Məhkəmə qərarları › İş №e-2(009)-1163/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1163/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1163/2022 07.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X2, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Hyundai Tucson” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 130 (yüz otuz) manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun ümumilikdə 160 (yüz altmış) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ərazisində "xxxx" ASC-də mülki məsuliyyəti PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş “Toyota Prius” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh, sürücü X1 idarə etdiyi “Hyundai Tucson” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Sürücü Cavabdeh hadisə zamanı etibarnamə olmadan avtomobili idarə etmişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhər DYPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.1-ci maddələri ilə İXP ******* nömrəli protokol yazılmış və TP ******* nömrəli qərar qəbul edilərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. “Hyundai Tucson” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 130 (yüz otuz) manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ərazisində "xxxx" ASC-də mülki məsuliyyəti PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş “Toyota Prius” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh, sürücü X1 idarə etdiyi “Hyundai Tucson” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Sürücü Cavabdeh hadisə zamanı sürücülük vəsiqəsi olmaqla, lakin etibarnamə olmadan avtomobili idarə etmişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhər DYPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.1-ci maddələri ilə İXP ******* nömrəli protokol yazılmış və TP ******* nömrəli qərar qəbul edilərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. “Hyundai Tucson” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 130 (bir yüz otuz) manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsasını yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Toyota Prius” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (iş üzrə cavabdeh) Cavabdeh hadisə vaxtı müvafiq etibarnamə olmadan avtomobili idarə etməsi təşkil edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmçinin məhkəmə qeyd edir ki, “icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin göstərişi avtomobillərə münasibətdə tətbiq edilərkən "hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs, yəni sürücülük hüququ (vəsiqəsi) olmayan şəxs nəzərdə tutulur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur, belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır, sığorta hadisəsi baş verdikdə sığortaçı sığorta ödənişi verməli olur, son nəticədə isə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Odur ki, qanunverici sığortaçının əsaslı mənafelərinin müdafiəsini təmin etmək məqsədilə belə bir normanı Qanuna daxil etmişdir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Məhkəmə vurğulayır ki, göstərilən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnamə və ya digər yazılı sənəd deyil, avtomobilin istismar edilməsinə mülkiyyətçinin şifahi razılığı da nəzərdə tutulur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismar edilməsinin mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, etibarnamə olmadan avtomobilin idarə edilməsinə görə məsuliyyəti inzibati hüquq müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati hüququn iki məqsədi vardır. Birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun, yəni başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və onun məsuliyyətə cəlb edilməsi mümkün olsun. Bu normanın sığortaçıların mənafeyinin müdafiəsi ilə bağlı məqsədi yoxdur. Belə ki, sığorta münasibəti inzibati münasibət deyil, mülki münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Mülki hüququn tələbi isə bundan ibarətdir ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Mülki qanunvericilik avtomobildən istifadə müqaviləsi üçün yazılı formanı məcburi forma kimi müəyyən etməyib. Mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə etmək” kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyiləndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin faydalı təbii xassəsi nəqletmədir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxslərin qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobilin üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Digər tərəfdən yol hərəkəti münasibətlərində də avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətlərinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti münasibətinin iştirakçısına çevrilir və həmin münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, öz adından “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin, 33-cü bəndində yol hərəkəti iştirakçısı anlayışı müəyyən olunmuşdur. Həmin anlayışdan görünür ki, “sürücünün nümayəndəsi” kimi anlayış yoxdur, yol hərəkəti iştirakçılarının hər biri yol hərəkətində öz adından iştirak edir. İnzibati hüquq etibarnamənin olmasını o halda tələb edir ki, mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştiraka qoşulmuş olsun. Əgər mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştirak etmirsə, inzibati hüquq etibarnamə tələb etmir. Göründüyü kimi inzibati hüquqda etibarnamə yalnız yol hərəkətində iştirak zamanı əhəmiyyətlidir. Avtomobillə yol hərəkətinə iştirak etməyə qoşulan şəxs isə artıq yol hərəkətinin iştirakçılarından biri olan “sürücü” statusunu əldə edir. Onun “avtomobil mülkiyyətçisinin nümayəndəsi” statusunda yol hərəkətinə qoşulması mümkün deyil, çünki yol hərəkətinin "avtomobil mülkiyyətçisi” adlı iştirakçısı yoxdur. Əgər təmsil olunan yoxdursa, deməli təmsilçilik də yoxdur. Beləliklə də, hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir. İş materialları ilə də müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən məhz “Toyota Prius” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İş materiallarında olan Cavabdeh aid sürücülük vəsiqəsinin surətindən və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “Toyota Prius” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (iş üzrə cavabdeh) Cavabdeh hadisə zamanı avtomobili idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi-hüququ olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Toyota Prius” minik markalı, **-UR- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (iş üzrə cavabdeh) Cavabdeh hadisə vaxtı iddiaçı tərəfin iddia etdiyi kimi avtomobili idarə etmək üçün etibarnaməsinin olmaması hazırki iddia tələbinin təmin edilməsinə əsas vermir. Odur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh subroqasiya qaydasında ödənilmiş sığorta ödənişinin tutulmasını tələb etməsi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 229, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar