəsinin təyinatı evlərin tikintisi üçün nəzərdə tutulmuşdur. Hətta evin sxemi icra hakimiyyəti tərəfindən təsdiq edilmiş, həmin tarixdən bu günədək ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Evin kommunal xətləri təchizatı təmin edilmiş, müvafiq qaydada bu barədə vergi və ödəmələr vaxtında ödənilmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən ona həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və o, ailə üzvləri ilə birlikdə özünün mənzil şəraitini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir. Bu illər ərzində onun orada yaşamasına nəinki maneçilik törədilməmiş, əksinə onlardan torpağa görə əmlak vergisi, həmin evdə rahat yaşamaq üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə müvafiq haqq alınmışdır. Göstərilən orqanlar ona müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə öz razılıqlarını bildirmişlər. Belə olan halda, həmçinin Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 442 saylı xx.xx.1998-ci il tarixli sərəncamı qüvvədə olduğu halda iddiaçı hansı əsaslarla çıxış edərək müvafiq dövlət orqanının qərarı əsasında ayrılmış torpaq sahəsində və həmin orqan tərəfindən təsdiq edilmiş sxem əsasında tikilmiş fərdi yaşayış evini özbaşına tikili adlandırır. Belə ki, bu hal özlüyündə Mülki Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmadığını təsdiq edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməmiş və etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “X2 və Ekspertizası Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli 143 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh 39T 0413301; ******* koordinatlar üzrə yerləşən torpaq sahəsində apardığı özbaşına tikililər İddiaçı MMC-nin neft-qaz əməliyyatlarının aparılması üçün verilmiş kontrakt sahəsinə daxil olan torpaq sahəsində yerləşir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 442 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamının və ona əlavə edilmiş cizginin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ramana qəsəbəsi 12-ci mədən küçəsi 47-14/İ saylı yerdə 1200 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi vətəndaş Cavabdeh ayrılmışdır. İş materiallarında olan yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Ramana bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı tərəfin yerli baxışda iştirak etməməsi səbəbindən tədqiqat obyektinə baxışın keçirilməsi və müvafiq münasibətin bildirilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7383/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı MMC-nin cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs Cavabdeh) Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 442 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər X1 İcraiyyə Komitəsinin 38/1477 nömrəli xx.xx.1963-cü il tarixli qərarından çıxarışın surətindən görünür ki, “Azneft” İstehsalat Birliyinin (keçmiş “Leninneft NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün sənaye təyinatlı torpaq sahələri ayrılmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin istifadəsində olan sənaye təyinatlı ərazidə, Sabunçu rayonu Ramana qəsəbəsi 39T 0413301; ******* koordinatlar üzrə yerləşən torpaq sahəsində vətəndaş Cavabdeh tərəfindən qeyri-qanuni tikinti işlərinin aparılması aşkarlanmışdır. Vətəndaş nə torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, nə də müvafiq icra orqanlarından tikiliyə aid heç bir qərar təqdim etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaş xəbərdarlıqlara məhəl qoymadan özbaşına tikinti işlərini davam etdirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndində göstərilir ki, vətəndaşın qanuni istifadəsində və icarəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilirr. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə (1999-cu il tarixli redaksiyada) əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 442 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün Cavabdeh ayrılmışdır. Torpaq sahəsi ayrılan vaxtdan hal-hazıra kimi mübahisəsiz olaraq cavabdehin qanuni istifadəsindədir. Adıçəkilən sərəncam hal-hazırda da qüvvədədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7383/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadına əsasən həmin sərəncamın ləğv edilməsi barədə İddiaçı MMC-nin iddiası mümkün sayılmamış, qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, cavabdeh tərəfindən qanuni əsaslarla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikili hesab edilə bilməz, bu səbəbdən də həmin tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin şirkətin istifadəsinə qaytarılması” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin şirkətin istifadəsinə qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar