Məhkəmə qərarları › İş №e-2(008)-6331/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6331/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6331/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8791,14 (səkkiz min yeddi yüz doxsan bir manat, on dörd qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 108,31 (yüz səkkiz manat, otuz bir qəpik) manat dövlət rüsumu, ümumilikdə 8899,45 (səkkiz min səkkiz yüz doxsan doqquz manat, qırx beş qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Toyota Prius" markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində hərəkət edən zaman "Audi A8" markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Sabunçu DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərar ilə "Toyota Prius" markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də "avtonəqliyyat vasitələrinin könüllü sığortası" növü üzrə sığortalanan "Audi A8" markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə 14 445 (on dörd min dörd yüz qırx beş) manat maddi zərər dəymişdir. MİC210059 nömrəli sığorta şəhadətnaməsinə və AKS220185 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 13445 (on üç min dörd yüz qırx beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, "Toyota Prius" markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. "İcbari Sığortalar haqqında" AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, tərəflərindən "xxxx" ASC-ə "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4653,86 (dörd min altı yüz əlli üç manat, səksən altı qəpik) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 8791,14 (səkkiz min yeddi yüz doxsan bir manat, on dörd qəpik) manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh hazırda maddi durumunun pis olduğunu və tələb edilən məbləği hamısını birdən ödəyə bilməyəcəni dedi. Belə ki, mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il, AKS220185 nömrəli sığorta ödəniş aktının surətindən görünür ki, 14445 manat dəymiş zərərin məbləği müəyyən olunmuşdur. İş materiallarında olan BD1 nömrəli xx.xx.2022-ci il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 14445 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən saat 00:00-dan xx.xx.2022-ci il saat 23:59-dək sığorta müddəti müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X5 görünür ki, 14445 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. İş materiallarında olan Təhvil-Təslim aktından görünür ki, avtomobil servisə xx.xx.2022-ci il tarixdə daxil olub, xx.xx.2022-ci il tarixdə isə servis xidməti başa çatıb. İş materiallarında olan İnzibati Tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. X3 Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə "Toyota Prius" markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində hərəkət edən zaman yol-nəqliyyat hadisəsi törətmiş və "Audi A8" markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə zərər vurmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də "avtonəqliyyat vasitələrinin könüllü sığortası" növü üzrə sığortalanan "Audi A8" markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə 14445 manat maddi zərər dəymişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, "Toyota Prius" markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. "xxxx" ASC-yə "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4653,86 (dörd min altı yüz əlli üç manat, səksən altı qəpik) manat ödəniş həyata keçirilmişdir. Sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 8791,14 (səkkiz min yeddi yüz doxsan bir manat, on dörd qəpik) manat təşkil etmişdir. İddiaçı subroqasiya hüququnun yarandığına istinad edir və cavabdehdən bu əsasla qalan 8791,14 manatı geri tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 8791.14 (səkkiz min yeddi yüz doxsan bir manat, on dörd qəpik) manat sığorta ödənişinin və ödənilmiş 108.31 (yüz səkkiz manat, otuz bir qəpik) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 8791.14 (səkkiz min yeddi yüz doxsan bir manat, on dörd qəpik) manat sığorta ödənişinin və ödənilmiş 108.31 (yüz səkkiz manat, otuz bir qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar