Məhkəmə qərarları › İş №e-2(008)-6690/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6690/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6690/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3900 manat əsas, 195 manat faiz, 1215 manat cərimə, cəmi 5310 manat və 85 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 05 may tarixli lizinq müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətindəki “Lada Niva” markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-nə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 2022-ci il 05 may tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən “Lada Niva” markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 29 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2022-ci ilin may ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 545 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh 2024-cü ilin avqust ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. 2024-cü il sentyabrın 01-i vəziyyətinə Cavabdeh 3900 manat əsas borcu vardır. Bundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 (bir) faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 (beş) faizi həcmində faiz borcunu ödəməlidir.” 2024-cü il sentyabrın 01-i vəziyyətinə borcun - 3900 manatın illik 5 faizi həcmində hesablanmış 195 manat faiz borcu vardır. Bir aylıq ödənişin 1 faizi həcmində cərimə bir günü 4,50x270gün=1215 manat cərimə ödəməlidir. 2024-cü il sentyabrın 01-dək Cavabdeh İddiaçı ASC-nə 3900 manat əsas, 195 manat faiz, 1215 manat cərimə, cəmi 5310 manat borcu vardır. Lizinq müqaviləsinin 8.4-cü bəndinə əsasən lizinq alan borc öhdəliyini vaxtında və layiqincə icra etmədikdə, lizinq verənin müqaviləni ləğv etmək hüququ vardır. Daha sonra iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə (məhkəmə baxışı mərhələsində) iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4050 manat əsas, 195 manat faiz, 1215 manat cərimə, cəmi 5460 manat və 85 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, İddiaçı ASC-nin mülkiyyətindəki “Lada Niva” markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 2022-ci il 20 may tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən “Lada Niva” markalı 10- PU- 019 dövlət nömrə nişanlı avtomobili lizinqlə 29 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2022-ci ilin may ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 450 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh ona verilmiş cədvələ əməl etməmiş, 2022-ci il mayın 20-dən başlayaraq 2024-cü ilin avqust ayınadək müxtəlif vaxtlarda və məbləğlərdə, cəmi 9150 manat ödəniş etmişdir. 9150:450=20 ay. Müqavilə və cədvəl üzrə təyin edilmiş 29 aydan 20 ayın ödənişlərini etmiş, 9ay x 450=4050 manat borc öhdəliyi icra edilmədən qalmışdır. Bu məbləğin üzərinə iddia ərizəsində göstərilən gecikməyə görə illik beş faizlə 195 manat və 1215 manat cərimə olmaqla, cəmi cavadehin 5460 manat borcu vardır. Həmin borc ondan tələb edilir. Eyni zamanda, borc öhdəliyi icra edilənədək avtomobil onun qanunsuz sahiblik və istifadəsindən alınaraq istismardan çıxarılmalı, İddiaçı ASC-yə qaytarılmalıdır. Cavabdeh borc öhdəliyini icra etdikdən sonra müqavilənin 7-ci bəndinin tələblərinə uyğun avtomobil onun mülkiyyətinə dövlət reyestrində qeydə alınmalıdır. Zəruri sübutları və sənədləri məhkəməyə təqdim etmiş, hazırlıq və mahiyyəti üzrə məhkəmə baxışı iclasında iştirak etmiş, əlavə sübut yoxdur. Onun bu izahatını əsas götürərək işə iddiaçı tərəfin məhkəmə iclasında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 84 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2022-ci il tarixli uzun müddətli icarə (daxili lizinq) müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən “Lada Niva” minik markalı, ağ rəngli, 2020-ci il buraxılışlı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 29 ay müddətinə Cavabdeh lizinqə verilmişdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, lizinq predmetinin qalıq məbləğinin illik 5 faizi həcmində faiz borcunu ödəməlidir. - xx.xx.2022-ci il tarixli lizinq müqaviləsinə 1 nömrəli əlavənin surətindən görünür ki, icarə-lizinq predmeti olan “Lada Niva” markalı ağ rəngli 2020-ci il buraxılışlı nəqliyyat vasitəsinin dəyəri ƏDV ilə birlikdə cəmi 13050 manat razılaşdırılmışdır. - xx.xx.2022-ci il tarixli lizinq müqaviləsinə 2 nömrəli əlavənin surətindən (qəbul aktı) görünür ki, lizinq obyekti olan “Lada Niva” minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmişdir. - ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 21-dən gec olmayaraq 29 ay müddətinə hər ay lizinq alana 450 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, 5 gün ərzində borcun ödənilməsi Cavabdeh təklif edilmiş, əks təqdirdə, lizinq müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh iddiaçıya 3900 manat əsas borc, 1215 manat cərimə borcu, illik 5 faizlə hesablanmış 195 manat faiz borcu olmaqla, cəmi 5310 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş, aylıq lizinq ödənişlərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-nə olan əsas borcu 3900 manat, faiz borcu 195 manat, cərimə 1215 manat olmaqla, cəmi borcu 5310 manat təşkil etmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, lizinq predmetinin qalıq məbləğinin illik 5 faizi həcmində faiz borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 748-13.4-cü maddəsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. İddiaçının nümayəndəsinin izahatına və işin araşdırılan hallarına əsasən cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcu barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbir görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-nə 3900 manat əsas və 195 manat faiz borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Yuxarıda qeyd edildiyi kimi, müqavilə üzrə öhdəlikərin vaxtında icra olunmaması 1215 manat məbləğində cərimənin hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla belə, məhkəmə işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun qeyd olunan tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 195 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli uzun müddətli icarə (daxili lizinq) müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3900 manat borc, 195 manat faiz borcu, 195 manat cərimə olmaqla, cəmi 4290 manat məbləğində pul vəsaiti tutulmalı, “Lada Niva” markalı **- PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, Cavabdeh 62.90 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3900 manat borc, 195 manat faiz borcu, 195 manat cərimə olmaqla, cəmi 4290 manat məbləğində pul vəsaiti və 62.90 manat məbləğində dövlət rüsumu tutulsun. “Lada Niva” minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. İddiaçı ASC tərəfindən artıq ödənilmiş 10.90 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar