Məhkəmə qərarları › İş №e-2(008)-5614/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5614/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5614/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2278,7 manat əsas borcun və 683,6 manat cərimənin, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2151,7 manat əsas borcun və 645,5 manat cərimənin, 77,59 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsvir ihissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2278,7 manat əsas borcun və 683,6 manat cərimənin, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2151,7 manat əsas borcun və 645,5 manat cərimənin, 77,59 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçı məhkəmə baxışının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdiyinə görə işə onun iştirakı olmadan baxıldı. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Müddətli (nisyə) alqı-satqı müqaviləsi"ndən görünür ki, cavabdeh iddiaçıdan "MacBook Air M2" markalı noutbuk və 2 ədəd akkumulyator alaraq 18 ay müddətinə hissə-hissə olmaqla cəmi 2734,77 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Müddətli (nisyə) alqı-satqı müqaviləsi"ndən görünür ki, cavabdeh iddiaçıdan "Apple iMac M3" markalı monoblok alaraq 18 ay müddətinə hissə-hissə olmaqla cəmi 2151,78 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənişi 456 manat olmuş, əsas borcu 2278,7 manat, cərimə borcu 6836 manat, cəmi borcu 9114,7 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 2151,7 manat, cərimə borcu 6455 manat, cəmi borcu 8606,7 manat təşkil edir. İşdə olan "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, iddiaçının cavabdehə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2278,7 manat əsas, 6836 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2151,7 manat əsas, 6455 manat cərimə borcu yaranmışdır. Cərimə məbləğlərinə 90% güzəşt tətbiq edildikdən sonra iddiaçı tərəfindən cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2278,7 manat əsas, 683,6 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2151,7 manat əsas, 645,5 manat cərimə borcunun ödənilməsi tələb edilir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrinin şərtlərini pozmuş və həmin müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh ona nisyə satılmış malın dəyərini iddiaçıya ödəməlidir. Cavabdehdən tələb olunan dəbbə pulu ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, kreditorun əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini, o cümlədən hazırda aldığı əmək haqqının miqdarını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Məhkəmə dəbbə pulunun miqdarının əsas borcun 5 faizi miqdarında müəyyən olunmasını tərəflərin bütün əsaslı mənafelərinə uyğun hesab edir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023cü il tarixli müqavilə üzrə 2278,7 manat əsas, 113,93 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2151,7 manat əsas, 107,58 manat cərimə, cəmi 4651,91 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 77,59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 5759,5 manat məbləğində iddianın 4651,91 manat hissəsi (80,77 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 80,77 faizi, yəni 62,67 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 14,92 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2278,7 manat əsas borc və 113,93 manat cərimə, xx.xx.2023cü il tarixli müqavilə üzrə 2151,7 manat əsas borc və 107,58 manat cərimə, 62,67 manat məbləğində dövlət rüsumu, cəmi 4714,58 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 77,59 manat dövlət rüsumunun qalan 14,92 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan electron cabinet vasitəsilə həyata keçirilməlidir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar