Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-921/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər İddiaçı, Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İddiaçı, Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə cəmi 5400 manat məbləğində kompensasiya ödəməklə onun mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi evə (mənzilə) istifadə hüququna xitam verilməsi, cavabdehlərin əşyaları ilə birgə həmin evdən (mənzildən) məcburi çıxarılmaları, evin (mənzilin) həyatyani sahəsində onun tərəfindən inşa edilmiş tikilidə hər hansı bir tikinti inşa-işlərinin aparılmalarına qadağa qoyulması, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı xx.xx.1954-cü il təvəllüdlü X1 ilə birgə ünvan 2 ünvanında yaşayır. Həmin evin mülkiyyətçisi olduğunu təsdiq edən Qeydiyyat vəsiqəsi Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 13 iyul 1950-ci ildə verilmişdir. 08 iyul 1995-ci il tarixli Texniki pasportda olan məlimata əsasən 2 otaqlı mənzilin ümumi sahəsi 46,43 kv metrdir. Belə ki, mənzilin yaşayış sahəsi: hər otaq 17, 85 kv metr olmaqla ümumi 35,7 kv metr, balkon isə 10,73 kv metr təşkil edir. Bənövşə Hüseynova ilə birgə nikahdan iki övladı var: X3 ailə quraraq başqa evə köçmüşdür. Oğlu Cavabdeh1 nikaha daxil olmuş, xx.xx.2003-cü ildən onlarla birgə həmin mənzildə yaşayırlar. Oğlu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 uzun müddətdir ki, ona və anasına qarşı kobud davranır, səbəbsiz olaraq mübahisə edir, hətta onlara qarşı zorakı hərəkətlər edir. Dəfələrlə bu haqda Daxili İşlər Nazirliyinə, Sabunçu Rayon Polis İdarəsinə müraciət olunub, müvafiq araşdırma aparılmış, övladı olduğu üçün onu bağışlamaq məcburiyyətində qalmış, bir valideyn kimi onun cinayət məsuliyyətinə cəlb edilməsini istəməmişdir. Lakin, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 onlarla bir mənzildə yaşaması artıq mümkünsüzdür, onların səbəbsiz olaraq mübahisə etmələri dözülməzdir. Belə ki, sonuncu dəfə xx.xx.2023-cü ildə Şahin və həyat yoldaşı İlahə onunla və həyat yoldaşı olan Bənövşə ilə mübahisə etmiş, X4 Nazirliyinin "102" qaynar xəttinə (xidmətinə) zəng etmək istəyərkən telefonu əlindən alaraq sındırmış, Bənövşəyə qarşı zorakı hərəkətlər edilmiş, buna görə tərəfindən xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Səhhətində problemlər mövcuddur, bu yaşda hər ikisi üçün övladları və onun həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmaq, mütəmadi olaraq mübahisə etdikdə psixi gərginlikdə yaşamaq çox çətindir. Bu səbəbdən mülkiyyətçisi olduğu mənzilə oğluna (onun həyat yoldaşına) müvafiq kompensasiya ödəməklə istifadə hüququna xitam vermək, məhkəmə qaydasında evdən məcburi çıxarmaq qərarına gəlmişdir. O, Bənövşə Hüseynova ilə evin həyatyani sahəsində öz vəsaitləri, əmək pensiyalarının hesabına bir tikili tikdirmişlər. Həmin tikili 2 mərtəbədən ibarət, 1-ci mərtəbəsi mişar daşlardan (kubikdən), 2-ci mərtəbə isə qırmızı kərpicdəndir. Həmin tikililiyə hər hansı bir rəsmi sənəd olmadığından özbaşına tikili hesab edilir. Lakin cavabdehlər onlara müvafiq kompensasiya ödəməklə fərdi evdən (mənzildən) istifadə hüquqlarına xitam veriləcəyini bilib, dəfələrlə cəhd ediblər ki, fərdi evin həyatyani sahəsində inşa edilmiş tikilidə inşa-tikinti işlərini öz vəsaitləri hesabına başa çatdırmaqla həmin tikiliyə sahiblənsinlər. Ona görə də, cavabdehlərə fərdi evin həyatyani sahəsində inşa edilmiş tikilidə hər hansı bir tikinti-inşa işlərinin aparmalarına qadağa qoyulmalıdır. Mülkiyyətində olan mənzil Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşir, həmin ərazidə eyni şəraitli evin (mənzilin) 1 otağının kirayə haqqı orta hesabla maksimum 150 manat təşkil edir. Buna görə cavabdehlərin istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 5400 manat məbləğində kompensasiya onların davamlı sürətdə və müəyyən müddət daxilində, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı verir və cavabdehlərin evdən istifadə hüququnun itirilməsi üçün yetərlidir. Cavabdehlərə yetərli məbləğdə kompensasiya verilərək istifadə hüququna xitam verildikdən sonra onlar himayələrində olan 1 uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etmiş olurlar, həmin hal yetkinlik yaşına çatmamış uşaqlarının hüquq və mənafelərini pozmur. Mənzilin uzun müddət istifadəsində olması əsas verir ki, bu mənzilə onun sahiblik və istifadə hüququnu məhkəmə qaydasında tanınsın. Həmçinin mənzillə bağlı tam təsərrüfat səlahiyyətinə malik olduğu üçün hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüquqlarının xitam verilməsinə, müvafiq kompensasiya ödənməklə onların mənzildən məcburi çıxarılmalarını tələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, rəy ilə razıdılar, iddia tələbi əsaslıdır, odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, mülkiyyətçinin kompensasiya verməklə istifadə hüququna xitam verilməsi hüququ vardır. Əsas məsələ məbləğ məsələsidir. Evin qiyməti barədə sübut təqdim edilməyib. Məhkəmə sübuta istinad etməlidir, lakin qiymət barədə sübut yoxdur. İddiaçı 1995-ci ildən orada yaşayır, başqa tikili etməyib. Cavabdehlər öz hesabına ev tikiblər, lakin tikiliyə dair sənədləri yoxdur. Pirşağıda evlərin bazar qiyməti barədə məlumatıları yoxdur. 50000 manat məbləğində kompensasiya verilərsə, razılığa gələ bilərlər. Bu məbləğ tərəfin istəyinə görə müəyyən edilmişdir, hər hansı sübutları yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1995-ci ildə verilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzil İddiaçı şəxsi mülkiyyətində olan mənzildir. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş "Qeydiyyat Vəsiqəsi"ndən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında xx.xx.1995-ci ildə 30/61381 nömrə ilə qeydiyyat aparılmışdır. - AR DİN "Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilində iddiaçı və cavabdehlər qeydiyyatdadırlar. - xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin "Müşayiət məktubu"ndan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilin xx.xx.2024-cü il vəziyyətinə satış üçün bazar dəyəri 23540 manat, likvid dəyəri 22363 manat, 1 ay üçün nəzərdə tutulmuş icarə haqqı dəyəri ortalama 150-180 manat aralığında müəyyən olunmuşdur. İş üzrə müəyyən edilmiş mübahisəsiz hal ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilin mülkiyyətçisi 1995-ci ildən İddiaçıdur. O, həmin evdə xx.xx.1954-cü il təvəllüdlü həyat yoldaşı X1 ilə birgə yaşayır. Bundan başqa, sözügedən evdə cavabdehlər olan iddiaçının oğlu Cavabdeh1 elı mənzil iddiaçıya verilən vaxtdan orda yaşayır. İddiaçının gəlini Cavabdeh2 isə 2003-cü ildən qeyd olunan ünvana gəlin olaraq köçüb və yaşayır. Həmin ünvan üzrə qeydiyyatdadırlar. Bundan başqa, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilin həyatyani sahəsində özbaşına tikili inşa edilmişdir. İşin mübahisəli halları cavabdehlərin istifadə hüququnun xitam verilməsi üçün əsasın olub-olmaması, olduqda isə onlara ödəniləcək kompensasiyanın məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 dünyaya gələndən (1978-ci ildə doğulub) mübahisəli evdə yaşayıb, buna görə də araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi iddiaçının oğlu İddiaçı sözügedən mənzilə istifadə hüququ yaranmışdır. Lakin, iddiaçının gəlinin mübahisəli mənzilə 2003-cü ildə köçdüyünə görə tərəflər arasında hüquq münasibətləri həmin zaman yaranmış və cavabdehin mübahisəli evə istifadə hüququnun olub-olmaması həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının MM-nın 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının MM-nın 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan, notariat qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə Cavabdeh2 ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi ilə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh2 sözügedən mənzilə istifadə hüququ yaranmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının oğlu Cavabdeh1 istifadə hüququna kompensasiya verlməklə xitam verilə bilər. Onun həyat yoldaşı Cavabdeh2 isə həmin mənzilə istifadə hüququ olmasa da, o mənzildə yaşayır və istifadə hüququ yaranmadığına görə oradan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehlərin həmin mənzildə qeydiyyatda olması və yaşaması ilə məhdudlaşdırılmış o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehlər maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş "bazar qiyməti ilə müvafiq kompensasiya" ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin "Müşayiət məktubu"ndan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilin 1 ay üçün nəzərdə tutulmuş icarə haqqı dəyəri ortalama 150-180 manat aralığında müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya ilə Cavabdeh1 ailəsi ilə 3 il müddətə mənzil ilə təmin edilmiş olur. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında mövcud olan vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehin ailəsi ilə təxminən üç il müddət ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, İddiaçı tərəfindən 5400 manat kompensasiya verilməklə, Cavabdeh1 istifadə hüququna xitam verilməli, o və Cavabdeh2 ünvan 1 ünvanında olan fərdi evdən (mənzildən) çıxarılmalıdırlar. Müvafiq kompensasiya məbləğinin verilməsi ilə Cavabdeh1 istifadə hüququna xitam verilməsi, onun və Cavabdeh2 ünvan 1 ünvanında olan fərdi evdən (mənzildən) çıxarılmaları eyni vaxtda icra olunmalıdır. Həmçinin iddia tələbində göstərilən həyətyanı sahə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus mənzilin həyətyanı sahəsində inşa edilmiş özbaşına tikilinin kim tərəfindən tikilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Lakin, onu da qeyd etmək lazımdır ki, məhkəmə həmin tikilidən cavabdehlərin çıxarılması və yaxud tikilinin sökülməsi tələbinə baxmadığına görə hazırki vəziyyətdə tikilinin kimin tərəfindən tikilməsinin araşdırılmasını məhkəmə zəruri hesab etməmişdir. Lakin, bundan sonra cavabdehlərin iddiaçının mülkiyyətində olan evə dair heç bir hüququ qalmayacağına görə onların iddiaçının evinin həyətyanı sahəsində də hər hansı tikilinin aparması onlara qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehlərə aid edilməli, həmin məbləğ onlardan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi S.Hüseynzadə küçəsi küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birgə həmin evdən (mənzildən) çıxarılsınlar. Müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh1 verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması eyni vaxtda icra olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilin həyatyani sahəsində cavabdehlər tərəfindən hər hansı bir tikinti inşa işlərinin aparılmalarına qadağa qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğin dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-921/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-921/2024
07.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver