Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1165/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixdə müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı 1 ədəd “İPhone 15 Pro Max 256GB” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 198 manat olmaqla, cəmi 3563,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə gecikdirdiyi günlərin faktiki cərimə borcu 10097 manat təşkil edir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90% olmaqla, hər iki müqavilə üzrə ödəniləcək cərimə məbləği ümumilikdə 1009,7 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3365,9 manat əsas, 1009,7 manat cərimə, cəmi 4375,6 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 63,76 manat məbləğində vəsaitin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh “İPhone 15 Pro Max 256GB” markalı telefon 18 ay ödəniş cədvəli üzrə hər ay 198 manat olmaqla cəmi 3563,99 manat ödəmək şərti ilə nisyə satılmışdır. Əşyanın alqı-satqı qiyməti 3563,99 manat təşkil edir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2025-cü il tarixə 3365,9 manat əsas, 1009,7 manat cərimə, cəmi 4375,6 manat borcu vardır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 657-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 465-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh aldığı “İPhone 15 Pro Max 256GB” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 198 manat pulu iddiaçıya ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, yəni əşyalar cavabdehə təhvil verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi, yəni hər ay ödəməli olduğu pulu iddiaçıya ödəməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3365,9 manat əsas, 1009,7 manat cərimə, cəmi 4375,6 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən yaranmış öhdəliyin həcminə, hesablanmış dəbbə borcunun ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulacaq cərimə pulunun miqdarı 334,1 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 3365,9 manat əsas, 334,1 manat cərimə borcu olmaqla, cəmi 3700 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (57 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 3365,9 manat əsas borc, 334,1 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57 manat, cəmi 3757 (üç min yeddi yüz əlli yeddi manat) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1165/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1165/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver