Məhkəmə qərarları › İş №e-2(009)-1001/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1001/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1001/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MFS 63 saylı xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, 47 saylı depozit seyfinin açılaraq orada olan əmlakın İddiaçı QSC-nin sərəncamına verilməsi, Cavabdeh1 tərəfindən depozit seyfinin icarəsi üçün ödənilməli olan 2960 manat icarə haqqının tutulması, iddianın məhkəməyə verilməsi üçün nəzərdə tutulmuş 39,60 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin Cavabdeh1 tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış MFS 63 saylı xx.xx.2020ci il tarixli bank seyfinin kirayəsi müqaviləsinə əsasən, 47 saylı 150x290x450 ölçülü bank seyfi 6 ay müddətinə Cavabdeh1 kirayəyə verilmişdir. Kirayə müqaviləsinin 10.1-ci maddəsində müəyyən edilmişdir ki, bu müqavilə hər iki tərəf imzaladığı andan qüvvəyə minir. Bundan sonra Cavabdeh1 tərəfindən müqavilənin xitam verilməsi ilə bağlı hər hansı bir müraciət etməmişdir. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra 30 gün ərzində “kirayəçi” növbəti dövr üçün “bank”ın həmin tarixdə olan planına əsasən kirayə haqqını ödəməklə, kirayə haqqının ödədiyi dövr üçün kirayə müddətini uzada bilər. Cavabdeh1 tərəfindən kirayə müqaviləsinin bitməsi ilə əlaqədar xitam verilməsinə dair müraciəti olmamış, istifadə olunan depozit seyfi Banka təhvil verilməmişdir. Cavabdeh müqavilə şərtlərini əsaslı şəkildə pozduğuna görə müqavilə ləğv edilməli və həmçinin orda saxlanılan saxlanc bankın saxlancına verilməlidir. MFS 63 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən, kirayə haqqı kirayənin bütün müddəti üçün kirayəçinin Bank seyfindən faktiki istifadə edib etməməsindən asılı olmayaraq, Bank tərəfindən əvvəlcədən müəyyən edilmiş və www.accessbank.az internet səhifəsində yerləşdirilmiş tariflər əsasında “Kirayəçi” tərəfindən əvvəlcədən birdəfəlik ödənilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, kirayə müddəti bitdikdən sonra “Kirayəçi” tərəfindən müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda, gecikdirilmiş hər ay üzrə ikiqat kirayə haqqı hesablanır, “Kirayəçi” tərəfindən Banka ödənilməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, Kirayə müddəti bitdikdən sonra “Kirayəçi” tərəfindən müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda, hər növbəti ayın Kirayə haqqı gündəlik deyil, tam 1 (bir) ay üçün hesablanaraq banka ödənilir. Yəni 150x290x450 ölçülü bank seyfi 1 ay müddətinə icarə haqqı 40 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixinədək depozit seyfi üçün nəzərdə tutulmuş xidmət haqqı ödənilmişdir. Beləliklə, depozit seyfindən istifadəyə görə müəyyən olunmuş 37 ay müddəti üzrə (xx.xx.2022-ci il tarixdən bu günədək müddət 37 ay təşkil edir.) 2960 manat (37x40x2 = 2960 manat) icarə haqqı Cavabdeh1dan İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Bununla yanaşı müqavilə müddəti bitdiyi vaxtdan bu günədək Banka depozit seyfindən istifadəyə görə icarə haqqı ödənilməmiş və həmin dövrdə Bank depozit seyfinin istifadəsi imkanlarından məhrum olmuşdur. Bununla bağlı xx.xx.2024cü il tarixdə xəbərdarlıq məktubu ilə Cavabdeh1 müqavilənin müddətinin bitdiyi, müqavilənin yenilənməsi və ya seyfin açarlarının İddiaçı QSC-yə verilməsi bildirilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağına dair məktub göndərilmişdir. Lakin hər hansı bir cavab daxil olmamışdır. Qeyd edilən müddəalardan da göründüyü kimi müqavilənin ləğvi üçün əsas şərt müqavilə tərəflərinin onun qanunda göstərilən nəticələrə səbəb olan əhəmiyyətli dərəcədə pozulması ilə bağlıdır. İşin hallarından da göründüyü kimi, cavabdeh müqavilənin əsas şərtlərindən birini, yəni müəyyən edilmiş icarə haqqını ödəməməklə öhdəliyini pozmuşdur. İcarə haqqı tərəflər arasında bağlanmış müqavilənin ən mühüm şərtidir və iddiaçının müqavilə bağlanarkən icarə haqqının ona verəcəyi maddi üstünlüyə ümid edərək müqaviləni bağlaması şübhəsizdir. Cavabdeh isə icarə haqqını ödəməməklə İddiaçı QSC-ni həmin üstünlükdən (gəlirdən) məhrum etmişdir. İcarə müqaviləsində verilən bu anlayışlardan göründüyü kimi, icarə müqaviləsi real müqavilədir və bu müqavilə icarə obyektinin icarəçinin istifadəsinə verildiyi vaxtan bağlanmış sayılır. İcarə verənin əsas öhdəliyi əmlakı icarəçinin istifadəsinə vermək, icarəçinin əsas öhdəliyi isə icarə obyektini qəbul edib razılaşdırılmış vaxt üzrə icarə haqqı ödəməkdən ibarətdir. Göründüyü kimi, İddiaçı QSC icarə haqqı müəyyən edilməklə 47 saylı depozit seyfini cavabdehin istifadəsinə vermiş, cavabdeh isə seyfdən istifadə üçün icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2022-ci il tarixindən sonra icarə müqaviləsinə xitam verilməsi barədə məlumat verməmiş və bu günədək icarə haqqını ödəməkdən imtina etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh1 qarşı “borc” tələbinə dair mülki iş üzrə Cavabdeh1 hüquqi varisləri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə (Qanuni nümayəndə) ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, MFS 63 saylı xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, 47 saylı depozit seyfinin açılaraq orada olan əmlakın İddiaçı QSC-nin saxlancına verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tərəfindən depozit seyfinin icarəsi üçün ödənilməli olan 2960 manat icarə haqqının tutulması, iddianın məhkəməyə verilməsi üçün nəzərdə tutulmuş 39,60 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə iddiaya etiraz edərək bildirdi ki, mərhumun yüksək məbləğdə gəliri mövcud idi. 2 il ərzində ödəniş etməməsi inandırıcı deyil, depozit seyfində hər hansı bir əmlak olarsa borcu ödəyə bilərlər, əmlak olmadığı halda borcun onlardan tələb edilməsi əsassızdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MFS 63 nömrəli “bank seyfinin kirayəsi” müqaviləsindən görünür ki, bank kirayəçiyə bankın depozitarisində yerləşən 47 saylı seyfi kirayəyə verməyi, öhdəsinə götürmüşdür. Kirayə haqqı kirayənin bütün müddəti üçün kirayəçinin bank seyfindən faktiki istifadə edib-etməməsindən asılı olmayaraq, bank tərəfindən müəyyən edilmiş və www.accessbank.az internet səhifəsində yerləşdirilmiş tariflər əsasında "kirayəçi" tərəfindən əvvəlcədən birdəfəlik ödənilir. Kirayəçi kirayə müqaviləsini imzaladıqdan və kirayə haqqını ödədikdən sonra seyfdən istifadə hüququnu əldə edir. Kirayə müddəti bitdikdən sonra “kirayəçi” tərəfindən kirayə müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda gecikdirilmiş hər ay üçün aylıq ikiqat kirayə haqqı hesablanır və kirayəçi tərəfindən banka ödənilməlidir. Kirayə müddəti bitdikdən sonra “kirayəçi” tərəfindən kirayə müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda, hər növbəti ayın kirayə haqqı gündəlik deyil, tam 1 (bir) ay üçün hesablanaraq banka ödənməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı QSC-nin hesabına 6 ay seyf qutusu üçün 150 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı QSC-nin hesabına xx.xx.2022-ci il tarixədək fərdi seyf icarəsi üçün 300 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixli 2V-36 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri: qızı - Cavabdeh4, oğlu - Cavabdeh3, oğlu - Cavabdeh2dur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-nin OUT-2025/06/13-77 saylı arayışına əsasən AccessBank QSC-də olan 47 saylı, 150x290x450 ölçülü depozit qutusundan ibarətdir. Əsaslandırıcı hissə: İş materialları ilə müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MFS 63 nömrəli “bank seyfinin kirayəsi” müqaviləsindən görünür ki, bank kirayəçiyə bankın depozitarisində yerləşən 47 saylı seyfi kirayəyə verməyi, Cavabdeh1 isə aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. MFS 63 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən, kirayə haqqı kirayənin bütün müddəti üçün kirayəçinin Bank seyfindən faktiki istifadə edib etməməsindən asılı olmayaraq, Bank tərəfindən əvvəlcədən müəyyən edilmiş və www.accessbank.az internet səhifəsində yerləşdirilmiş tariflər əsasında “Kirayəçi” tərəfindən əvvəlcədən birdəfəlik ödənilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, kirayə müddəti bitdikdən sonra “Kirayəçi” tərəfindən müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda, gecikdirilmiş hər ay üzrə ikiqat kirayə haqqı hesablanır, “Kirayəçi” tərəfindən Banka ödənilməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, Kirayə müddəti bitdikdən sonra “Kirayəçi” tərəfindən müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda, hər növbəti ayın Kirayə haqqı gündəlik deyil, tam 1 (bir) ay üçün hesablanaraq banka ödənilir. Müəyyən edilir ki, 150x290x450 ölçülü bank seyfi 1 ay müddətinə icarə haqqı 40 manat müəyyən edilmiş, sonuncu dəfə Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixinədək depozit seyfi üçün nəzərdə tutulmuş xidmət haqqı ödənilmiş, lakin bu tarixdən sonra xidmət haqqı ödənilməməsinə baxmayaraq depozit seyfi banka geri qaytarılmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Məhkəmə iddiaya münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -468.1. Borcluya və ya borclunun göstərdiyi şəxsə verilməli əmlak kreditorda olduqda, əgər borclu həmin əmlakı ödəmək və ya kreditora bununla bağlı xərclərin və digər zərərin əvəzini ödəmək öhdəliyini vaxtında icra etməzsə, kreditorun həmin əmlakı müvafiq öhdəlik icra edilənədək saxlamaq ixtiyarı vardır. - 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, Cavabdeh1 kirayə verilmiş 47 saylı depozit seyfi iddiaçıya qaytarılmalıdır. Seyfin iddiaçıya qaytarılması həm də onun açılmaqla iddiaçıya qaytarılmasını ehtiva edir. Belə ki, həmin depozit seyfi iddiaçıya məxsusdur və o, seyfi kirayə verməklə gəlir əldə edir. Depozit seyfinin bağlı halda iddiaçıya qaytarılması onun sonradan digər şəxslərə yenidən kirayə verilməsi imkanını aradan qaldırır ki, bu da nəticədə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Odur ki, depozit seyfinin iddiaçıya qaytarılması onun açılması ilə eyni zamanda həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi kirayə haqqının müqavilə şərtlərinə əsasən hesablanmış qaydada tutulması hissəsində də əsaslıdır. Belə ki, depozit seyfi qaytarılmasa da, kirayə haqqının tam ödənilməsinə dair sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin 10.3-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti bitdikdən 30 (otuz) gün sonra "Kirayəçi" kirayə müddətini uzatmaq istədikdə, Müqavilənin 3.3-cü bəndinə əsasən gecikdirilmiş hər ay üçün ikiqat kirayə haqqını Banka ödədikdən sonra növbəti dövr üçün "Bank"ın həmin tarixdə qüvvədə olan Tarif planı əsasında kirayə haqqını ödəməklə, kirayə haqqını ödədiyi dövr üçün kirayə müddətini uzada bilər. Kirayənin uzadılma müddəti ödəniş sənədində göstərilir. Göründüyü kimi, müqavilənin qüvvədə olma müddəti bitdikdən 30 (otuz) gün sonra "Kirayəçi" kirayə müddətini uzatmaq istədikdə, Müqavilənin 3.3-cü bəndinə əsasən gecikdirilmiş hər ay üçün ikiqat kirayə haqqını Banka ödədikdən sonra növbəti dövr üçün "Bank"ın həmin tarixdə qüvvədə olan Tarif planı əsasında kirayə haqqını ödəməklə, kirayə haqqını ödədiyi dövr üçün kirayə müddətini uzada bilər. Mərhum xx.xx.2022-ci il tarixindən sonra ödəniş etmədiyindən müqavilə müddəti uzadılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia müqavilənin ləğv edilməsi hissəsində rədd edilməlidir. Belə ki, müqavilə müddəti birdikdən sonra onun ləğvinə qiymət verilməsi əsassızdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 47 saylı depozit seyfi açılaraq orada olan əmlak (icarə haqqı ödənildikdən sonra cavabdehlərə qaytarılması şərtilə) İddiaçı QSC-nin saxlancına verilməli, depozit seyfinin icarəsi üçün ödənilməli olan 2960 (iki min doqquz yüz altmış) manat icarə haqqı, 39,60 (otuz doqquz manat altmış qəpik) ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 47 saylı depozit seyfi açılaraq orada olan əmlak (icarə haqqı ödənildikdən sonra cavabdehlərə qaytarılması şərtilə) İddiaçı QSC-nin saxlancına verilsin. Depozit seyfinin icarəsi üçün ödənilməli olan 2960 (iki min doqquz yüz altmış) manat icarə haqqı, 39,60 (otuz doqquz manat altmış qəpik) ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar