Məhkəmə qərarları › İş №e-2(009)-1065/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1065/2021

11.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1065/2021 11.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, nümayəndəsi X10, Cavabdeh nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilmiş hasarın sökülməsi, torpaq sahəsinə giriş qapısının əvvəlki vəziyyətə qaytarılması, torpaqdan istifadəyə edilən müdaxilənin qarşısının alınması və torpaq sahəsidən istifadə qaydlarının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinə giriş qapısının əvvəlki vəziyyətə qaytarılması, torpaqdan istifadəyə edilən müdaxilənin qarşısının alınması və torpaq sahəsidən istifadə qaydlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə 17.03.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 05.09.2006-cı il tarixli AN-İ ******* saylı alğısatqı müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu 7-ci Bayıl küçəsində istifadədə olan 0.01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 6 otaqlı 133.1 kv.m yaşayış, 97.5 kv.m köməkçi sahədən ibarət 39b nömrəli yaşayış evinin 2 otağını, 46.7 kv.m sahəsini X2 almışdır. Əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışına əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin fərdi yaşayış evi alınarkən evin qarşısında ümumi istifadədə torpaq sahəsi olmuş və evin giriş qapısı (darvaza) həmin sahədən idi. Hazırda iddiaçı paylı mülkiyyətin naturada bölünməsi barədə məhkəmədə iddia qaldırmış və iş məhkəmənin icraatında olduğu dövrdə, yəni məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin olunduqdan sonra ümumi istifadədə olan torpaq sahəsində özbaşına olaraq hasar çəkmiş, torpaq sahəsini öz maraqlarına uyğun olaraq bölmüş və mənim fərdi yaşayış evimə giriş hüququmu və torpaqdan istifadə hüququmu qanunsuz olaraq məhdudlaşdırlmışdır. Həmin hasarı çəkməklə ümumi giriş qapısı zəbt etdiyi torpaq sahəsində qalmışdır. Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınması və özbaşına olaraq çəkdiyi hasarın sökülməsi ilə bağlı aidiyyəti orqanlara şikayət etsə də, heç bir nəticəsi olmamış, şikayətinə hər hansı münasibət bildirilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən özbaşına olaraq çəkilmiş hasar sökülməli, ümumi istifadə də olan torpaq sahəsindən istifadə qaydaları müəyyən edilməlidir. 04.08.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfidən Səbail rayonu 7-ci Bayıl küçəsində ümumi istifadədə olan 0.01975 ha torpaq sahəsində özbaşına olaraq tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçıya məxsus mənzilin yerləşdiyi 0.01975 ha torpaq sahəsindəndən istifadəyə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin, istifadəyə edilən müdaxilənin aradan qaldırılması, həmin torpaq sahəsindən istifadənin bərpa edilməsi və torpağı əvvəlki vəziyyətinə qaytarılması barəsə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.06.2021-ci il tarixdə Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia etdiyi və mübahisələndirdiyi torpaq sahəsini aid olduğu evlə birlikdə Fəxrəddin adlı şəxsdən 2004-cü ildə almışdır. Evi və aid olduğu torpaq sahəsini alarkən, həyat yoldaşının əmisi oğlu, eyni zamanda atasının dayısı oğlu Əlyəddin Nəbiyevin adına rəsmiləşdirmişdir. Belə ki, həmin vaxt Müdafiə Nazirliyində işləyirdi, ev növbəsində olduğu üçün özünün və həyat yoldaşının adına ev ala bilməzdi. Hazırda yaşadığı evi alarkən ev birmərtəbəli olmuşdur. Sonradan həmin evin ikinci mərtəbəsini tikdirmək qərarına gəldi və Səbail rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə evin ikinci mərtəbəsini inşa etdirdi və ikinci mərtəbədə yaşamağa başladı. Evin birinci mərtəbəsi bir müddət boş qaldıqdan sonra, onu satmaq qərarına gəldi və evi İddiaçı atası X14 almaq üçün müştəri qismində gəlmişdir. Qeyd etmək istəyir ki, evin alğısatqısı ilə əlaqədar aparılan danışıqlar zamanı o satdığı 1-ci mərtəbənin giriş-çıxış qapısını hal hazırdakı istiqamətə ayıracağını bildirdi. X14 da onunla razılaşdı və getdi. Sonra evin alğı-satqısı zamanı X14 ondan xahiş etdi ki, ailə üzvü üç nəfərdir. Həyat yoldaşı Zülfiyyə və əlil oğlu İddiaçı. İstifadəsində olan həyatyanı torpaq sahəsində olan giriş-çıxış qapısından hələlik istifadə etsinlər. Əgər gələcəkdə hər hansı bir narahatçılıq yaranarsa onda yaşadığı evin giriş-çıxış qapısını və yolunu danışdığı və göstərdiyi qaydada ayıracağına söz verdi. O da razılaşdı və beləliklə onlar yaşamağa davam etdilər. Bütün bunlar X14 ilə danışıldıqdan sonra evin alğı-satqısı həyata keçirilərkən Elçin Nurəhmədovun şəxsiyyət vəsiqəsinin qüvvədə olma müddətinin keçdiyi məlum oldu. Bu zaman, vaxt itkisi olmasın deyə X14 evi oğlu İddiaçı adına rəsmiləşdirdi. İllər sonra mərhum X5 Nurəhmədovu evləndirdi və bundan sonra onların ailəsində gəlini Vüsalə və oğlu Səməndərlə bağlı münaqişələri yarandı və günü-gündən böyüməyə başladı. Ailələrində olan söz-söhbət və münaqişə daha da gərginləşdiyinə görə artıq onların dinc həyat yaşamaqlarına maneə törədirdi. Belə ki, Vüsalə qaynatası və qaynanası ilə münaqişə etməklə bəraəbər artıq onlarnan da münaqişə etməyə başlamışdı. Ona görə də, o illər əvvəl aralarında olan danışığı X14a xatırlatdı və oda heç bir etiraz etmədən yaşadıqları evin giriş-çıxışını ayırmaq üçün oğlu Səməndərlə qonşuluqda yaşayan ustaların qapısına gedərək onlardan xahiş etdi ki. onların yaşadıqları evin giriş-çıxış qapısını ayırmağa köməklik etsinlər. Bundan sonra usta Müzəffər öz işçi dəstəsi ilə, X14un və oğlu Səməndərin göstərişlərini yerinə yetirərək, onların yaşadıqları evin giriş-çıxışını hal hazırdakı vəziyyətdə ayırdılar, yeni giriş qapısı qoydular, aranı hördülər və digər görüləsi işləri yerinə yetirdilər. Həmin işlər görülərkən Səməndərin ailə üzvülərinin heç biri etiraz və narazıçılıq bildirmədilər. Giriş-çıxış qapısının yerinin açılması və qapının qoyulması işlərinin görülməsinin pulunu mərhum Elçin özü verdi, ara barının tikilməsi üçün isə ustaya verməyə pulu olmadığını bildirərək ondan xahiş etdi ki, barının hörülməsinin pulunu o versin. O da razılaşdı. Aranı bağladıqdan sonra mərhum X1 Nurəhmədov və gəlini Vüsalə ilə hər gün ailələrində münaqişələr davam edirdi. Təxminən 6 ay sonra X14 qəfil dünyasını dəyişdi və onun 40 mərasimindən sonra İddiaçı arvadı Vüsalə yaşadıqları evin artıq onlara məxsus olduğunu bildirərək, mərhum qaynatası Elçin Nurəhmədov tərəfindən evin dəyişdirilmiş giriş-çıxış qapısının əvvəlki vəziyyətə qaytarılmasını tələb etməyə və onlarnan yenidən münaqişə etməyə başladı. Sonra əri İddiaçı adından vəkil tutaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Məhkəmənin diqqətinə çatdırır ki, Bakı şəhəri 7-ci Bayıl küçəsində istifadədə olan 0.01975 ha torpaq sahəsi artıq 17 ildir ki, onun istifadəsindədir. Həmin torpaq sahəsi ondan başqa heç bir qonşu ilə birgə istifadədə olmamış və hal-hazırda da istifadədə deyil. Əslində sözü gedən torpaq sahəsinə dair verilmiş iddia ərizəsi İddiaçı tərəfindən deyil, onun arvadı Vüsalə vəkil tutmaqla vermişdir. Bu xüsusatların həqiqət olduğunu müəyyən etmək üçün şahid qismində dəvət olunan qonşuların işin mahiyyəti üzrə dindirilməsi kifayətdir. Əgər zərurət yaranarsa mübahisəli torpaq sahəsini aid olduğu evlə birlikdə ona satmış Fəxrəddin adlı şəxs hal-hazırda Bakı şəhərində yaşamasa da, onun məhkəməyə dəvət olunmasını təmin edə bilər. Həmin şəxs torpaq sahəsini və aid olduğu evi kimə satdığını, yəni formal olaraq Əlyəddin Nəbiyevin adına rəsmiləşdirilsə də, əslində ona satdığını təsdiq edə bilər. Bundan başqa bildirir ki, o özü Birinci Qarabağ müharibəsi veteranıdır. Hazırda bir oğlu döyüş bölgəsində zabit kimi xidmətdədir, ikinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Oğlu nişanlıdır və evlənməlidir. Ailəsiz oğlu, qızı və həyat yoldaşımdan ibarətdir. Oğlu evləndikdən sonra ailə üzvlərinin sayı artacaqdır. İddiaçı və arvadı Vüsalə kimi münaqişəli bir ailənin, ailəsi ilə aid həyətyanı sahədə birgə yaşaması qeyri mümkündür. Belə bir hal gələcəkdə ailələr arasında ciddi münaqişənin yaranmasına və ciddi faciələrin bas verməsinə yol aca bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı Səbail rayonu, 7-ci Bayıl küçəsində olan 2 mərtəbəli 39B nömrəli evin 2 otağını Nəbiyev Əliyəddindən almışdır və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 1-ci mərtəbədə Səməndər, 2-ci mərtəbədə Namiq yaşamışdır. Fərdi yaşayış evi alınarkən evin qarşısında ümumi istifadədə torpaq sahəsi olmuş və giriş qapısı(darvaza) həmin sahədən olmuşdur. Paylı mülkiyyətin naturada bölünməsi barədə iddia qaldırdığı zaman ekspertiza təyin olunduqdan sonra ümumi istifadədə olan torpaq sahəsində özbaşına olaraq hasar çəkmiş və iddiaçının evə giriş və torpaqdan istifadə hüququnu məhdudlaşdırmışdır. Səməndərin atası vəfat edən zaman giriş o qədər dar olmuşdur ki, cənazəni çıxara bilməmişlər. İddiaçı gəlib kərpicdən hasar tikildiyini görəndə dağıtmışlar, cavabdeh bu dəfə daşdan tikmişdir. Vəziyyət olduqca acınacaqlıdır. Evin yeganə pəncərəsinin qarşısını örtüklə bağladıqları üçün evə günəş işığı belə düşmür. İddia təmin tədbiri olduğu halda hasarı tikməyə davam etdikləri üçün Vüsalə xanım onların şəklini çəkməsin deyə pəncərənin qarşısını bağlayıblar. Hasar elə formada tikilmişdir ki, həyətdə paltar asmaq belə qeyri mümkündür. Evin mülkiyyətçisi Səməndər olduğu üçün mərhum Elçinin (iddiaçının atası) razılığının əhəmiyyəti yoxdur. Səməndər atasının sağlığında onun xəstəliyinə görə etiraz edə bilmədiyindən hasar onun razılığı ilə tikilməmişdir. Mübahisə qapı ilə bağlı deyil, hasarla bağlıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hasar tikilən zaman heç bir narazıçılıq olmamışdır. Evi satan zaman iddiaçının atasına narazılıq olduğu halda hasar tikəcəyini öncədən bildirmişdir. Hasar Səməndərin atası Elçin rəhmətə getməmişdən 6 ay öncə tikilib. Özü və oğlu ilə razılaşmışlar, gedib özü ustaları tapmışdır. Səməndər evlənmədən problem olmayıb, yaxşı qonşuluq münasibətləri olub. Səməndərin yoldaşı gəldikdən sonra o Elçinə hasar tikmək istədiyini demişdir, etiraz etməmişdir. Pulu olmadığı üçün qapını Elçin qoydurmuşdur, hasarı o tikdirmişdir. Məhkəmə qərarı çıxan kimi ustalar getmiş, hasarın tikintisi dayanmışdır. İddiaçının yoldaşı tərəfindən ailə üzvlərinin şəkli çəkildiyi üçün pəncərənin qarşısını bağlamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, qardaşı evi satan zaman mübahisə olduğu təqdirdə hasar tikəcəyini iddiaçının atasına demişdir. Hasar tərəflərin razılığı əsasında tikilmişdir. İddiaçının atası sağ olan zaman heç bir mübahisə olmamışdır. Elçin kişi rəhmətə getdikdən sonra mübahisələr yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X11 etiraz ərizəsini müdafiə edərək bildirmişdir ki, yerli baxış zamanı düzgün danışacağı üçün Səməndərin iştirakına maneə yaradılırdı. Səməndər darvazanın və hasarın razılıq əsasında olduğunu bildirdi. Səməndərin atası rəhmətə gedəndən sonra dava başladı. Pəncərənin qarşısının bağlanma səbəbi Səməndərin yoldaşı tərəfindən Namiqin ailə üzvlərinin şəkillərinin çəkilməsidir. Bu səbəbdən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin yerli baxış iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, atasının təkidi əsasında hasarın tikilməsinə etiraz edə bilməmişdir. Cavabdeh hasar tikəcəyini bildirərək su çənlərini çəkməyə məcbur etmişdir. Atası rəhmətə getdikdən sonra müxtəlif orqanlara şikayət ərizələri ünvanlamışdır. Çünki atası sağ olan zaman şikayət etməyə icazə vermirdi. Xəstə olduğu üçün də atasına etiraz edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahat verərək bildirmişdir ki, 2006-cı ildən orada yaşayır. Çöl hasarı o gələndə artıq tikilmişdi. Hər ikisi yaxşı qonşu olmuş, 1-1,5 il əvvəl tam mehriban şəraitdə yaşamışlar. O və yoldaşı səhər işə gedib, axşam gəldikləri üçün mübahisələrdən tam xəbərdar deyillər. Lakin, mübahisə olduğunu bilirlər. İddiaçı və cavabdehin əvvəllər bir girişləri var idi. Sonradan isə ayrı darvaza qoydular. İşdən gələn zaman ustaların işlədiyini görmüşdür. Hasar tikilən zaman Elçin kişi sağ olmuşdur. Ustaları kimin çağırdığını bilmir. Ustaların yanında Elçin kişinin olduğu yadındadır. Namiqi həmin zaman orada görməmişdir. Səməndər isə çox zaman çöldə olduğu üçün görüb-görmədiyi yadında deyil. Məhkəmə tərəfləri, şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan, AZE seriyalı, 12009752 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 05 sentyabr 2006-cı il tarixli, AN- l seriyalı, № ******* Daşınmaz əmakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0.01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 6 otaqlı 133.1 kv.m yaşayış, 97.5 kv.m köməkçi sahədən ibarət 39b nömrəli yaşayış evinin 2 otağını, 46.7 kv.m sahəsini X2 almışdır. İş materiallarında olan **********54-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsi, ev 39b yerləşən ümumi sahəsi 230.60 kv.m xüsusi mülkiyyət kimi 1 otaq-14.7 kv.m payda 25.06.2013-cü il tarixdə X7, 2 otaq-54.2 kv.m payda 11.07.2019-cu il tarixdə Cavabdeh, 2 otaq-46,7 kv.m payda 10.01.2007-ci il tarixdə İddiaçı adına,1 otaq-17.6 kv.m payda 21.05.2008-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Torpaq sahəsi dövlət mülkiyyətindədir, istifadə hüququ verilmişdir. İddiaçı həyat yoldaşı X6 eyni tələb ilə 30.01.2020-ci il tarixdə Ali Məhkəməyə, 24.02.2020-ci il tarixdə Baş Prokurorluğa, 13.01.2020-ci il tarixdə Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə, 10.02.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə,16.01.2020-ci il tarixdə Səbail rayon İcra başçısına, 20.01.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin Admistraiyasına, 13.11.2019-cu il tarixdə Səbail Rayon Məhkəməsinə müraciətlər etmişdir. Belə ki, müəyyən edilmişdir ki, mübahisələndirilən hasar Bakı şəhəri, hasar Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0.01975 ha torpaq sahəsində yerləşən 39 b nömrəli evdə Cavabdeh faktiki istifadəsində olan sahədə onun vəsaiti hesabına inşa edilmişdir. Məhkəmənin yerli baxış iclası zamanı iddiaçıya həmin evə aid ümumi istifadədə olan sahənin hər hansı hissəsindən istifadə etməsi üçün məhdudiyyətlər və maneə yarandığı müəyyən edilmişdir. Hasar iddiaçının razılığı ilə cavabdeh tərəfindən inşa olunmuşdur. Tərəflər öz aralarında razılığa gələrək hərə özü tərəfindən ayrı-ayrı giriş qapıları qoymaqla faktiki ayırmışdılar. İddiaçı əvvəllər atasının təkidi əsasında razılıq versədə, atasının vəfat etməsindən sonra hasarın sökülməsini tələb etmiş və bununla bağlı müvafiq qurumlara müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh hasarı iddiaçının və atasının razılığı ilə tiksədə iddiaçının maraqlarına toxunur və onun həmin sahələrdən istifadə etməsinin qarşısını almaqla hüquqlarını pozur. İddiaçı mülkiyyətçisi olduğu mənzilində normal yaşaya bilmir, mülkiyyətindən maneəsiz istifadəsinin qarşısı alınır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2№li qərarın 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışma hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Həmin Qərarın 6-cı bəndinə əsasən isə Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139 cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, torpaq sahəsi dövlət mülkiyyətindədir, yaşayış sahəsinin paylı mülkiyyətçilərinə istifadə hüququ verilmişdir. Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.4-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əmlakın hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Mülki Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh hasarın tikintisi, giriş qapısının qoyulması və s. işlərin görülməsi iddiaçı tərəfindən razılıq verilməsi əsasında aparıldığı məhkəmə prosesinin gedişində öz təsdiqini birmənalı tapdığından aparılmış işlər nəticəsində dəymiş ziyanla bağlı cavabdehə qarşı məhkəmədə iddia qaldıra bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində ümumi istifadədə olan 0.01975 ha torpaq sahəsindəki hasar onun tərəfindən sökülməli, giriş qapısı əvvəlki vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 10 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində ümumi istifadədə olan 0.01975 ha torpaq sahəsindəki hasar onun tərəfindən sökülsün, giriş qapısı əvvəlki vəziyyətə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar