Məhkəmə qərarları › İş №e-2(008)-6197/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6197/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6197/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "X4 Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "xx.xx.2023cü il tarixli VNA-055-0044-23 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 574 manat ödənilməmiş hissə, 27,2 manat cərimə borcu, cəmi 601,2 manat borcun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "X4 Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli VNA-055-0044-23 nömrəli nisyə alqısatqı müqaviləsinə əsasən 574 manat ödənilməmiş hissə, 27,2 manat cərimə borcu, cəmi 601,2 manat borcun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə məhkəmədə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış VNA-055-0044- 23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən əşyalar alaraq 18 ay müddətinə hissə-hissə olmaqla, cəmi 609 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.7-ci maddəsinə əsasən, satıcı "xxxx" MMC alıcıya qarşı pul tələbi hüququnu istənilən vaxt "X4 Olmayan Kredit Təşkilatı" MMC-yə və ya üçüncü şəxslərə güzəşt edə bilər. İşdə olan, xx.xx.2023-cü il tarixli "Borcun və penyanın hesablanması haqqında arayış"dan görünür ki, Cavabdeh "X4 Olmayan Kredit Təşkilatı" MMCyə xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 574 manat, cərimə borcu 27,2 manat, cəmi borcu 601,2 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.2.7-ci maddəsində göstərilir ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh qarşı pul tələbi hüququnu istənilən vaxt "X4 Olmayan Kredit Təşkilatı" MMC-yə və ya üçüncü şəxslərə güzəşt edə bilər. Cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi borcu 601,2 manat təşkil edir və iddiaçı cavabdehdən məhz həmin məbləği tələb edir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehə nisyə satılmış malların dəyərini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 574 manat əsas borc, 27,2 manat dəbbə pulu, 30 manat məbləğində dövlət rüsumu, cəmi 631,2 manat məbləğində pul alınaraq iddiaçı "X4 Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar