Məhkəmə qərarları › İş №e-2(008)-6283/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6283/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6283/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X10, iddiaçı "xxxx" ASCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "4910 manat məbləğində sığorta ödənişinin müştərək qaydada tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "4910 manat məbləğində sığorta ödənişinin müştərək qaydada tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli PBA********** nömrəli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh3 məxsus olan, Cavabdeh1 etibarnamə ilə idarəetmə hüququ əsasında verilmiş və X14 tərəfindən idarə edilən "Toyota Prius" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində saat 07:20 radələrində Binəqədi yolunda "Ford Explorer" markalı **- CP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə X5 və X1 dəymiş xəsarətlə yol-nəqliyyat hadisəsi baş vermişdir. Eyni zamanda "Ford Explorer" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Baş vermiş sığorta hadisəsi ilə bağlı iddiaçı tərəfindən X2 dəymiş zərərə görə 750 manat, X1 dəymiş zərərə görə 750 manat, "Ford Explorer" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş zərərə görə 3410 manat olmaqla, cəmi 4910 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə məhkəmədə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi onlara təklif edilmiş, lakin cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan, "İcbari sığorta müqaviləsinə dair məlumat"dan görünür ki, xx.xx.2023-cü il tarixli PBA********** nömrəli sığorta şəhadətnaməsi ilə "Toyota Prius" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. İşdə olan, Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərarın surətindən görünür ki, Cavabdeh2 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və onun barəsində materiallar inzibati məsuliyyətə cəlb edilməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmiş, Cavabdeh1 sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsini idarə edilməsi üçün veridyinə görə təqsirli bilinmiş və onun barəsində materiallar inzibati məsuliyyətə cəlb edilməsi üçün Binəqədi RPİnin DYPŞ-nə göndərilmişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli "İnzibati xəta haqqında" protokoldan görünür ki, Cavabdeh2 barəsində İXM-nin 332.4-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli "İnzibati xəta haqqında" protokoldan görünür ki, Cavabdeh1 barəsində İXM-nin 335.6-cı maddəsinə əsasən protokol tərtib edilmişdir. İşdə olan, "Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış"dan görünür ki, xx.xx.2023-cü ildə "Toyota Prius" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "Ford Explorer" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman "Toyota Prius" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirli Cavabdeh2, həmin avtomobilin mülkiyyətçisi isə Cavabdeh3dur. Hadisə nəticəsində X12 və X6 yüngül xəsarət almış, X9 idarə etdiyi "Ford Explorer" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X8" publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 1042 nömrəli ekspert rəyinin surətindən görünür ki, X2 yüngül zərər vurulmuş, həmin zərər xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı toqquşmuş avtomobillərin onu vurması nəticəsində əmələ gələ bilərdi. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X8" publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 1157 nömrəli ekspert rəyinin surətindən görünür ki, X1 yüngül zərər vurulmuş, həmin zərər xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı toqquşmuş avtomobillərin onu vurması nəticəsində əmələ gələ bilərdi. İşdə olan, "xxxx" ASC tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli "Zərərin hesablanması aktın"dan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində "Ford Explorer" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3410 manat məbləğində zərər dəymişdir. İşdə olan xx.xx.2023-cü il tarixli AZ0016948 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən X5 hesabına 750 manat pul ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli AZ0016949 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən X3 hesabına 750 manat pul ödənilmişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli AZ0017040 nömrəli "Ödəniş tapşırığın"dan görünür ki, iddiaçı tərəfindən X13 3410 manat sığorta ödənişi edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 3410 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Müəyyən edildi ki, Cavabdeh3 məxsus olan, Cavabdeh1 etibarnamə ilə idarəetmə hüququ əsasında verilmiş və Cavabdeh2 tərəfindən idarə edilən "Toyota Prius" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü ildə "Ford Explorer" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X5 və X1 yüngül zərər vurulmuş, eyni zamanda, "Ford Explorer" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə də maddi zərər vurulmuşdur. Cavabdeh2 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və onun barəsində İXM-nin 332.4-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. Cavabdeh1 sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsini idarə edilməsi üçün verdiyinə görə təqsirli bilinmiş və onun barəsində İXM-nin 335.6-cı maddəsinə əsasən protokol tərtib edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən X13 3410 manat, X7 750 manat, X4 750 manat sığorta ödənişi edilmişdir. Məhkəmə yuxarıda sadalanan normalara əsaslanaraq bu qənaətə gəldi ki, avtomobil Cavabdeh3 mülkiyyətində olsa da, o, avtomobili etibarnamə əsasında Cavabdeh1 sahibliyinə vermişdir. Sonuncu isə məhkəməyə avtomobilin onun sahibliyindən Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində çıxması barədə sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də avtomobilin vurduğu zərər üçün məsuliyyəti Cavabdeh1 və Cavabdeh2 daşıyırlar. İddiaçının tələb etdiyi məbləğ onlardan tutulmalıdır. Cavabdeh3 isə mülkiyyətçi olsa da, avtomobili başqa şəxsin sahibliyinə qanuni əsaslarla verdiyinə görə vurulmuş zərər üçün məsuliyyət daşımır. Bu səbəbdən də iddia ona münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 69,10 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin olunduğuna görə məhkəmə xərcləri onlara aid edilməli və onlardan alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4910 manat məbləğində sığorta ödənişi, 69,10 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı, cəmi 4979,5 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia Cavabdeh3 aid hissədə təmin edilməsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. X19.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar