Məhkəmə qərarları › İş №e-2(008)-8468/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-8468/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-8468/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı "xx.xx.2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 300,6 manat əsas, 45 manat cərimə olmaqla, cəmi 345,6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xx.xx.2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 300,6 manat əsas, 45 manat cərimə olmaqla, cəmi 345,6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli ********* müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə məhkəmədə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Cavabdeh məhkəməyə verdiyi xx.xx.2023-cü il tarixli ərizədə bildirmişdir ki, həqiqətən "xxxx" MMC-yə 345,60 manat borcu var. O, borcu ödəməkdən boyun qaçırmır və hal-hazırda maddi imkanla əlaqədar ödənişləri vaxtında ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli "Müddətli (nisyə) alqı-satqı müqaviləsi"ndən görünür ki, cavabdeh iddiaçıdan 5 ədəd "Samsung" markalı, 1 ədəd "Xiaomi" markalı mobil telefonlar və "Casio" markalı smart saat alaraq, 18 ay müddətinə hissə-hissə, cəmi 1830,6 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli "Maliyyə arayışı"ndan görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 300,6 manat əsas, 450 manat cərimə olmaqla, cəmi borcu 750,6 manat təşkil edir. İşdə olan "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə- hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, iddiaçının cavabdehə əsas borcu xx.xx.2022-ci il tarixli müqavilə üzrə 300,6 manat təşkil edir. Cavabdehin tələbi həmin məbləğin, eləcə də həmin müqavilə üzrə 45 manat dəbbə pulunun ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehə nisyə satılmış malların dəyərini, eləcə də ödənilməsi gecikdirilmiş məbləğə görə dəbbə pulunu tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 300,6 manat ödənilməmiş hissə, 45 manat cərimə borcu, 30 manat dövlət rüsumu, cəmi 375,6 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar