Məhkəmə qərarları › İş №e-2(008)-5270/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5270/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5270/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 296,00 (iki yüz doxsan altı) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 12:00 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Kia Rio” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmişTP5108783 saylı qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Baş vermiş hadisə üzrə “Kia Rio” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 296,00 (iki yüz doxsan altı) manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar, "xxxx" ASC tərəfindən PXA113738/22 saylı sığorta aktı tərtib edilməklə “Kia Rio” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 296,00 (iki yüz doxsan altı) manat sığorta ödənişi ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər isə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. "xxxx" ASC tərəfindən verilmiş şəhadətnamədən görünür ki, PXA********** saylı sığorta müqaviləsinə əsasən siğortalı “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək əmlaka vurulan zərərə görə 5000 manat məbləğində, sağlamlığa vurulan zərərə görə isə bir şəxs üçün 5000 manat məbləğində "xxxx" ASC-də icbari siğorta növü sığortalanmışıdr. PXA113738 nömrəli siğorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə X1 mülkiyyətində olan “Kia Rio” markalı, **- DF-*** dövlət qeydiyyat nömrəli avtomobilə 296 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyan X2 ödənilməsi qərar alınmışdır. xx.xx.2022-ci il taixli qüsur aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Kia Rio” markalı avtomobilə 296 manat ziyan dəymiş olduğu hesablanmışdır. TP seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, və İXM-nin 332.1 və 327.1-ci maddəsində nəzərdə tutulmuş 40 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli bildirşin surətində görünür ki, Cavabdeh2 siğorta ödəniş tələb etmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus Cavabdeh2 idarə etdiyi “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində, saat 12:30 radələrində Sabunçu RPİ DYPŞ ərazisində X2 məxsus “Kia Rio” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, sözügedən hadisə zamanı “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 olmuşdur. İş materiallarına əlavə edilmiş aktdan hadisə zamanı “Kia Rio” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 296 manat zərər dəymiş olduğu müəyyən edilir. Həmin akt cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən mötəbər hesab edilir. İnzibati tənbeh vermə haqqında qərarın surətindən məlum olur ki, sözügedən hadisə baş verərkən cavabdehin avtonəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmadığından hazırda iddiaçı ödəmiş olduğu məbləği təqsrili sürücüdən və mülkiyyətçidən geri tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Hazırki vəziyyətdə isə sürücünün etibarnaməsi olmadığından və mülkiyyətçi məhkəmə iclaslarında iştirak etməmiş, sürücünün avtomobili qanunsuz olaraq istifadə etdiyini sübuta yetirməmişdir. Odur ki, qeyd edilənlər nəzərə alınmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30 (altmış) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 296 manat məbləğində pul və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar