Məhkəmə qərarları › İş №e-2(008)-797/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-797/2024

30.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-797/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil4, Sabunçu rayon İra Hakmiyyətinin nümayəndəsi (əməkdaşı) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı üçüncü şəxslər: Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi, maraqlı şəxslər: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 1 ünvanında yerləşən torpaq sahəsində apardığı qanunsuz tikinti işləri və bununla bağlı digər qanunsuz hərəkətlərinin cavabdehə və digər şəxslərə qadağan edilməsi; cavabdehin həmin torpaq sahəsində apardığı qanunsuz və özbaşına tikilinin (cavabdehin özünün fərdi yaşayış evi kimi təqdim etdiyi faktiki olaraq çoxmənzilli binanın) cavabdehin öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Qonşusu Cavabdeh Hökümalı qızı özünə məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsində qonşuluq hüququna, şəhərsalma və tikinti normalarına, yanğın təhlükəsizliyi qaydalarına, habelə milli mental dəyərlərə zidd formada özbaşına və qanunsuz tikinti aparmaqdadır. Cavabdehə aid torpaq sahəsində aparılan tikinti işlərinin qanunsuz olması onunla ifadə olunur ki, cavabdeh sözügedən torpaq sahəsində tikməkdə olduğu çoxmənzilli yaşayış binası heç bir tikinti-təhlükəsizlik, texniki normalara, habelə yanğın təhlükəsizliyi və fövqəladə halların aradan qaldırılması ilə bağlı texniki tələblərə uyğun deyil, belə çoxmənzilli binanın tikintisi ilə bağlı aidiyyəti dövlət orqanlarından qanunvericilikdə müəyyən edilmiş qaydada zəruri icazələrin alınması ilə bağlı tərəfindən müvafiq olaraq Sabunçu rayon İcra hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə və Fövqəladə Hallar Nazirliyinə vəkil sorğuları verilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin cavab məktubunda qeyd edilmişdir ki, «ünvan 4 ünvanında yerləşən apartman tipli 3 mərtəbəli 11 mənzilli tikili barədə tikinti işləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə yerli icra hakimiyyəti tərəfindən məlumat daxil olmadığı üçün Ağentlikdə həmin tikili barədə məlumat mövcud deyil». Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, «Cavabdeh Hökümalı qızının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsində hal-hazırda təmir-tikintisi davam edən apartman tipli 3 mərtəbəli 11 mənzilli tikiliyə dair icazənin, layihənin və tikili ilə bağlı tərtib olunmuş digər sənədlərə dair məlumat Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir». Kustar üsullarla aparılmış tikinti, heç bir təhlükəsizlik qaydalarının gözlənilməməsi, elə təkcə həvəskar qaydada qurulmuş elektrik naqilləri sistemi nəticəsində yarana biləcək qısa qapanma və digər hallar, habelə ara məsafələrinin gözlənilməməsi nəticəsində baş verə biləcək yanğın hadisəsinin qısa müddətdə sürətlə yayılması imkanları, məişət səs küyü üçün yaradılmış «münbit şərait», habelə təcili tibbi yardım avtomobillərinin əraziyə giriş çıxışının məhdudlaşması nəticəsində həyat və sağlamlıq üçün yaranan təhlükə və s. faktorlar cavabdeh tərəfindən aparılmış qanunsuz və özbaşına tikinti işlərinin mövcud və perspektiv fəsadlarını göstərir. Məhkəmə iddiaçıya iddia icraatında maraqlı şəxs kimi proses iştirakçısının nəzərdə tutulmadığını və bununla əlaqədar ərizəsini lazımi qaydaya salınmasının zəruri olduğunu bildirmiş, bu yanlışlıqların aradan qaldırılması barədə tapşırıq vermiş, iddiaçı bunu etməmiş, cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etdiyindən, məhkəmə tərəflərin razılığı ilə mübahisə predmtei barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Sabunçu rayon İcra Hakimiyyətini, Bakı şəhəri İcra Hakimiyyətini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyini cəlb etmişdir. Beləliklə, hazırki icraatda tərəflər aşağıdakılardır: İddiaçı, Cavabdeh, üçüncü şəxslər Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyidir. Cavabdeh iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçı iddia ərizəsi üzrə tələbləri tamamilə əsassız olmaqla yanaşı, belə tələblərə onun ümumiyyətlə subyektiv hüququ belə yoxdur. Subyektiv hüquq üç elementin olması, yəni öz hərəkətlərinə huquqi ixtiyarın olması, başqa (borclu) şəxslərdən tələb etmək huququnun olması və müdafiə hüququnun olması ilə yaranır ki, bu halların heç bir iddiaçıda yoxdur. Birinci element qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yanı başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranınasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Sonradan cavabdeh aşağıdakı məzmunda yeni etiraz vermişdir. İşin mübahisəsiz faktiki halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh hasar qonşudurlar. Hazırda Cavabdeh mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində olan tikilinin iki mərtəbəsi iddiaçının mərhum atası Lətif Əsgərovun sağlığında razılığı və xeyir-duvası ilə əvvəlki mülkiyyətçi Mübariz adlı şəxs tərəfindən inşa edilmişdir. Cavabdeh üzərində iki mərtəbəsi inşa edilmiş tikilisi olan torpaq sahəsini alqı-satqı müqaviləsi ilə Mübarizdən almışdır. Cavabdeh həmin tikilini təqdim etdiyi layihə - iki mərtəbə + mansard, hündürlüyü 12 metr olan yaşayış evini mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi üçün müvafiq icra orqanına müraciət etmişdir. Cavabdeh tərəfindən bina inşa edildiyindən sonra hər mərtəbə dörd müstəqil mənzilə bölünmüşdür. İşin mübahisəsiz hüquqi halları aşağıdakılardan ibarətdir:

1. ünvan 5 ünvanında yerləşən 0,06 ha. torpaq sahəsi və ümumi sahəsi 136,80 kv. metr olan fərdi yaşayış evi atasından vərəsəlik qaydasında İddiaçı və onun qardaşı X4 bərabər paylarla paylı mülkiyyətlərindədir.

2. ünvan 6 ünvanında yerləşən 0,10 ha. torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

3. Cavabdeh məlumatlandırma icraatı qaydasında Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək tərtib edilmiş layihə əsasında tikinti işinə başlamaq istədiyini bildirmiş, Sabunçu rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubunda təqdim edilmiş layihənin razılaşdırıldığını bildirmişdir. Məhkəmənin həmin mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərkən və ekspert qarşısında müvafiq suallar qoyularkən məqsədi iddiaçının mübahisələndirdiyi cavabdeh tərəfindən aparılan tikintinin qanunsuz olub-olmamasını, onun qonşu hüquqlarını pozulub - pozulmamasını müəyyən etmək və tikilinin sökülməsi tələbini irəli sürən iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququnun olub-olmadığını araşdırmaq olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə: 1-ci sual üzrə - Cavabdeh tərərəfindən məlumatlandırma icraatı çərçivəsində inşa edilmiş bina razılaşdırılmış layihəyə uyğun inşa edilməmiş; 2-ci sual üzrə -cavabdeh tərəfindən iddaçının istifadəsinə tərəf təsdiq edilmiş layihə sənədlərində öz əksini tapmayan əlavə iki balkon və 4 ədəd pəncərə inşa edildiyi və 3-cü sual üzrə- inşa edilmiş binanın üçüncü mərtəbəsinin faktiki olaraq müstəqil mərtəbə olmaqla, digər mərtəbələrlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Tərəflərindən “Alternativ” Ekspertiza Mərkəzinə müraciət edilərək Cavabdeh tərəfindən məlumatlandırma icraatı çərçivəsində inşa edilmiş binanın razılaşdırılmış layihəyə uyğun inşa edilməsə də, bu tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə, yəni mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmamaqla inşa edilib-edilməməsinin müəyyən edilməsi xahiş edilmişdir. Mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, mübahisəli tikilinin iki mərtəbəsi köhnə, üçüncü mərtəbəsi isə yeni tikili olmaqla yaşayış evinin hündürlüyü 12 mert, mərtəbələri Cavabdeh tərəfindən məlumatlandırma icraatı çərçivəsində inşa edilmiş bina razılaşdırılmış layihəyə uyğun inşa edilməsə də, bu tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə uyğundur. Hesab edirlər ki, tərəflərindən aparılmış tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərindən kənara çıxmadan inşa edildiyindən onun sökülməsinin hüquqi əsasları qanunvericiliklə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1.1, 95-ci maddələrinə əsasən bu məlumatlandırma icraatı qaydasında aparılmış tikilidə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə və bu tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 -ci maddəsinin tələblərindən kənara çıxmadan inşa edilmişdirsə həmin tikilinin sökülməsini deyil, tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş verilməsini nəzərdə tutmuşdur ki, bu göstəriş isə müvafiq icra orqanının, konkret halda rayon icra hakimiyyətinin tərtib etdiyi akt əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən mübahisələndirilə bilər. İddiaçı bu etiraza aşağıdakı qaydada münasibət bildirmişdir. Cavabdeh tərəf istər məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli vəsadətdə, istərsə də “İddia ərizəsinə Etiraz” məktubunda “Cavabdeh Hökümalı qızı tərəfindən məlumatlandırma icraatı çərçivəsində inşa edilmiş binanın razılaşdırılmış layihəyə uyğun inşa edilmədiyini” etiraf edirlər və qəbul edirlər. Cavabdeh Hökümalı qızı və bu layihəyə tək icazə verən müvafiq dövlət orqanı olan Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən “Məlumatlandırma İcraatı çərçivəsində layihə razılaşdırılmasının” qanuni həyata keçirilmədiyini, Şəhərsalma və Tikinti Məcəlləsinin 80,5 və 80,6 -cı maddələrinin kobud şəkildə pozaraq haqqında bəhs edilən tikilinin layihəsi barədə müvafiq məlumatlar Tikintilərin Dövlət Reyestrinə təqdim edilmədiyini, gizlədildiyini, Sabunçu Rayon İcra Hakimiyyətinin hər dəfəsində dəvət olunmalarına baxmayaraq məhkəmə iclaslarında iştirakdan boyun qaçırtmaqla bunu sübut etdiklərini, həmçinin Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli məktubda da Agentliyə məlumatlandırma icraatı və ya tikintiyə icazə icraatı çərçivəsində heç bir sənəd təqdim olunmadığından haqqında bəhs edilən binanın özbaşına tikinti kimi qiymətləndirildiyi açıq şəkildə öz əksini tapır. Cavabdeh tərəf iddiaçının subyektiv hüququnun olmadığında dair qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 4-cü Ərazi X6 İdarəsinin ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda “Mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafələri saxlanlmadığı” və “yaşayış binasının perimetri boyunca yanğın avtomobillərinin hərəkət etməsi mümkün deyil” ifadələrini özündə əks etdirən cavab verilmişdir. Mərhum atası Lətif Əsgərov sağlığında əvvəlki mülkiyyətçi mərhum qonşu Mübarizə razılıq və xeyir-duasını verməyib ???, iddiaçı da Sizə razılıq və xeyir duasını verir, ancaq heç Sabunçu Rayon İcra Hakimiyyətindən aldığınız müvafiq icazə layihəsi çərçivəsində. Torpaq sahəsini və heç bir sənədi, layihəsi olmayan yarımçıq tikilini Mübarizin oğlanlarından satın aldıqda iddiaçının həyətinə doğru yalnız 3 pəncərə inşa edilmişdir ki, onun da 2-si pilləkən boşluğunu işıqlandırmaqdan ötrü nəzərdə tutulmuşdu. Sabunçu Rayon İcra Hakimiyyəti də həmin 3 pəncərə əvəzinə Sizə 5 pəncərə inşa etməyə icazə verib. İddiaçı heç buna da kəskin etiraz bildirməmişdir. İddiaçının da cavabdehdən tələbi, istəyi və gözləntisi icazə almadan (müvafiq dövlət orqanı olan Sabunçu Rayon İcra Hakimiyyətindən), özbaşına, heç bir qayda-qanun gözləmədən inşa etdiyiniz əlavə 7 pəncərənin tamamilə bağlanması, əlavə 1 mərtəbənin sökülməsi (3-cü mərtəbədən söhbət gedir), Binanın D oxunun bitimində 3x5 metr en-uzunu, 12 metr hündürlüyündə inşa edilən balkonların tamamilə sökülməsi, həmçinin qonşu kimi fərdi yaşayış evinə icazə aldığını əsas tutaraq fərdi yaşayış evinə çevrilməsinin yekunlaşması əsasında mehriban qonşuluq prinsipləri əsasında qonşuluq etməyə hazırdır. İş məhkəmə baxışına təyin edildikdən sonra iddiaçı aşağıdakı məzmunda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir: Cavabdeh Hökümalı qızının adına Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihəyə əsasən 2 mərtəbəli 7 metr hüdürlüyündə olan fərdi yaşayış evi layihədən kənar inşa edilmiş zirzəmi hissəsi qalmaqla və fərdi yaşayış evi təyinatı saxlanılmaqla (onun çoxmənzilli binaya çevrilməsi cəhdləri qadağan edilməklə), Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən layihədən kənar İddiaçı istifadəsində olan torpaq sahəsinə tərəf qanunsuz və özbaşına inşa edilmiş 3-cü mərtəbənin, 2 ədəd balkonun və 4 ədəd pəncərənin sökülməsi öhdəliyinin Cavabdeh Hökümalı qızının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yeni bir tələb qoymadığından, iddianın əsasını və predmeti dəyişdirmədiyindən, faiktiki olaraq iddia tələbini azaltdığından və konkretləşdirdiyindən məhkəmə ərizəni icraat qəbul etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdilər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasını keçirməyi mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Eyni zamanda iddiaçı qeyd etdi ki, mübahisəli bina keçmiş mülkiytəçi Mübariz adlı şəxs tərəfindən inşa edilmiş, həmin iki mərtəbə inşa edilərkən iddiaçının mərhum atasından halallıq alınmışdır. Cavabdeh həmin binanın üçüncü mərtəbəsini artıq özü inşa etdirmiş, layihəni dəyişmiş, binanın onun həyətinə baxan hissəsində layihədə nəzərədə tutulmayan pəncərələr açdırmış və balkonlar inşa etdirmiş, tikilməsi razılaşdırılmış bina bir ailə üçün nəzərdə tutulan fərdi yaşayış olmalı olduğu halda, 12 ailə üçün çoxmənzilli ev inşa etdirmiş, binadakı mənzillərin bir qismi artıq satılmış, nəticədə onun həyətinə iki pəncərə əvəzinə daha çox pəncərə açıldığından onun həyətinin daha çox insanın müşahidəsi altında olması, eyni zamanda yaxın qonşuluğundakı evin bir ailənin istifadəsində olması əvəzinə bir neçə ailənin istifadəsinə verilməsi onun hüquqlarını pozmuşdur. Bundan başqa, cavabdeh yanğın təhlükəsizliyi qaydalarını da pozmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil4 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Sabunçu rayon İra Hakmiyyətinin nümayəndəsi (əməkdaşı) X5 izahat verərək qeyd etdi ki, İcra Hakimiyyəti məlumatlandırma icraatı qaydasında iddiaçı tərəfindən aparılan inşaata etiraz etməməyi tam qanuni olmuşdur. Sonradan iddiaçı tərəfindən layihədən kənara çıxmalar aşkar olunduqdan sonra tərəflərindən lazımi tədbirlər görülmüş, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə məlumat verilmiş, məhkəmədə iddia qaldırılmışdır. Məsələnin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir.

Hazırki işin faktiki halları aşağıdakılardır. ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və ümumi sahəsi 136,80 kv metr olan fərdi yaşayış evi İddiaçı və onun qardaşı X4 bərabər paylarla paylı mülkiyyətlərindədir (daşınmaz əmlakın reyestr nömrəsi **********34-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019). ünvan 6 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022, AN838591 torpaq sahəsinin planı və ölçüsü). Hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh həmin torpaq sahəsini 2010-cu ildə alarkən mübahisəli binanın iki mərtəbəsi keçmiş mülkiyyətçi tərəfindən artıq inşa edilmiş, iddiaçı buna etiraz etməmiş və cavabdeh torpaq sahəsini yarımçıq tikili ilə bir yerdə almışdır. Belə ki, cavabdeh həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixdə almışdır. Cavabdeh məlumatlandırma icraatı qaydasında Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək tərtib edilmiş layihə əsasında tikinti işinə başlamaq istədiyini bildirmiş, Sabunçu rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubunda təqdim edilmiş layihənin razılaşdırıldığını bildirmişdir. Cavabdehin təqdim etdiyi layihə - iki mərtəbə + mansard, hündürlüyü 12 metr yaşayış evidir. Cavabdeh tərəfindən mansard əvəzinə müstəqil üçüncü mərtəbə inşa etdirmiş, bina inşa edildiyindən sonra hər mərtəbə dörd müstəqil mənzilə bölünmüş və bəzi mənzillərin notarial qaydada ilkin alqı-satqısı həyata keçirilmişdir. Məhkəmə tərəfindən məhkəmə tikinti-ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir. Cavabdeh sifarişi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nefitcilər küçəsində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin üzərində hündürlüyü 7,0 m olan iki mərtəbəli fərdi yaşayış evinə dair layihə tərtib edilmiş və həmin layihə Sabunçu Rayon İcra Hakimiyyəti Təsərrüfat Şöbəsinin möhürü ilə Razılaşdırılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi iki tərəfdən qonşu sahələrlə, iki tərəfdən isə yol ilə əhatə olunmuşdur. Baxış zamanı torpaq sahəsinin üzərində üç mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi, fərdi yaşayış evinin qonşu ilə sərhəd divarı arasında olan ara məsafəsinin ən yaxın hissədə 0,53 m (53 sm), ən uzaq hissədə 1,22 m (122 sm) olduğu müəyyən edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş layihə sənədləri ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında müqayisəli tədqiqat aparılan zaman, fərdi yaşayış evinin 2-ci mərtəbəsinin üzərində əlavə tikinti işləri aparılaraq mansard mərtəbənin yaradıldığı, layihə sənədlərində öz əksini tapmayan əlavə pəncərələrin açıldığı, eləcə də, tikilinin mərtəbələr üzrə daxilində tikinti işləri aparılaraq arakəsmə divarları inşa edilərək ayrı-ayrılıqda mənzil kimi istifadə edildiyi, layihə sənədlərində olan 1-ci və 2-ci mərtəbə planında ümumi sahəsi 6,6 kv.m göstərilən eyvan tikililərinin sol hissəsində tikinti işlərinin aparıldığı, fərdi yaşayış evinin hündürlüyünün 12,0 m olduğu müəyyən edilmişdir. Tədqiqatın nəticəsi olaraq Cavabdeh tərəfindən məlumatlandırma icraatı çərçivəsində inşa edilmiş binanın razılaşdırılmış layihəyə uyğun inşa edilmədiyi, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinə tərəf təsdiq edilmiş layihə sənədlərində öz əksini tapmayan əlavə 2 ədəd balkon və 4 ədəd pəncərənin inşa edildiyi, cavabdeh tərəfindən inşa edilmiş binanın üçüncü mərtəbəsi faktiki olaraq müstəqil mərtəbə olmaqla, digər mərtəbələrlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən səlahiyyətli dövlət orqanlarına mübahisəli bina ilə əlaqədar çoxsaylı müraciətləri olmuş, həmin orqanlar tərəfindən aşağıdakı cavab məktubları gəlmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən iddiaçıa göndərimiş: xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, aparılan tikinti işləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə yerli icra hakimiyyəti tərəfindən məlumat daxil olmadığı üçün Agentlikdə həmin tikili barədə məlumat mövcud deyil; xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarınnda qeyd edilmişdir ki, Cavabdeh Hökümalı qızı tərəfindən tikilmiş tikintinin layihədən kənarlaşma ilə aparılması müəyyən olunmuş, qeyd edilənlərlə bağlı aidiyyəti üzrə müvafiq tədbirin görülməsi uçun tərəflərindən Sabunçu Rayonu İcra Hakimiyyətinə xx.xx.2024 cü il tarixli məktub ünvanlanmışdır. Adıçəkilən xx.xx.2024 cü il tarixli aşağıda qeyd olunan məktubun surəti idiaçıya təqdim edilmişdir. Mütəxəssislər tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh Hökümalı qızına məxsus 0.10 ha torpaq sahəsində yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyi 24 yanvar 2023-cü il tarixli 5-18/2-M-24-151/2023 nönrəli məlumatlandırma icraatı ilə təqdim edilmiş 2 mərtəbəli memarlıq planlaşdırma layihəsi Sabunçu Rayon İcra Hakimiyyətində baxılaraq razılaşdınlmasına baxmayaraq, layihə üzrə nəzərdə tutulmayan əlavə zirzəmi və bir mərtəbə inşa edilmiş, binanın fasad hissəsinə tikililər artırılaraq əlavə pəncərələr, nəfəslik və eyvan qapısı quraşdırılmışdır. Yaşayış binası şimal-qərb tərəfdən D oxu üzrə binanın hasardan olan ara məsafəsi layihə üzrə 2.20 m nəzərdə tutulduğu halda, yerində 0.50 m inşa edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, zirzəmi +3 mərtəbəli çoxmənzilli binanın tikintisinə dair məlumatlandırma icraatı olmadığından yol verilən nöqsanlar barədə aidiyyəti üzrə müvafiq tədbir görülməsini xahiş edirlər. Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 4-cü ərazi DYNİ tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinə zidd olaraq Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikinti barədə DYNX-nə məlumatlandırma icraatı və tikintiyə icazə icraatı çərçivəsində heç bir sənəd təqdim olunmadığından obyektdə tərəfimizdən tikintiyə dövlət nəzarəti həyata keçirilməmişdir. Baxış zamanı müraciətdə yanğın təhlükəsizliyinə dair norma və tələblərin yerinə yetirilmədiyi faktı öz əksini tapmışdır. Belə ki, -yaşayış binasının layihə sənədləri X6 Xidməti ilə razılaşdırılmayıb -yaşayış binasının zirzəmi sahəsi avtodayanacaq kimi nəzərdə tutulub, hal-hazırda yanğına qarşı heç bir tələb yerinə yetirilməyib; -yaşayış binası yanğın su hovuzu ilə təmin edilməyib; -yaşayış binası ilkin yanğın söndürmə ləvazimatları ilə təmin edilməyib; -yaşayış binası avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib; -yaşayış binası daxili yanğın su kranları ilə təmin edilməyib; -yaşayış binasının perımetr boyunca yanğın avtomobillərin hərəkət etməsi mümkün deyil; -mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafələri saxlanılmayıb. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ünvanlanmış xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, məsələnin ətraflı araşdırılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinə müvafiq tapşırıq verilmiş və bununla əlaqədar rayon icra hakimiyyətinin cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsində yerləşən 0.10 ha torpaq sahəsində inşası nəzərdə tutulan fərdi yaşayış evinə dair müvafiq sənədlər rayon icra hakimiyyəti ilə razılaşdırılmışdır. Lakin tikinti işlərinin gedişatı zamanı rayon icra hakimiyyəti tərəfindən razılaşdırılmış tikinti layihəsindən kənarlaşmaya yol verildiyi aşkar olunduğundan bununla əlaqədar sahibkara xəbərdarlıq edilmiş, eləcə də, qanunvericilikdə müəyyən olunmuş aidiyyəti dövlət qurumlarına mövcud tikiliyə dair tədbirlər görülməsi məqsədilə müraciət olunmuşdur. Bununla yanaşı Sabunçu Rayon icra Hakimiyyəti tərəfindən qeyd olunan məsələ ilə bağlı ərazi üzrə məhkəmə orqanı qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq ve Şəhərsalma Baş idarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünr ki, fərdi yaşayış evində layihədən kənarlaşmaya yol verilərək əlavə 1 mərtəbə, zirzəmi inşa edilmiş, binanın fasad hissəsinə əlavə pəncərələr və nəfəslik artırılmış, həyətyanı hasarın bir hissəsi sökülmüş, həmçinin ara məsafəsi D oxu üzrə 2,20 m nəzərdə tutulduğu halda 0,50 m məsafə saxlanılmışdır. Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubda qeyd edilmişdir ki, inşaat işləri zamanı layihədən kənarlaşmaya yol verilərək əlavə mansard mərtəbəsi, balkonlar inşa edilmişdir. Dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq vətəndaş tərəfindən tikinti işlərinin layihəyə uyğunlaşdırılması həyala keçirilmədiyindən inşa edilmiş əlavə balkonlar sökülmüş, iddiaçının həyətinə baxan pəncərələrin qarşısı bağlanmış, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumatlandırılmış, buna dair bütün məlumatlar isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Hazırda iddiaçı: evin layihədən kənar inşa edilmiş zirzəmi hissəsi qalmaqla və fərdi yaşayış evi təyinatı saxlanılmaqla (onun çoxmənzilli binaya çevrilməsi cəhdləri qadağan edilməklə), İddiaçı istifadəsində olan torpaq sahəsinə tərəf qanunsuz və özbaşına inşa edilmiş 3-cü mərtəbənin, 2 ədəd balkonun və 4 ədəd pəncərənin sökülməsini istəyir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin ….. tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (AR FHN) həyata keçirir. 80.6-cı maddəsinə əsasən bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Beləliklə, cavabdeh adıçəkilən 80.1-ci maddəsinə uyğun olaraq məlumatlandırma icratı çərçivəsində tikinti işlərinə başlamış, lakin yuxarıda sadalanan işin faktiki hallarından, ekspert rəyindən göründüyü kimi, cavabdeh inşaatı layihəyə uyğun aparmamış, bu zaman 80.1-ci maddəsində göstərilən tələblərdən də kənara çıxmamışdır (yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evi). 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 13.1.1-ci maddəsinin mənasına görə yaşayış evi, yaşayış evinin hissəsi yaşayış sahəsi sayılır. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Qeyd olunan qanun normalarından müəyyən olunur ki, cavabdeh layihəsində hündürlüyü 12 metrdən çox olmayan binada bir neçə bir birindən təcrid yaşayış sahəsinin tikilməsini göstərsəydi, bu tikinti artıq icazəsi tələb olunan tikililərə aid ediləcəydi. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.6-cı maddəsinə əsasən başlanılası tikinti barədə məlumatın Tikintilərin Dövlət reyestrinə ötürülməsini təmin etmək müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun vəzifəsi hesab edildiyindən buna görə cavabdeh məsuliyyət daşımır. Şəhərsalma və Tikinti Məcəlləsinin: 92.1-ci maddəsinin mənasına görə müvafiq icra hakimiyyəti orqanı (AR FHN) tikinti işlərində aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına (AR FHN) məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı (AR FHN) pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı (AR FHN) sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92.4.3-cü maddəsinin mənasına görə bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda və 92.4.4-cü maddəsinə əsasən bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda tikintiyə dövlət nəzarəti çərçivəsində müvafiq icra hakimiyyəti orqanına (AR FHN) hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. 95.1.3-cü maddəsinini mənasına görə Məcəllənin 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. 95.3-cü maddəsinin mənasına görə müvafiq icra hakimiyyəti orqanı (AR FHN) tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Qanunun sadalanan normalarından görünür ki, hazırki iş üzrə cavabdeh tərəfindən tikinti işlərinin tikintiyə icazəyə uyğun aparılmadığı müəyyən edildikdə, eyni zamanda həmin tikintinin hazırki işdə iddiaçının evinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaratdığı aşkar edildiyi halda həmin tikilinin sökülməsi barədə iddia qaldırmaq hüququ yalnız Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının bu əsaslarla iddia verməyə subyektiv hüququ movcud olmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». İddiaçı eyni zamanda aşağıdakı hüquqlarının pozulmasına istinad edir: onun həyətinə nəzərdə tutulan pəncərə və balkondan çox pəncərə və balkonun açılması; yaxın qonşuluqda yerləşən evin bir ailə deyil, daha çox ailəyə xidmət etməsi. Buna dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, pəncərə və bakonun sayının, eyni zamanda evdə bir ailə və ya bir neçə ailənin yaşaması ilə iddiaçının hüququnun pozulması arasında səbəbli əlaqə barədə iddiaçı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, Sabunçu rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli məktubunda inşa edilmiş əlavə balkonların söküldüyünü, iddiaçının həyətinə baxan pəncərələrin qarşısının bağlandığını bildirmişdir. İddiaçı hazırda ara məsafələrə toxunmasa da, məhkəmə qeyd etmək istəyir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh torpaq sahəsini 2010-cu ildə alarkən mübahisəli binanın iki mərtəbəsi keçmiş mülkiyyətçi tərəfindən artıq inşa edilmiş, iddiaçı buna etiraz etməmiş və cavabdeh torpaq sahəsini yarımçıq tikili ilə bir yerdə almışdır. Yəni, ara məsafələr artıq o zaman pozulmuş və iddiaçı bunu qəbul etmişdir, iddiaçının keçmiş mülkiyyətçiyə qarşı bununla bağlı iddia qaldırmaması hazırki iddiaçıya qarşı iddianın qaldırılırmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar