Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-62/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 39 T 0408940; 44477010 saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yerüstü neft kəmərinin 0.7-ci kmdə, 39 T 0408940; 44477010 saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikilisi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, mütəxəssis rəyi ilə razı olduqlarını bildirmiş, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən evi 2003-cü ildə tarixdə atası alıb, alınan vaxt bir otaq idi. Atası alan zaman heç bir sənədlə almayıb. Qonşularından da maraqlanmış, 1995-1996-cı illərdə inşa edilmiş evdir. Evin yarısı mühafizə zonasına düşür. Özü hərbiçi olduğundan 2018-ci ildən o evdə yaşamağa başlamışdır. Ona qədər o evə az-az gəlib gedirdi. Əvvəl o evi götürəndə evin yaxınlığından 2 boru keçirdi, bir boru çürük idi, içindən heç nəyin keçmədiyi görünürdü. Digəri düz onun həyətindən keçir, həmin boruya kanalizasiya xətti qoşublar. Əlavə onu da qeyd etdi ki, o Böyük Şor-Sumqayıt kəməri barədə qonşulardan maraqlanmış ki, həmin o boru son 10-15 ildə inşa edilmiş bir şeydir. Evə baxanda təzə vurulmuş suvaq görünür. İdarənin nümayəndəsi də gələndə onun müharibə iştirakçısı olduğunu bilib evi sökməyiblər. Borunun ətrafında muhafizə zonası olduğundan işarə qoyulmalıdır. Amma orada heç bir nişan yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 39 T 0408940, 44477010 saylı koordinat üzrə 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 25 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsinin mövcud hasarının üzərinə 1 mişar daşı hündürlüyündə 10 metr uzunluğunda əlavə hörgü işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu həmin şəxsə izah edilərək sökülməsi tələb edildi, lakin edilən xəbərdarlığa məhəl qoymayaraq sökməkdən imtina etdi. Qeyd olunanlarla əlaqədar həmin şəxsə görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair yazılı xəbərdarlıq təqdim edildi və ərazi üzrə icra nümayəndəsi Arif adlı şəxsə məlumat verildi, lakin o, növbəti gun sözügedən ünvana baxış keçirəcəyini bildirdi. Qeyd edir ki, sözügedən ünvanda 10 12.2021-ci il tarixdə anoloji işlər aparılan zaman aşkar edilərək müvafiq tədbir görülmüşdür. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, neft kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunazidd olması barədə Cavabdeh yazılı xəbərdarlıq edilmiş və sonuncu xəbərdarlığı imzalamışdır. İş materiallarında olan Azərbaycan Resublikası "xxxx" MMC tərəfindən verilmiş hesabat cədvəlindən görünür ki, X2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi ünvanında yerləşən əmlak 36120 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Resublikası "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, X2 məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak 120000 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1977 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən, mübahisə predmeti olan hasar tikilisi ilə Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yerüstü magistarl neft kəməri arasında məsafənin 36 metr təşkil etdiyini nəzərə alaraq həmin hasar tiklisinin Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş torpaq sahəsi bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir, sahə dövlət mülkiyyət torpağıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinə əsasən övlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən, mübahisə predmeti olan hasar tikilisi ilə Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yerüstü magistarl neft kəməri arasında məsafənin 36 metr təşkil etdiyini nəzərə alaraq həmin hasar tiklisinin Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən 39 T 0408940; ******* saylı koordinat üzrə verilmiş torpaq sahəsi bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir, sahə dövlət mülkiyyət torpağıdır. Cavabdeh tərəfindən kəmərin mühafizə zonasında fərdi yaşayış evi və hasar inşa edilmişdir. Həmin tikili neft kəmərinin mühafizə zonasında yerləşməklə, qanunsuz tikili hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor- Sumqayıt DŞ-700 mm-lik yerüstü neft kəmərinin 39 T 0408940; ******* saylı koordinat üzrə, kəmərdən təqribən 36 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 2 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq SOCAR-ın İddiaçı bank hesabına ödənilməlidir. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən və Cavabdeh müştərək qaydada (hər birindən 25 manat olmaqla) tutularaq VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yerüstü neft kəmərinin 39 T 0408940; ******* saylı koordinat üzrə, kəmərdən təqribən 36 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq SOCAR-ın İddiaçı bank hesabına ödənilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən və Cavabdeh müştərək qaydada qaydada, yəni hər birindən 25 manat olmaqla tutulsun, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-62/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-62/2025
26.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver