Məhkəmə qərarları › İş №e-2(008)-996/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-996/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-996/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0622-n saylı, 11 dekabr 2017-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 203.88 manat, dəbbə pulu üzrə 20 manat, cəmi 223.88 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 11 dekabr 2017-ci il tarixdə xx/xx/0622-n saylı daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra «Lizinq müqaviləsi») bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 750.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2017-ci il buraxılışı olan, Robello markalı divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən, lizinq ödənişləri üzrə borc qalığı 203.88 manat, dəbbə pulu üzrə 1593.44 manat olmaqla, cəmi 1797.32 manat məbləğində borcu yaranmışdır. Maliyyə cədvəlində əks olunan dəbbə pulu məbləği avtomatik kompüter proqramında hesablandığından hazırki iddia ərizəsində tələb 20 manatadək ağlabatan məbləğə endirilmişdir. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda Lizinq müqaviləsinin müddəti bitib. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli xx/xx/0622-n nömrəli daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş 1 (bir) ədəd 2017-ci il buraxılışı olan, Robello markalı divardan asılan məişət qaz qazanı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə lizinq ödənişlərinin ümumi məbləği 913,18 manat təşkil edir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən əsas borc üzrə qalıq 750 manat, lizinq verənin mükafatı 163,18 manat təşkil edir. Lizinq müddəti 12 aydır. Müqavilənin 16.1.3-cü bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətdə 3 dəfədən artıq ödənişi gecikdirdikdə, lizinq verən müqavilənin icrasından birtərəfli qaydada imtina edə bilər. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli xx/xx/0622-n nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə Cavabdeh 203,88 manat əsas borcu, 1593,44 manat dəbbə borcu olmaqla, ümumi 1797,32 manat borcu mövcuddur. -Daxili maliyyə lizinq müqaviləsinə 2 nömrəli Əlavədən görünür ki, lizinq ödənişlərinə görə cavabdeh 12 ay müddətində hər ay 76.10 manat ödəməyi öhdəsinə götürmüşdür. -Lizinq obyektinin təhvil-təslim aktından görünür ki, 2017-ci il buraxılışı olan, Robello markalı divardan asılan məişət qaz qazanı lizinq alan Cavabdeh tərəfindən təhvil alınmışdır. -İş materiallarından görünür ki, iddiaçı tərəfindən daxili Maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə cavabdehə xx.xx.2021-ci il tarixli tələb məktubu göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-dən 12 ay müddətinə aylıq 76,10 manat ödəmək şərtilə 913,18 manat dəyərində lizinq obyektini istifadəyə götürmüşdür. İddiaçı MMC-nin xəbərdarlığına baxmayaraq, cavabdeh müqavilə şərtlərini yerinə yetirməmiş, ödənişlərdən yayınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə lizinq müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, Cavabdehu həmin müqavilə üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də, cavabdeh göstərilən ödənişləri iddiaçının xeyrinə ödəməyə borcludur. İşdən göründüyü kimi, Cavabdeh öhdəlikləri yerinə yetirmədiyinə görə 203,88 manat məbləğində əsas, 20 manat məbləğində cərimə borcu yaranmışdır. Buna görə də, həmin məbləğ ondan tutulmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 203 (iki yüz üç) manat 88 (səksən səkkiz) qəpik əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 223 (iki yüz iyirmi üç) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar