Məhkəmə qərarları › İş №e-2(008)-926/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-926/2024

05.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-926/2024 05.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1555,20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borcun silinməsini və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin 150 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda da təbii qazdan istifadəyə görə abonent istifadəçisidir. Abonent kodu **********00000-dir. Sayğac isə küçədə quraşdırılıb və xüsusi mühafizə olunmur. xx.xx.2022-ci ildə ünvanına quraşdırılmış sayğacı onun iştirakı və məlumatı olmadan çıxarmış əvəzində yeni sayğac quraşdırmışlar. Bununla bağlı həmin tarixdə akt tərtib edilmişdir. Bu yaxınlarda ona əsassız olaraq borc yazıldığı məlum olmuşdur. Səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət edilmiş, ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, akt № MSK-29/1710- 04292-1 nömrəli aktla müəyyən edilir ki, ünvanından çıxarılmış sayğac 20 fevral 2023-cü il tarixdə dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək olmadığı, yivli birləşmələr və gövdəsi üst hissədən korroziyaya uğradığı və göstəricilər arasında fərq olduğu müəyyən edilmişdir. Sayğacın yaddaş arxivi oxunmuş, xx.xx.2019 və xx.xx.2022-ci il tarixlərdə Alarm-1 rejimi aşkar olunub. Xətalar təyin edilə bilmədi. Sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildi. Kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. Barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Akta əsasən, laboratoriya aktına istinad edilməklə dəymiş ziyanın hesablanması göstərilmidşir. Bu əsasla ona 1555,20 manat borc yazılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etmədiklərini, lakin xx.xx.2024-cü il tarixinə, saat 15:15-ə təyin edilmiş məhkəmə baxış iclasında işlərinin həmin gün həddən artıq çox olması səbəbindən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, iddiaçının istifadəsində olan qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri sayğacın istifadə olunan qaz sərfiyyatını qeydə almadığı aşkar olunmuşdur. Bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək 1555,20 manat dəyərində faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 1555,20 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, 29/1710-04292-1 nömrəli rəyə əsasən 1302AZ**********06 zavod nömrəli sayğacın yivili birləşmələr və gövdəsi üst hissədən korroziyaya uğrayıb. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 28 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x90=12960 m3 hesablanmışdır. Sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 29/1710-04292-1 nömrəli aktına əsasən G-4 markalı 1302AZ**********06 nömrəli sayğacda Alarm-1 rejimi aşkar olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın yivili birləşmələr və gövdəsi üst hissədən korroziyaya uğrayıb. Məhkəmə hesab edir ki, sayğacın yivili birləşmələr və gövdəsi üst hissədən korroziyaya uğraması iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən **********00000 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1555,20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Belə ki, vəkil xərci olaraq pul vəsaitinin tutulması hissəsində iddia tələbi təmin edilərək, cavabdehdən 150 (yüz əlli) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən **********00000 abonent İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1555,20 manat borc silinsin. İddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 150 manat məbləğində xərc Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar