Məhkəmə qərarları › İş №e-2(008)-5220/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5220/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5220/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X1, İddiaçı Cavabdeh qarşı "550 manat məbləğində əsas borcun tutulması" barədə kiçik iddiasına dair ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "550 manat məbləğində əsas borcun tutulması" barədə kiçik iddiaya dair ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı öz iddia tələbini belə əsaslandırmışdır ki, tərəfər arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə 10 ay müddətinə ümumi qiyməti 550 manat olan "xxxx" televizoru satmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən, cavabdeh alınmış malların dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 55 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüş, lakin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmişdir. Müqaviləsinin 10.2.1-ci bəndinə əsasən, alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Cavabdeh ona dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə iddiaçının biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, "Alıcı" satılan əşyanın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər bir gün üçün 1 % cərimə ödəməlidir, lakin iddiaçı borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınmasını tələb edir. Alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, "Alıcı" satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmış məbləğ əşyanın qiymətinin 50 %-dən artlq olduqda "Satıcı" öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Lakin müəyyən edildi ki, iddiaçı istinad etdiyi alqı-satqı müqaviləsini, həmçinin televizorun cavabdehə təhvil verilməsini təsdiq edən sübutu öz iddia ərizəsinə əlavə etməmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Bu isə, hazırkı iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina üçün əsas hesab edilir. Eyni zamanda, məhkəmə bunu da izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "550 manat məbləğində əsas borcun tutulması" barədə kiçik iddiasına dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizəsinin qəbul olunmasından imtina edilsin. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar