Məhkəmə qərarları › İş №e-2(008)-6747/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6747/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6747/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 710 (yeddi yüz on manat) manat məbləğində vurulmuş zərərin və 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidməti haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** VK *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** BB *** dövlət qeydiyyat nişanlı Cadillac STS markalı avtonəqliyyat vasitəsitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. ** BB *** dövlət qeydiyyat nişanlı Cadillac STSmarkalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün ** BB *** dövlət qeydiyyat nişanlı Cadillac STS avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 710,00 manat (yeddi yüz on manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli“Sığorta aktı”na əsasən 710,00 manat (yeddi yüz on manat, 00 qəpik) məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinin surətindən görünür ki, Toyoto Carolla markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək 5000 manat məbləğində "xxxx" ASC-də icbari siğorta ilə siğortalanmışıdr. - xx.xx.2021-ci il tarixli, İXP 34099156 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh barəsində inzibati xətta haqqında protokol tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.6 və 327.1 maddəsində nəzərdə tutulan inzibati xəttanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati tənbeh edilmişdir. Dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, Cadillac STS markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə 710 manat ziyan dəymişdir. AD 847545 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyoto Carolla markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. AC 670345 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cadillac STS markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli siğorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə başq vermiş yol nəqliyyat hadisəsi zamanı ziyan dəyən avtomobilin mülkiyyətçəsi X2 710 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Paşa Siğorta ASC-də icbari siğorta ilə siğortalı olan Toyoto Carolla markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, Cadillac STS markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzə icraat aparılmışdır. Nəticədə Cadillac STS markalı ** BB ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 710 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən 710 manat məbləğində sığorta ödənişi zərərdəymiş avtomobilin sürücüsünə ödənilmişdir. Cavabdeh barəsində tərtib edilmiş inzivati xəta haqqında protokol və qərardan da məlum olur ki, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh, hadisə yerindən yayınmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-də sığortalanmış Cadillac STS markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfində zərər vurulmuş avtomobilə dəymiş zərər İddiaçı ASC tərəfindən tam şəkildə ödənildiyindən və icbari siğorta ilə siğortalanmış təqsirli sürücü hadisə yerindən yayındığından “Paşa Siğorta “ASC həmin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən şəxsdən, yəni Cavabdeh sığorta ödənişinin geri tələb etməkdə haqlıdır, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 710 (yeddi yüz on) manat pul və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar