Məhkəmə qərarları › İş №e-2(008)-923/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-923/2024

27.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-923/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ″Neft Kəmərləri″ İdarəsinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ″Neft Kəmərləri″ İdarəsinin Cavabdeh qarşı ″özbaşına tikilinin sökülməsi″ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın ″Neft Kəmərləri″ İdarəsinin istismarında olan Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərlərinin 0,9-cu km-də, 2-ci arada, kəmərə perpendikulyar, kəmərdən təqribən 20 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən mühafizə zonaları daxilində inşa edilmiş bütün tikililərin (fərdi yaşayış evi, hasar, çardaq və s.) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olan Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 0.9-cu km-də, 2-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 20 metr aralı məsafədə, ünvan 1 ünvanında Cavabdeh tərəfindən mühafizə zonaları daxilində inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq faktları aşkar edilmişdir. Sözügedən fərdi yaşayış evinin qaz sayğacının nömrəsi əsasında "Azəriqaz" İBnə sorğu verilmiş və müəyyən edilmişdir ki, sözügedən qaz sayğacı iş üzrə Cavabdeh adına xx.xx.2018-ci il tarixli A(02)34064 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, rəylə razı olduqarını bildirdi və tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü ildə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 09:50-də 15-16 saylı postların ərazisində (ünvan 1) Sabunçu- Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərlərinin 0,9-cu km-də, 2-ci arada, kəmərə perpendikulyar, kəmərdən təqribən 20 metr aralı məsafədə, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış evin həyətyanı sahəsində 6 metr enində 12 metr uzunluğunda çardaq quraşdırılaraq tamamlanması aşkar edilmişdir, qapı bağlı olduğu və evdə heç kim olmadığı üçün hüquqi prosesləri həyata keçirmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/1- 10/6480 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçının istismarında olan Sabunçu- Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərlərinin 0,9-cu km-də, 2-ci arada, kəmərə perpendikulyar, kəmərdən təqribən 20 metr aralı məsafədə, x-409129, y-4477891 nömrəli koordinatlarda tikinti işləri aparıldığı göstərilmiş, vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Balaxanı Oil), istinad kordinatı verilmiş sahə bütövlükdə neft kəmərinin mühafizə zolağında yerləşdiyi göstərilmişdir, sahədən 22-23 metr məsafədə işlək neft quyusu məlumatı mövcud olduğu göstərilmişdir. İş materillarında olan qəbzin surətindən görünür ki, 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara:

1. dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;

2. dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;

3. yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;

4. meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla);

5. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları;

6. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar;

7. təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları;

8. dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları;

9. dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar;

10. dövlət ehtiyat fondu torpaqları daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə görə, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, bu torpaqlar həmin Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ″Neft Kəmərləri″ İdarəsinin Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərlərinin 0,9-cu km-də, 2-ci arada, kəmərə perpendikulyar, kəmərdən təqribən 20 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında x-409129, y-4477891 nömrəli koordinatlarda Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evi, hasar, çardaq və digər tikili onun hesabına sökülməli və tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci ildə ********* nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyi üçün həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Həmçinin ekspertizanın keçirilməsi üçün aparılmış tədqiqat qiymətinin 100 manat olması da ekspertiza xərclərinə dair bildirişdə öz əksini tapmışdır. İddia tələbi təmin olduğu halda ekspertiza xərci olan 100 manat pul məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. SOCAR-ın ″Neft Kəmərləri″ İdarəsinin istismarında olan Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərlərinin 0,9-cu km-də, 2-ci arada, kəmərə perpendikulyar, kəmərdən təqribən 20 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən mühafizə zonaları daxilində inşa edilmiş fərdi yaşayış evi, hasar, çardaq və sair tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İş üzrə ekspertiza xərci 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin və 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar