Məhkəmə qərarları › İş №e-2(008)-6353/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6353/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6353/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı EKOSOFT MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı EKOSOFT MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1530 (min beş yüz otuz) manat əsas, 500 (beş yüz) manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022- 2023-2024 cü illər üçün 473 manat cəmi 2503 manat borcun və 46 (qırx altı) manat dövlət rüsumu Cavabdeh alınaraq EKOSOFT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, EKOSOFT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, Cavabdeh MONDİAL 100 SFC markalı motosikl almış onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2019-ci il tarixli müqavilə əsasən əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh MONDİAL 100 SFC markalı motosiklı təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, MONDİAL 100 SFC motosikl üçün aylıq ödəniş məbləği 73 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021 və xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirdiyindən, yəni “ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etmədiyindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən Cavabdeh EKOSOFT MMC-dən alqı-satqı qiyməti 2400 manat olan MONDİAL 100 SFC motosikl üçün əsas borc 1530(min beş yüz otuz) manat, 500 (beş yüz) manat penya borcu müəyyən edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penya ödəyəcəyini vəd etmişdirsə, kreditor penya nin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi, Cavabdeh xx.xx.2019-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Lakin məhkəmə cavabdehdən tələb edilən 500 manat hesablanmış cərimənin tutulması hissəsinə baxaraq münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə əsas borc üzrə cərimə hesablanrəkən tənasüblülük qorunmadığından, iddia tələbi əsas borca münasibətdə qismən 100 manat hissədə müəyyən edilməsi daha ədalətli hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bundan sonra məhkəmə iddia tələbinin “Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024 cü illər üçün 473 manat” borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində qeyd edilən pulun cavabdehdən tutulmasını xahiş etsədə qeyd edilən borc məbləğinin hanıs qaydada və neçə faiz ilə hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia qismən təmin edilməli, Cavabdeh 1530 (min beş yüz otuz ) manat əsas, 100 (yüz) manat cərimə borcu, və 36.30 manat dövlət rüsumu EKOSOFT MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 319-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1530 (min beş yüz otuz) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu olmaqla cəmi 1630 (bir min altı yüz otuz) manat borc və 30.30 (otuz manat otuz qəpik) manat dövlət rüsumu EKOSOFT MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar