Məhkəmə qərarları › İş №e-2(009)-1202/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1202/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1202/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi L.E.Namazovanın, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ‘‘Monetri” BOKT MMC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli ML/6173 nömrəli X3 bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh2 1 ədəd 2013-cü il buraxılışı olan “Nissan Patrol” minik markalı, JN1TANY62Z0015215 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23% dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 66.333 manat təşkil edir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan xx.xx.2023-cü ildən xx.xx.2026-ci ilədək hər ayın 30-u tarixində lizinq verənin bank hesabına 1.842,58 manat məbləğində lizinq haqqı ödəməli idi. xx.xx.2023-cü il tarixli ML/6173 nömrəl Lizinqi Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı BOKT MMC Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 6173 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin Zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixli ML/6173 nömrəli Lizinq Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Lakin lizinq alan - Cavabdeh2 müqavilə üzrə öhdəliyini uzun müddət icra etməmiş, lizinq haqqı ödənişini həyata keçirməmişdir.Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin istifadəsindən geri almışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş “avtomobilin qiymətləndirilməsi barədə” Ekspert rəyinə əsasən, 2013-cü il buraxılışı olan “Nissan Patrol” minik markalı, JN1TANY62Z0015215 ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 19.000 manat məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli 18 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin nəqliyyat vasitəsi satış qiyməti 19.000 manat məbləğində razılaşdırılmaqla, İddiaçı BOKT MMC (satıcı) tərəfindən X4 (alıcı) satılmışdır. Beləliklə, sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 19.000 manat məbləğdə pul vəsaiti Cavabdeh2 İddiaçı BOKT MMC-yə olan borcundan çıxılmışdır. İddiaçı BOKT MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı BOKT MMC-yə olan qalıq əsas borcu cəmi 26.539,38 manat təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehlərə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanmışdır. 31 avqust 2023-cü il tarixli ML/6173 nömrəli X1 3.1.4-cü maddəsinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0.3% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. 31.08. 2023-cü il tarixli ML/6173 nömrəli X1 12.1-ci maddəsinə əsasən, lizinq alan tərəfindən şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda (12.1.1. lizinq alanın lizinq obyektinin istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 12.1.2. Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilirsə; 12.1.3. lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya üç dəfədən artıq ödənişi gecikdiribsə), lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. xx.xx.2023-cü il tarixli ML/6173 nömrəli Lizinqi Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kim İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 6173 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır.Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə BOKT-la borcala arasında bağlanmış. xx.xx.2023-cü il tarixli ML/6173 saylı lizinq müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra atmədikdə zamin və borcalan BOKT-la birgə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 2.4-cü madddəsinə əsasən borcalanın BOKT qarşısındaki öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (əsas borc, faizlər, cərimə, dəbbə pulu) həcmində, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ML/6173 nömrəli X3 üzrə 26.539,38 manat məbləğində qalıq əsas borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 169,62 manat məbləğdə dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X5 iddia tələblərini tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Cavabdeh2la 36 ay müddətinə müqavilə bağlanılıb. Müqaviləyə əsasən hər ay 1842 manat ödəməli olduğu halda,gecikmələr olub, tərəflər arasında bağlanan müqaviləyə xitam verilib, 19.000 manat borcdan silinib, hazırda cavabdehin 2653 manat borcu qalıb, hazırda cavabdehin 2653 manat borcu qalıb. Cavabdeh tərəfindən avtomaşın onlara təhvil verilərkən mühərriki olmamış, sürətlər qutusu nasaz olmuşdur, ekspert rəyi ilə texniki vəziyyəti nəzərə alınaraq 19.000 manat qiymətləndirilmiş, həmin qiymətə də satılmışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, məhkəmə tərəfindən lizinq müqaviləsinin predmeti olan avtomobilin bazar qiymətinin müəyyən edilməsinə dair vəsatəti təmin edilmədiyi üçün hazırkı işin obyektiv araşdırıla bilməməsi qənaətindədir. Belə ki, vəsatətə əlavə etdiyi eyni markadan olan avtomobillərin bazar qiymətlərinin kifayət qədər çox olması müəyyən olunur. Həmin nəqliyyat vasitəsinin 19.000 manata qiymətləndirilməsi əsassız olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxsin iştirakı olmadan qiymətləndirmə aparılmışdır. Avtomaşın isə lizinq təşkilatına verilərkən Cavabdeh2 bildirilmişdir ki, onun hər hansı bir borcu qalmamışdır. Ona görə də hesab edir ki, avtomobilin real qiyməti lizinq təşkilatı qarşısında olan borcun tam ödənilməsi üçün yetərli olmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Nissan Patrol» minik markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" BOKT MMC-nin (hazırda İddiaçı BOKT MMC) adına qeydiyyata alınmışdır. İş üzrə «Lizinq verən» qismində "xxxx" BOKT MMC-nin (hazırda İddiaçı BOKT MMC) ilə «Lizinq alan» qismində Cavabdeh2 arasında bağlanmış ML/6173 №-li xx.xx.2023-cü il tarixli X1 surətinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2013-cü il buraxılışı olan “Nissan Patrol” minik markalı, JN1TANY62Z0015215 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür (bənd 1.1). Lizinq alanın Lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 66.333 manat, 23 % dərəcəsi 36 ay müddətinə təşkil edir. Bu məbləğdən 18.733 manat lizinq verənin mükafatını təşkil edir (bənd 8.2). İş üzrə “Lizinq verən” qismində "xxxx" BOKT MMC-nin (hazırda İddiaçı BOKT MMC) ilə “Borc alan” qismində Cavabdeh2 və “Zamin” qismində Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 6173 saylı zaminlik müqaviləsinin surətinə əsasən zamin Lizinq verən qarşısında Lizinq alanın xx.xx.2023-cü il tarixli 6173 saylı illik 23%, 47600 manat məbləğində, 36 ay müddətinə X3 üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" BOKT MMC-yə məxsus “Nissan Patrol” markalı, JN1TANY62Z0015215 ban, **-AC-*** qeydiyyat nişanları olan avtomobil Cavabdeh2 verilmişdir. İş üzrə “Satıcı” qismində İddiaçı BOKT MMC ilə “Alıcı” qismində X6 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 18 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı 1 ədəd 2013-cü il buraxılışlı “Nissan Patrol” minik markalı JN1TANY62Z0015215 ban nömrəli, **-AC-*** qeydiyyat nişanlı avtomobili alıcının mülkiyyətinə verir (bənd 1.1). Avtomobilin (“Nissan Patrol” minik markalı JN1TANY62Z0015215 ban nömrəli, **-AC-*** qeydiyyat nişanlı) satış qiyməti 19.000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə İddiaçı BOKT MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı BOKT MMC-yə olan 26.539,38 manat məbləğində qalıq borcunu 3 gün müddətində ödəməsini xahiş edilmişdir. Əks təqdirdə, İddiaçı BOKT MMC-nin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi və mübahisənin məcburi qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və Cavabdeh1 qarşı "Monetri” BOKT MMC-yə olan 26.539,38 manat məbləğdə qalıq borcunun, eləcə də bu işlə bağlı çəkilmiş bütün xərclərin (qiymətləndirmə üzrə ödənilmiş xidmət haqqı, dövlət rüsumu, hüquqi xidmət xərcləri və sair) Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcək. İş üzrə İddiaçı BOKT MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 6173 saylı lizinq müqaviləsi üzrə son ödənilmiş borc məbləği (son ödəniş tarixi xx.xx.2024-cü il) 19.000 manat (o cümlədən son ödənilmiş vaxtı çatan cari aylıq ödərnilməli olan əsas borcun məbləği – 8642,37 manat, son ödənilmiş vaxtı çatan cari aylıq ödənilməli olan faiz borcunun məbləği – 606,88 manat, son ödənilmiş gecikdirilmiş əsas borcun məbləği – 5442,28 manat, son ödənilmiş gecikdirilmiş faiz borcunun məbləği – 4308,47 manat), lizinq borcu üzrə indiyədək ödənilmiş ümumi məbləğ – 32030 manat, lizinq borcu üzrə halhazırda mövcud olan ümumi borcun məbləği – 26.539,38 manat təşkil etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/3595 saylı rəyinə əsasən "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 6173 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 30.603,62 manat, o cümlədən əsas borc üzrə 28.373,90 manat, faiz borcu üzrə 2.229,72 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə lizinq alan Cavabdeh2 arasında “Nissan Patrol” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşının müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə verilməsi yolu ilə xx.xx.2023-cü il tarixdə ML/6173 saylı X3 bağlanılmış və həmin müqavilənin şərtinə əsasən lizinq alan lizinq obyektinin dəyərini illik 23% hesablanmaqla 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür və həmin X2 təminatı kimi digər Cavabdeh1 iddiaçı qarşısında zamin kimi çıxış etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bununla da onun 45.529,38 manat borcu yaranmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh2 müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə iddiaçı avtomobili cavabdehdən geri almış, satışa çıxarılmışdır. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satış qiyməti 19.000 manat məbləğdə razılaşdırılmaqla iddiaçı tərəfindən “Nissan Patrol” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşını satılmışdır. Avtomaşının satışından əldə edilən 19.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçıya olan 45.529,38 manat məbləğində borcludan çıxılmışdır. Hazırda Cavabdeh2 iddiaçıya olan qalıq borcu 26.539,38 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş və onun tərəfindən müqavilə üzrə ödənilməli olan lizinq ödənişləri həyata keçirilmədiyindən, Lizinq verən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektinin mübahisəsiz geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd edilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İrəli sürülmüş tələbə əsasən iddiaçı cavabdehlərdən 26.539,38 manat məbləğində qalıq əsas borcun tutulmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsinin vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan əsas borcu 28.373,90 manat, faiz borcu 2.229,72 manat, cəmi 30.603,62 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 26.539,38 manat məbləğində pul tələb olunur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin lizinq müqaviləsi üzrə qalıq əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinin şərtlərinə əsasən lizinq alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilməməsi onu lizinq ödənişlərinin həyata keçirməkdən azad etmədiyindən, iddia tələbi 26.539,38 manat əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə lizinq müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh2 X3 üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər Cavabdeh1 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduğundan, iddia tələbi həmin hissədə də təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 169,62 manat məbləğində pul tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri də cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli ML/6173 saylı X3 üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 26.539,38 manat əsas borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 169,62 manat, cəmi 26.709 (iyirmi altı min yeddi yüz doqquz) manat məbləğində pul tutulsun. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar