Məhkəmə qərarları › İş №e-2(008)-6352/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6352/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6352/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı "1650 manat əsas borc, 500 manat penya borcu, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 510 manat olmaqla, cəmi 2660 manat borcun, 47 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "1650 manat əsas borc, 500 manat penya borcu, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 510 manat olmaqla, cəmi 2660 manat borcun, 47 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli MK/112-2019 nömrəli "Nisyə satış müqaviləsi"nə əsasən, iddiaçı "xxxx" MMC Cavabdeh 3000 manat dəyəri olan "Mondial 125 ZNU" markalı motosikli nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 250 manat ilkin ödəniş edərək motosikli qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətdə və qaydada faizsiz hissəhissə ödəmək şərtilə 2750 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "Nisyə satış müaviləsi"nə Əlavə 1-də (ödəniş cədvəli üzrə) mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, nisyə satış müqaviləsinin obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4-cü bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh nisyə satış müqaviləsinin obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 1650 manat əsas borcu, 500 manat penya borcu, cəmi 2150 manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdeh xx.xx.2019-cı il tarixli MK/112-2019 nömrəli "Nisyə satış müqaviləsi" üzrə son ödənişini xx.xx.2019-ci il tarixdə 100 manat, ümumilikdə cəmi 1350 manat ödəniş etmişdir. İddiaçı "xxxx" MMC 2017-ci ildən nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işgüzar nüfuz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2019-ci ildən başlayaraq iddiaçı "xxxx" MMC-yə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 2021-ci il üçün 7 faiz, 2022-ci il üçün 8 faiz, 2023-ci il üçün 9 faiz, 2024-ci il üçün 7 faiz müəyyən etmişdir. Belə olan halda, iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində: 2021-ci il üçün 115 manat (1650x7%=115 manat), 2022-ci il üçün 132 manat (1650x8%=132 manat), 2023-ci il üçün 148 manat (1650x9%=148 manat), 2024-ci il üçün 115 manat (1650x7%=115 manat), cəmi 510 manat təşkil edir. Bu məbləğ də məhkəmə qaydasında cavabdehdən tutulmalıdır. İddiaçı öz iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.6, 21.1, 21.2, 23.4, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 448.1, 449.1, 449.2, 449.4, 449, 462, 1096.1, 1096.2, 1097.1, 600.1, 600.2, 600.4, 600.5-ci maddələrinə istinad etmişdir. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə məhkəmədə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Cavabdeh məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli ərizədə bildirmişdir ki, həqiqətən "xxxx" MMC-yə 2660 manat borcu vardır. O, borcu ödəməkdən yayınmır, imkanı olmadığı üçün borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK/112-2019 "Nisyə satış müqaviləsi"ndən görünür ki, cavabdeh iddiaçıdan "Mondial 125 ZNU" markalı moped alaraq 30 ay müddətinə hissə-hissə olmaqla, cəmi 2750 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh 1350 manat ödəniş etmiş, onun xx.xx.2023-cü il tarixli müqavilə üzrə "xxxx" MMCyə xx.xx.2024-cü il tarixə 1650 manat əsas, 500 manat cərimə olmaqla, cəmi borcu 2150 manat təşkil edir. İşdə olan xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli "Xəbərdarlıq" məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. İşdən göründüyü kimi, iddiaçının cavabdehdən tələbi aşağıdakı üç hissədən ibarətdir: 1) 1650 manat əsas borc, 2) 500 manat penya borcu, 3) Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış 510 manat borc. Məhkəmə iddiaçının 1650 manat məbləğində əsas borcun ödənilməsi barədə tələbini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 3000 manat dəyərində moped nisyə satılmış, cavabdeh həmin məbləğin 1350 manat hissəsini iddiaçıya ödəmiş, qalan 1650 manat hissəsini isə ödəməmişdir. Cavabdehin iddianı etiraf etməsi həmin hissədə qanuna zidd deyil, ona görə də iddianın etiraf olunması həmin hissədə məhkəmə tərəfindən qəbul edilməli və iddiaçının 1650 manat məbləğində pul tələbi təmin olunmalıdır. İddiaçının 500 manat məbləğində penya borcu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləği nəyə əsasən və hansı qaydada hesabladığını iddia ərizəsində izah etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 445.7-ci maddəsinin xx.xx.2023-cü ilədək, yəni hazırkı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan normalardan görünür ki, penya -- öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir və borcludan penyanın tələb edilə bilməsi üçün şərtlərdən biri bunun qanun və ya müqavilə ilə müəyyənləşdirilməsidir. Penyanın tutulması qanun və ya müqavilə ilə müəyyən olunmamışdırsa, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini borcludan tələb edə bilər. Müəyyən olundu ki, hazırkı işdə tərəflər arasında olan xx.xx.2019-cu il tarixli "Nisyə satış müqaviləsi"ndə penyanın ödənilməsi barədə hər hansı şərt mövcud deyil. Nisyə satılmış əşyanın ödənilməsinin gecikdirilməsinə görə penyanın tutulmalı olması qanunda da nəzərdə tutulmamışdır. Belə olan halda, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə haqlıdır. İşdən görünür ki, cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ hər ayın 17-si 92 manat təşkil etmiş, cavabdeh sonuncu ödənişi xx.xx.2019-cu ildə etmiş, növbəti ödənişi xx.xx.2020-ci ildə etməli olduğu halda, etməmişdir. Deməli, cavabdehin 1650 manat məbləğində borcunu ödəməsi ilə bağlı öhdəliyini pozmağa başladığı tarix xx.xx.2020-ci ildir. Cavabdehin ödənilməmiş 1650 manat borcunun beş faizi (1650 manat:100%x5%) 82,5 manat, bu rəqəmin aylıq hissəsi (82,5 manat:12 ay) 6,87 manat, günlük (6,87 manat:30,4 gün) 0,22 manat olmaqla, cavabdehin ödənişləri etmədiyi xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilədək 4 il 6 ay 18 gün müddət üçün ödəməli olduğu faizlər (82,5x4 il + 6,87x6 ay + 0,22x18 gün) 375,18 manat təşkil edir. Ona görə də iddiaçının cavabdehdən 500 manat penya tələbi qismən, yəni 375,18 manat hissədə təmin edilməli, qalan 124,82 manat hissədə isə təmin edilməməlidir. Cavabdehin 124,82 manat məbləğlə bağlı hissədə iddianı etiraf etməsi qanuna zidd olduğuna görə qəbul edilməməlidir. Bundan başqa, məhkəmə iddiaçının Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış 510 manat borcun ödənilməsi tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin "ondan faydalanmağa görə" müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulan, bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlərin tələb edilə bilməsinin şərtlərindən biri borclunun özgəsinin vəsaitindən faydalanmasıdır. Belə olan halda, iddiaçı "xxxx" MMC məhkəməyə Cavabdeh ona ödənilməsini gecikdirdiyi vəsaitdən faydalanmasını təsdiq edən sübut təqdim etməli idi, lakin o, belə bir sübut təqdim etməmişdir. Ona görə də iddia qeyd olunan hissədə təmin edilə bilməz. Cavabdehin 510 manat məbləğlə bağlı hissədə iddianı etiraf etməsi qanuna zidd olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən, yəni (1650+375,18) 2025,18 manat hissədə (76,14%) təmin olunduğuna görə dövlət rüsumunun mütənasib olaraq (76,14%) 35,78 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Dövlət rüsumunun qalan 11,22 hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli MK/112-2019 nömrəli "Nisyə satış müqaviləsi" üzrə 1650 manat əsas borc, xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilədək ödənişin gecikdirildiyi vaxt üçün illik beş faiz olmaqla 375,18 manat və 35,78 manat dövlət rüsumu, cəmi 2060,96 manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan 11,22 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar