Məhkəmə qərarları › İş №e-2(008)-6356/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6356/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6356/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı MTK-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli 46 nömrəli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 99,22 kv.m olan 3 otaqdan ibarət 04 nömrəli mənzilin X3 qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, xx.xx.2023-cü il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 (beş) yüz manat məbləğində kompensasiyanın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumun cavabdehdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli, 46 saylı "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı (yəni "xxxx" MTK) ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 04 nömrəli sahəsi qonşu ilə olan divarların iç kontorundan hesablanmaqla 99,22 kv.m olan mənzili tikib Alıcıya təhvil verməyi və Alıcı öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, mənzilin qiyməti hər kv.m üçün 1070 manat olmaqla ümumi dəyəri 106165 manat müəyyən edilmişdir. Müqavilənin 3.2-ci və 3.3-cü bəndləri ilə Alıcı qalıq borcu üzrə aylıq ödənişi hər növbəti ayın 18-dən gec olmayaraq ödəməsi, əgər göstərilən tarixdən 5 gün ərzində ödəmə gecikdirildikdə ödənilməyən məbləğin hər günü üçün 0.5 % həcmində hesablanan dəbbə pulunun əlavə olaraq Satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 5.5-ci bəndi ilə göstərilən qrafikə əsasənödənişləri vaxtında etmək Alıcının vəzifəsi kimi müəyyən edilmişdir. Müqavilənin 5.6-cı bəndinə əsasən, əgər Alıcı müqavilədə göstərilən qrafikə əsasən ödəməni 3 aydan çox ləngidirsə Satıcı onunla müqaviləyə xitam vermək hüququnu özündə saxlayır. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MTK tərəfindən yuxarıda qeyd edilən müqavilənin predmeti olan mənzil qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İddiaçı MTK ilə cavabdeh arasında təsdiqlənən “Kreditlə verilən mənzillərin ödəniş cədvəli”nə əsasən, Alıcı kreditlə verilən mənzilin dəyəri olan 106165 manat məbləğdən ilkin ödənişi kimi 16165 manat ödəniş etmiş, 90000 manat məbləği müddəti 40 ay olmaqla aylıq ödənişi 2047 manat müəyyən edilmişdir. Yuxarıda qeyd edilən müqavilə üzrə qalıq borcun ödənilməsinə dair mədaxil qəbzlərinə nəzər saldıqda müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə 3400 manat, xx.xx.2019-cu il tarixdə 3400 manat, xx.xx.2019-cu il tarixdə 3400 manat, xx.xx.2019-cu il tarixdə 3400 manat, xx.xx.2019-cu il tarixdə 3400 manat, xx.xx.2020-ci il tarixdə 3400 manat, xx.xx.2020-ci il tarixdə 6141 manat, xx.xx.2020-ci il tarixdə 2047 manat,xx.xx.2020-ci il tarixdə 3094 manat, xx.xx.2020-ci il tarixdə 2047 manat, xx.xx.2020-ci il tarixdə 1047 manat, xx.xx.2020-ci il tarixdə 2040 manat, xx.xx.2020-ci il tarixdə 2040 manat, xx.xx.2021-ci il tarixdə 1500 manat, xx.xx.2021-ci il tarixdə 1644 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 3500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla ümumilikdə cavabdeh tərəfindən MTK-ya 52500 manat ödəniş edilmişdir. Son ödəniş tarixindən bu günədək isə İddiaçı MTK-ya qalıq borc üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. Bu hal xx.xx.2019-cu il tarixli, 46 saylı müqavilənin 3.2-ci və 5.5-ci bəndlərinin tələblərinin cavabdeh tərəfindən kobud surətdə pozulmasını özündə ehtiva edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. xx.xx.2023-cü il traixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında mənzillə bağlı ödənişlərin yarıdan çoxunu etdiyini, hazırda borcunun olduğunu və ödəməyə imkanının olmadığını dedi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından olan Yeni Sabunçu" MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli, 46 saylı "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı (yəni "xxxx" MTK) ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 04 nömrəli sahəsi qonşu ilə olan divarların iç kontorundan hesablanmaqla 99,22 kv.m olan mənzili tikib Alıcıya təhvil verməyi və Alıcı öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarından olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MTK tərəfindən xx.xx.2019-cu il tarixli 46 nömrəli müqavilənin predmeti olan mənzil qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarından olan İddiaçı MTK ilə Cavabdeh arasında təsdiqlənən “Kreditlə verilən mənzillərin ödəniş cədvəli”nə əsasən, Alıcı kreditlə verilən mənzilin dəyəri olan 106165 manat məbləğdən ilkin ödənişi kimi 16165 manat ödəniş etmiş, 90000 manat məbləği müddəti 40 ay olmaqla aylıq ödənişi 2047 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunun tələbindən göründüyü kimi Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmiş bu barədə ona dəfələrlə xəbərdarlıq edilərək aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əməl etməsi tələb olunsa da, o müqavilə öhtəliyini icra etməkdən imtina etmişdir ki, bu hal məhkəmə tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilir. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.1-ci maddəsinə əsasən Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. xx.xx.2019-cu il tarixli müqavilənin 5.6-cı bəndinə əsasən əgər alıcı müqavilədə göstərilən qrafikə əsasən ödəməni 3 aydan çox ləngidərsə, satıcı onunla müqaviləyə xitam vermək hüququnu özündə saxlayır. Müqavilənin 7.4-cü bəndinə əsasən əgər müqaviləyə xitam verilərsə, ödənilmiş məbləğ satıcı tərəfindən alıcıya satılmış mənzil təkrar satıldıqdan sonra qaytarılmalıdır. Eyni zamanda məhkəmə iddianın təmin edilməyən, yəni mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması və mənzil boşaldılanadək hər ay 500 (beş yüz) mant məbləğində kompensasiya ödənilməsi hissəsində hesab edir ki, tələb bu hissədə əsaslı deyil və təmin olunmamalıdır. Belə ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 46 nömrəli müqavilə hazırda qüvvədə olduğundan, mənzil cavabdehin qanuni sahibliyindədir. Həmçinin mənzil boşaldılanadək hər ay 500 manat kompensasiya məbləği ilə bağlı da, hazırda tərəflər arasında bağlanmış müqavilə məhkəmə qaydasında ləğv edildikdən sonra mənzil cavabdeh tərəfindən qaytarılmadığı təqdirdə, iddiaçı vurulmuş ziyan məbləği ilə bağlı gələcəkdə iddia qaldırmaq hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 46 nömrəli müqavilə ləğv edilməli, ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,22 kv olan 3 otaqdan ibarət 04 nömrəli mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzil boşaldılmalı və mənzil Yeni Sabunçu MTK-ya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 50 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 107, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 46 nömrəli müqavilə ləğv edilsin. ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,22 kv olan 3 otaqdan ibarət 04 nömrəli mənzildə yaşayan şəxslər əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzil boşaldılsın və mənzil Yeni Sabunçu MTK-yə təhvil verilsin. Ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar