Məhkəmə qərarları › İş №e-2(008)-76/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-76/2024

27.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-76/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin özbaşına tikili hesab edilərək cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin şirkətin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı tikilinin özbaşına tikili hesab edilərək cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin şirkətin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 39T 413351.54; 4478825.86 koordinatlar üzrə yerləşən torpaq sahəsində qanunsuz tikilmiş tikilinin özbaşına tikili sayılaraq sökülməsi, zəbt olunmuş torpaq sahəsinin şirkətin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X1 İcraiyyə Komitəsi) xx.xx.1963-cü il tarixli 38/1477 saylı qərarı ilə “Azneft” İstehsalat Birliyi ”Balaxanıneft” NQÇİ-nin (keçmiş “Leninneft NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün sənaye təyinatlı torpaq sahələri ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviliyə əsasən 1994-cü ildə İddiaçı yaradılmışdır. ARDNŞ İddiaçı MMC-nin fəaliyyəti həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini MMC-nin balansına təsisçi kimi təqdim etmişdir. İddiaçı MMC isə öz fəaliyyətini həyata keçirmək üçün ARDNŞ-nin təqdim etdiyi əsas vəsaitləri, ərazini və xarici investorların qoyduğu sərmayələrdən istifadə edir və hər il fəaliyyət barədə təsisçiləri qarşısında hesabat verir. Həmin ərazi (torpaq sahəsi) 1:10000 xəritə ilə təsdiq edilmişdir. Son illər istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. Belə ki, şirkətin nəzarətçiləri tərəfindən İddiaçı MMC-nin qanuni istifadəsində olan Sabunçu rayonu, Ramana qəsəbəsi, 39T 413351.54; 4478825.86 koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilərkən vətəndaş Cavabdeh tərəfindən torpaq sahəsi zəbt olunmaqla, qeyri-qanuni tikinti işlərinin aparılması aşkarlanmışdır və dərhal vətəndaşa tikintinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh nə zəbt olunmuş torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təstiq edən sənəd təqdim etməmişdir. Tərəflərindən cavabdehə mübahisənin qanuni yolla həll olunana qədər tikintinin dayandırılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “X2 və Ekspertizası Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, 34 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 39T 413351.54; 4478825.86 koordinatlar üzrə yerləşən torpaq sahəsində qanunsuz tikilmiş tikili İddiaçınə ayrılmış torpaq sahəsində yerləşir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 39T 413351.54; 4478825.86 koordinatlar üzrə yerləşən torpaq sahəsində özbaşına tikili inşa olunmuşdur. Həmin özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. Zəbt olunmuş torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsi olmaqla İddiaçınə ayrılmış torpaq sahəsinin daxilindədir. Cavabdehin həmin torpaq sahəsinə və tikiliyə dair heç bir hüquq müəyyənedici sənədləri yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 39T 413351.54; 4478825.86 koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikili özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməli və İddiaçı istifadəsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə onu da vurğulayır ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsinin təsiri altına düşdüyündən, bu tələbə iddia müddəti şamil edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 39T 413351.54; 4478825.86 koordinatlar üzrə yerləşən torpaq sahəsində qanunsuz tikilmiş tikili özbaşına tikili sayılsın və Cavabdeh hesabına sökülsün, torpaq sahəsi şirkətin istifadəsinə qaytarılsın. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar