Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-675/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 qızının, Cavabdehin nümayəndəsi (əri) X2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.03.2018-ci il tarixli 134-LD/18 saylı müqavilə üzrə 31484,5 manat gecikdirilmiş əsas borcun və 9579,16 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat vəsaitin, cəmi 41413,66 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında 12.03.2018-ci il tarixli 134-LD/18 saylı müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsinin əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə damazlıq heyvanları lizinqə götürmüş, lakin öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin 29926,3 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi 26.07.2022-ci il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək 12.03.2018-ci il tarixli 134-LD/18 saylı müqavilə üzrə 9579,16 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh əsas borcu ödəmişdir. Cavabdehin nümayəndəsi (əri) X3 iş üzrə izahat verərək qeyd etdi kiÖ o, əsas borcu tam ödəmişdir. Hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli, 1137 №-li Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçirilmişdir. "xxxx" ASC ********** nömrə ilə 28.01.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC ilə cavabdeh arasında 12.03.2018-ci il tarixli 134-LD/18 saylı lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsinin əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə damazlıq heyvanları lizinqə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimənin hesablanması nəzərdə tutulmuşdur. 28.07.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə 31484,5 manat gecikdirilmiş əsas borcu və 9579,16 manat cərimə borcu yaranmışdır. Qeyd edildiyi kimi, cavabdeh əsas borcu bütövlükdə ödəmişdir. Hazırda iddiaçı cərimə borcun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Lakin, məhkəmə hesab edir ki, cərimə borcunun tutulması barədə iddia qismən təmin edilməli, 957 manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda iddiaçı hüquqi yardımla bağlı ödənilmiş 350 manatın tutulmasını da istəyir. İş materiallarında olan 14.07.2021-cmi il tarixli «Hüquqi yardımın göstərilməsi haqqında müqavilə»dən 350 manat hüquqi yardıma görə ödənişin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə hesab edir ki, 957 manat təmin edilmiş tələbə 350 manat hüquqi yardıma görə hesablanan məbləğ ağlabatan deyil. odur ki, məhkəmə hesab edir ki, hüquqi yardıma görə 150 manat məbləğin tutulması ədalətli olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı dövlət orqanı olduğundan rüsum ödəməkdən azaddır. Bu əsasdan məhkəmə hesab edir ki, 30 manat dövt rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12.03.2018-ci il tarixli 134-LD/18 saylı müqavilə üzrə 957 manat cərimə borcu, 150 manat xidmət haqqı Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-675/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-675/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver