Məhkəmə qərarları › İş №e-2(008)-5468/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5468/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5468/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək, cavabdehdən Azərbaycan Respublikası BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, BA106782 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********21, mühərrik nömrəsi və buraxılış ili 2007 olna KİA RİO MİNİK markalı, ** VJ *** nömrə nişanlı nəqliyyat vasitəsinin saz vəziyyətdə geri qaytarılması, bu mümkün olmadıqda düşdüyü 13800 manat məbləğində ziyanın və ödənilmiş 132 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 3M-1260 reyestr nömrəli Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, BA106782 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********21, mühərrik nömrəsi və buraxılış ili 2007 olna KİA RİO MİNİK markalı, ** VJ *** nömrə nişanlı nəqliyyat vasitəsini ilkin alqı-satqı müqaviləsinin hal-hazırda bağlanmasını və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürmüşdülər. Qeyd edilən Müqavilənin 2.1-ci bəndinə əsasən avtomobilin satış qiyməti 13900 manat müəyyən edilmişdir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı 2.1-ci bənddə müəyyən edilən pulun 100 manatını müqavilə bağlandığı anda nağd şəkildə ödəyir, qalan 13800 manatnı isə bu Müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydad satıcıya ödəyir. Həmin Müqavilənin 2.3-cü bəndinə görə alıcı qalan 13800 manatı 23 ay müddətində yəni ilkin ödəniş tarixi xx.xx.2022-ci ildən başlayaraq hər ay 600 manat olmaqla satıcıya nağd, bank kartı vasitəsi ilə və ya notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Bağlanmış müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyə əməl edərək cavabdehə avtomobili versə də, cavabdeh üzərinə düşəm öhdəliyi müqavilədə qeyd edilən müddətə icra etməmişdir. Yəni cavabdeh tərəfindən hər ay ödənilməli olan 600 manat məbləğində pul müqavilə bağlandığı tarixdən bu günə kimi ödənilməmişdir. Həmçinin cavabdeh müqavilə üzrə aldığı avtomobili iddiaçıya geri qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, müqavilə bağlandıqdan sonra avtomobili cavabdehin istfadəsinə vermiş, bu günədək cavabdeh ona cəmi 3800 manat ödəniş etmişdir. Hazırda avtmobil cavabdehin təqsiri səbəbindən yararsız hala düşmüş və duracağa yerləşdirilmişdir. Avtomobilin qaytarıla bilmədiyi təqdirdə 10000 manatı tutulmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh onun tərəfindən 5300 manat məbləğində pulun ödənildiyini bildirmişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfəlrin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Buraxılış ili 2007 olna KİA RİO MİNİK markalı, ** VJ *** dövlət qeydiyyat nişan olan avtonəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir (Azərbaycan Respublikası BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, BA106782 nömrəli qeydiyyat şəhadətnaməsi). İddiaçı ilə cavabdehin arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada həmin avtomobilin ilkin alqı-satqı müqaviləsi bağlanmış, Bakı şəhəri 23 saylı notariat ofisisnin xüsusi notariusu tərəfindən 3M-1260 № ilə reyestrdə qeyd edlilmiş, informasiya sisteminə daxil edilmişdir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən avtomobilin ilkin alqı-satqı müqaviləsinin hal-hazırda bağlanmasını və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdəmlərinə götürmüş; 2.1-ci bəndinə əsasən avtomobilin satış qiyməti 13900 manat müəyyən edilmiş; 2.2-ci və 2.3-bəndlərinə əsasən alıcı həmin pulun 100 manatını müqavilə bağlandığı anda nağd şəkildə, qalan 13800 manatı isə bu Müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydad satıcıya ödəməyi, qalan 13800 manatı 23 ay müddətində ilkin ödəniş tarixi xx.xx.2022-ci ildən başlayaraq hər ay 600 manat olmaqla satıcıya nağd, bank kartı vasitəsi ilə və ya notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürmüş; 2.4-cü bəndinə əsasən avtomobilin qiyməti tam ödənildikdən sonra satıcı AR DİN DYPİ nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış alarq avtomobili alıcıya satmağı, əsas alqı-satqı müqaviləsini bağlamağı, avtomobili alıcının adına rəsmiləşdirməyi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququna dair etibarnamə verməyi öhdəsinə götürmüş; 2.8-ci bəndinə əsasən satıcı avtomobili işlək vəziyyətdə alıcının istifadəsinə nəqliyyat vasitəsinin istifadə hüququna dair etibarnamə ilə verməyi, bu zaman avtomobil ilə törədilmiş qəzaya görə məsuliyyəti alıcı ödəməyi öhdələrinə götürmüş; 2.10-cu bəndinə əsasən ödənişlə bağlı gecikmə olarsa ilkin ödənilən məbləğ və istifadə etdiyi müddətdə aylıq ödənilən məbləğ geri qaytarılmamaq şərti ilə avtomobilin geri alınması, avtomobilin alıcıya verildiyi vaxtdan etibarən satıcının hər-hansı nasazlıqla bağlı heç bir məsuliyyətin daşımadığı, avtomobil yararsız hala düşdüyündə, bütün ziyanın alıcı tərəfindən qarşılanacağı nəzərdə tutulmuşdur. Müqavilə bağlandıqdan sonra iddiaçı avtormobili cavabdehin istifadəsinə verimşdir. Həmin avtomobil cavabdehin istifadəsində olduğu müddətdə, xx.xx.2022-ci il tarixdə, avtomobili idarə edən X2 yol-nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı cavabdeh də həmin avtomobildə olmuş və onun sağlamlığına az zərər vurulmuş, X2 barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsinə AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti Suraxanı RPİ-nin DYPŞ-yə göndərilmişdir (Suraxanı RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar). Həmin avtomobil «qabaq hissəsi tam əzik» vəziyyətdə Bakı şəhəri BPİ DYP-nin xx.xx.2023-cü il tarixli aktına əsasən “Yol patrul xidməti haqqında Təlimat»a əsasən «Siqnal» İLİİ-nin 4 saylı mühafizə olunan duracağına yerləşdirilmişdir («Nəqliyyat vasitiəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə Akt»). Hazırda iddiaçı avtomobilin saz vəziyytdə ona qaytarılması, bu mümkün olmadığı halda 13800 manat zərərin cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, iddiaçı onun mülkiyyətində olan avtomobili xx.xx.2022-ci il tarixdə cavabdehin istifadəsinə vermiş, 23 ay ərzində, yəni xx.xx.2024-cü il tarixədək cavabdeh ona razılaşdırılmış 13900 manatı ödədikdən sonra, avtomobili cavbadehin mülkiyyətinə keçirtmək öhdəliyi üzərinə götürmüş, cavabdeh iddia verilən günədək iddiaçıya 6600 manat (7 ay x 600 manat) verməli olduğu halda 3800 manat ödəniş etmiş, avtomobil müqavilə bağlanandan iki ay yarım sonra cavabdehin sahibliyində olan zaman qəzaya uğramış (müqavilə şərtlərinə əsasən qəzaya görə məsuliyyəti cavabdeh daşıyır), avtomobil təmir edilmədən hal-hazırda yararsız vəziyyətdə dayanacağa yerləşdirilmiş və cavabdeh ödəniş etməyi dayandırmışdır. Cavabdeh 5300 manat məbləğində ödəniş etməyinə dair məhkəməyə sübut təqdim etməmişdir, bu səbəbdən məhkəmə ödənilən məbləği iddiaçının etirafına əsasən 3800 manat olduğunu qəbul edir. Beləliklə, hazırda iddiaçı həm mülkiyyətindən, həm də nəzərdə tutulan ödənişlərdən mərhum olmuşdur. Qeyd edildiyi kimi, müqavilənin 2.10-cu bəndinə əsasən ödənişlə bağlı gecikmə olarsa ilkin ödənilən məbləğ və istifadə etdiyi müddətdə aylıq ödənilən məbləğ geri qaytarılmamaq şərti ilə avtomobilin geri alınması, avtomobilin alıcıya verildiyi vaxtdan etibarən satıcının hər-hansı nasazlıqla bağlı heç bir məsuliyyətin daşımadığı, avtomobil yararsız hala düşdüyündə, bütün ziyanın alıcı tərəfindən qarşılanacağı nəzərdə tutulmuşdur. İşin sadalan hallarından müəyyən olunur ki, ödənişlə bağlı gecikmə olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, müqavilənin 2.10-cu bəndinə əsasən iddiaçının aldığı 3800 manat geri qaytarmamaq və avtomobili geri almaq, avtomobilin yararsız vəziyyətə düşdüyü halda, bütün ziyanın cavabdehdən tələb etmək hüququ yaranmışdır. Hazırda iddiaçı həmin hüququndan istifadə edərək avtomobilin saz vəziyyətdə ona qaytarılması, bu mümkün olmadığı halda düşdüyü 13800 manat ziyanın tutulmasını istəyir. Məhkəmə hesab edir ki, tələb bütövlükdə təmin edilə bilərdi. Belə ki, məhkəmə müqavilə şərtinə uyğun olaraq hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş 3800 manat iddiaçının tələbində çıxmamalıdır. Bundan başqa, 13900 manata qiymətləndirilmiş avtomobil iddia verilən tarixdə 7 ay, hazırda isə 10 aydır ki, cavabdehin sahibliyindədir. Bilindiyi kimi, avtomobil daşınar əmlak olmaqla, ammortiyasiyaya məruz qalan əmlakdır, cavabdeh tərəfindən ödənilmiş məbləğ faktiki kirayə haqqı kimi qiymətlənirilməli və geri qaytarılmamalıdır. Lakin, iddiaçı 10000 manatın tutulmasına etiraz etmədiyini bildirmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Odur ki, məhkəmə hesab edir ki, avtomobilin iddiaçya saz vəziyyətdə qaytarılmadığı təqdirdə, o, 13900 manat (avtomobilin qiyməti) zərərə düşəcək. Lakin iddiaçı 10000 manatın tutulmasını istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, BA106782 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********21, mühərrik nömrəsi və buraxılış ili 2007 olna KİA RİO MİNİK markalı, ** VJ *** nömrə nişanlı nəqliyyat vasitəsi saz vəziyyətdə Cavabdeh tərəfindən İddiaçı geri qaytarılmalı, bu mümkün olmadıqda 10000 manat məbləğində ziyan Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, BA106782 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********21, mühərrik nömrəsi və buraxılış ili 2007 olna KİA RİO MİNİK markalı, ** VJ *** nömrə nişanlı nəqliyyat vasitəsi saz vəziyyətdə Cavabdeh tərəfindən İddiaçı geri qaytarılsın, bu mümkün olmadıqda 10000 manat məbləğində ziyan Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar