Məhkəmə qərarları › İş №e-2(008)-7048/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7048/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7048/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İlk iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh XXX Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, XXX Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı telefonun İMEİ kodunun deaktiv olunması üsulu ilə Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılma vəzifəsinin "ABC Telekom MMC"nin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh XXX Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********07060 X6 A7LİTE markalı planşet İmei kod **********42083 Samsung Galaxy S23 ultra markalı telefon üçün 3484,84 manat ödənilməmiş hissə, 348,16 manat cərimə, ümumilikdə 3833 manat borc, 58,33 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********07060 X6 A7LİTE markalı planşet, İmei kod **********42083 Samsung Galaxy S23 ultra markalı telefon almış və nəticədə 3833 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4034.84 manat olan əşya üçün 3833 manat olmaqla, ondan 3484.84 manat ödənilməmiş hissə, 348.16 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 550 manatdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmuş, bu əsasdan məhkəmə iddia icraatına keçid etmişdir. XXX Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi (dəqiqləşdirilmiş tələblə) verərək, telefonun İMEİ kodunun deaktiv olunması üsulu ilə Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılma vəzifəsini "ABC Telekom MMC"-nin üzərinə qoyulmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh XXX Cavabdeh məhkəməyə ərizə verərək baxış iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi X3 ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia təmin edilməlidir. İşin faktiki halları aşağıdakılardır. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, iddiaçı İmei kod **********07060 X6 A7LİTE markalı planşet, İmei kod **********42083 Samsung Galaxy S23 ultra markalı telefon cavabdehə satmış və ödəniş cədvəli tərtib edilmişdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri 'Müqavilə'-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da 'ABC' 'mal'-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, 'Müştəri'nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İlk iddia üzrə cavabdehin telefonu deaktiv edilmişdir. Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə aralarında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilə üzrə 3484,84 manat əsas, 348,16 manat cərimə borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddianın qismən, qarşılıqlı iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya 3484,84 manat əsas borc məbləği yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, 3484,84 manat əsas borc məbləği ilk iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin, məhkəmə hesab edir ki ilk iddia cərimənin tutulması hissəsində qismən təmin edilməklə 17,40 manat cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 3484,84 manat əsas və 17,40 manat cərimə, cəmi 3502,24 manat tutulmalı, ilk iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia 3502,24 manat hissədə təmin edildiyinidən 55,02 manat dövlət rüsumu tutulmalı, 3,31 manat iddiaçıya aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, telefonun deaktiv edilməsi qarşılqılı iddia üzrə iddiaçı həmin telefondan təyinatı üzrə istifadə edə bilmədiyindən onun hüquqlarını pozur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********07060 X6 A7LİTE markalı planşet İmei kod **********42083 Samsung Galaxy S23 ultra markalı telefon üçün 3484,84 manat ödənilməmiş hissə, 348.16 manat cərimə, ümumilikdə 3833 manat borc, 58.33 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia qismən təmin edilsin. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********07060 X6 A7LİTE markalı planşet İmei kod **********42083 Samsung Galaxy S23 ultra markalı telefon üçün 3484.84 manat ödənilməmiş hissə, 17,40 manat cərimə, ümumilikdə 3502,24 manat borc, 55,02 manat ödənilmiş dövlət rüsumu cavabdeh XXX Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İlk iddia qalan hissədə rədd edilsin. 3,31 manat ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia iddia təmin edilsin. İmei kod **********42083 Samsung Galaxy S23 ultra markalı telefonun İMEİ kodunun deaktiv olunması üsulu ilə Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılma vəzifəsi "ABC Telekom MMC"-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar