Məhkəmə qərarları › İş №e-2(009)-1221/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1221/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1221/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı dəbbə pulunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı dəbbə pulunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, aralarında xx.xx.2023-cü il tarixdə sığorta müqaviləsi bağlanmış və həmin sığorta müqaviləsinə əsasən sığorta şirkəti onun mülkiyyətində olan 77LT169 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 300 4 Matic” markalı nəqliyyat vasitəsini bir il müddətinə ümumilikdə 70.000 manat məbləğində sığortalamış və bunun əsasında adına **********3 nömrəli sığorta şəhadətnaməsi qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixində o, özünə məxsus olan nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsini törətmiş və baş vermiş hadisədən sonra dərhal sığorta şikətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Sığorta şirkətinin əməkdaşları onu şirkətə dəvət etmiş və ilk olaraq sığorta ödənişini həyata keçirəcəklərini bildirərək, dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə “X1” Mersedes-Benzin Azərbaycandakı rəsmi dillerinə müraciət etməsi tövsiyə etmişlər.Bundan sonra o, özünə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasında rəsmi qaydada fəaliyyət göstərən “X1” Mersedes- Benzin Azərbaycandakı rəsmi dillerinə müraciət edərək, avtomobilinə dəymiş ziyanın müəyyən edilməsini xahiş etmişdir. Avtomobil “X1” Mersedes-Benzin Azərbaycandakı rəsmi dillerinə təqdim edilmiş və avtomobilə baxış və müayinə keçirildikdən sonra, nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi dəyərinin 28.373,43 manat məbləğində olması müəyyən edilmişdir. Sığorta şirkəti ilkin olaraq dəymiş ziyanı ödəməsini qeyd etsə də, sonradan xx.xx.2023-cü il tarixində günorta saatlarında əməkdaşları onunla əlaqə saxlayaraq, ödənişi həyata keçirməkdən imtina edəcəklərini bildirmişlər. Buna əsas kimi isə, hadisə baş verdiyi zaman sığorta ödənişinin ödənilmədiyinə istinad edilmişdir. Bundan sonra ünvanına şirkət tərəfindən surətli poçt vasitəsilə xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərilmiş və həmin bildirişdə qeyd olunmuşdur ki, o, sığorta haqqının üçüncü hissəsini müqavilə üzrə müəyyən edilmiş müddətdə tam ödəmək vəzifəsini icra etməmiş və gecikmişdir. Məhz bundan sonra tərəfindən məhkəmədə şirkətə qarşı iddia qaldırılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(009)-305/2024 saylı qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin edilmiş, 29.945,02 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 179.84 manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq onun xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən sığorta şirkəti tərəfindən apellyasiya və sonradan kassasiya şikayəti verilsə də, cavabdehin şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən e-2(009)-305/2024 saylı icra sənədi verilmiş və icra sənədi Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurov xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya icra sənədinin könüllü icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurovun icraata başlamaq haqqında qərarından, hərəkət və hərəkətsizliyindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-305/2024 saylı icra sənədi üzrə Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurovun xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarı və icra sənədinin könüllü icrası üçün bildirişin göndərilməsi ilə bağlı hərəkətləri və icra sənədi üzrə icraatın dayandırılmaması barədə hərəkətsizliyi qanunsuz hesab edilsin və “İcra məmurları haqqında” AR Qanunun və “İcra haqqında” AR Qanunun tələblərinə uyğun olaraq Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurovun üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu "xxxx" ASCnin şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-305/2024 saylı icra sənədi üzrə icraatın dayandırılmaması barədə Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Həmin qərardaddan tərəfindən şikayət ərizəsi verilmişdir. Eyni zamanda o, icra məmurunun adına ərizə ilə müraciət edərək nəzərinə çatdırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13(102)-57/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli, 2(102)- 3694/2024 saylı qərarından cavabdeh “Bakısığorta" ASC tərəfindən verilmiş əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilməsi qərara alınmışdır. Həmçinin "xxxx" ASC-nin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3694/2024 nömrəli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayətinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin icraatına götürülməsindən imtina edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-305/2024 saylı qətnaməsi sığorta şirkəti tərəfindən xx.xx.2025-ci il tarixində icra edilərək, qətnamə ilə müəyyən edilmiş vəsait onun hesabına köçürülmüşdür. Göründüyü kimi, sığorta hadisəsi xx.xx.2023-cü il tarixində baş verdikdən sonra, xx.xx.2023-cü il tarixindən sığorta şirkəti sığorta ödənişini ödəməkdən imtina etmişdir və nəticədə onun hüquqlarını pozmuşdur. O, hüquqlarını məhkəmə qaydasında bərpa etsə də, qüvvədə olan qanunvericiliyin tələbinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi, sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək, yəni, xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək (489 gün) hər gecikdirilmiş gün üçün sığorta ödənişi olan 29.945,02 manat məbləğinin 0,1 faizi həcmində, yəni hər gün üçün 29,94 manat, ümumilikdə isə 14.640,66 (489 x 29,94=14.640,66) manat məbləğində dəbbə pulu ona ödənilməlidir. O, da bu pulun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubunu təqdim edərək, 14.640,66 manat məbləğində dəbbə pulunu 5 gün ərzində ödənilməsini xahiş etsə də, onun müraciətinə rəsmi qaydada heç bir cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək, yəni xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2025-ci il tarixinədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 29,94 manat olmaqla, ümumilikdə hesablanmış 14.640,66 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəməyə qətnaməsi icraya yönəldikdən sonra da sığorta təşkilatı pulu verməmiş, icra sənədindən şikayət etmişdir. Pul xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Uzun müddət sığorta məbləğinin ödənilməməsi ona ziyan vurulmasına səbəb olmuş, bu səbəbdən o, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddiaya dair yazılı etirazda göstərilənləri əsaslı hesab etmiş və bildirmişdir ki, sığorta təşkilatı sığorta ödənişinin verilməsini gecikdirməmişdir. 7 gün müddətində əsaslı imtina edilmiş, məhkəmə qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə həm Ali Məhkəmənin, həm də Konstitusiya Məhkəməsinin Plenumuna müraciət olunmuş, həmin ərəfədə icra məmuruna icraatın dayandırılması barədə qərar qəbul edilməsi xahiş olunsa da, hər hansı bir hərəkət edilməmiş, icra məmurunun hərəkətləri ilə bağlı şikayət olunmuş, şikayətləri əsasında məhkəmə qərardadı ilə icra sənədi üzrə icraat dayandırılmış, İddiaçı icraatın dayandırılması barədə qərardaddan şikayət verildiyi təqdirdə Plenumlar tərəfindən müraciətləri qəbul edilmədiyi və bununla da hüquqi imkan tükəndiyi üçün könüllü surətdə qətnamə ilə tutulması müəyyən edilən pul tələbkara ödənilmişdir. Cavabdehin qanuni təmsilçisi O.Şeydəbəyov tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, İddiaçı tələbi cavabdeh "xxxx" ASC-dən baş vermiş sığorta hadisəsi nəticəsində sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək, yəni xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2025-ci il tarixinədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi (29.945,02 manat) məbləğinin 0,1% həcmində (489 gün x 29,94=14.640,06 manat) dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi hazırkı mübahisə üzrə tərəflər arasında müqavilə olmalı və həmin müqavilə üzrə cavabdehdən dəbbə pulunun tələb edilməsi ilə bağlı yazılı formada şərt nəzərdə tutulmalıdır. Halbuki işin hallarında sadalan halların olması faktı öz təsdiqini tapmır. Bu cür yanaşma həm də məhkəmələrin sığorta mübasisəsi üzrə bu qəbildən işlər üzrə o cümlədən "xxxx" ASC-nin iştirak etdiyi mülki işlər üzrə qəbul edilmiş qərarlarında da öz əksini tapmışdır.Bununla yanaşı qeyd edilir ki, işdən görünür ki, sığorta hadisəsi xx.xx.2023-cü il tarixdə baş verib və həmin gün sığortalı zəng vuraraq məlumat verib. Sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən əsaslandırılmış imtina bildirişini xx.xx.2023-cü il tarixdə göndərilib və xx.xx.2023-cü il tarixdə sığortalı alıb. Sığorta ödənişinin məlumat verilməsindən 7 iş günü müddətində verilməsi və ya verilməsindən imtina nəzərdə tutulduğundan, bu işdə sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilmə və ya verilməsindən imtina bildirişinin müddətinin son günü xx.xx.2023-cü il tarixdə bitirdi. Sığortaçı sığorta ödənişinin verilməsindən əsaslandırılmış imtina bildirişi ilə bağlı 7 iş günü müddəti tələblərini pozmamışdır. İddiaçının istinad etdiyi AR Mülki Məcəlləsinin 934.2-ci maddəsi isə sığortaçıdan sığorta ödənişini sığorta müqaviləsi ilə müəyyən olunmuş, yəni məlumat daxil olduğu gündən 7 iş günü müddətində ödəmədikdə, dəbbə pulu ödəməsini tələb edir. AR Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Öz növbəsində sığortaçı da AR Mülki Məcəlləsinin 934.1-cü maddəsinin tələblərinə tam riayət edərək, sığorta hadisəsi ilə bağlı məlumat aldığı tarixdən 7 iş günü müddətində sığortalıya sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etmişdir. Belə olan halda sığortaçı "xxxx" ASC sığorta ödənişinin verilməsindən vaxtında imtina etməklə qanunvericiliklə müəyyən edilmiş 7 iş günü müddətini ötürməmiş və hər hansı gecikməyə yol verməmişdir. Bununla belə iddiaçı xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2025-ci il tarixinədək olan 489 günlük dövrü gecikdirilmə dövrü kimi götürməsi və həmin dövr üçün (489 gün x 29,94), 14.640,06 manat dəbbə pulunu cavabdehdən tələb etməsi, iddianın həm əsassız olmasını həm də iddiaçının hüquqdan sui- istifadə etməsini deməyə əsas verir. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2025-ci il tarixinədək olan 489 günlük dövrü gecikdirilmə dövrü kimi götürməsinin və 14.640,06 manat dəbbə pulunu cavabdehdən tələb etməsinin əsassızlığı onunla sübut olunur ki, yuxarıda da qeyd edildiyi kimi, işin hallarından sığorta ödənişinin cavabdeh "xxxx" ASC tərəfindən gecikdirilməsi müəyyən edilmir. Hüquqdan sui-istifadə isə onunla təsdiq edilir ki, əvvəla qeyd edildiyi kimi, işin hallarından dəbbə pulu ilə bağlı tərəflər arasında hər hansı müqavilə olmamış və sığorta müqaviləsi üzrə iddiaçının cavabdehdən dəbbə pulunun tələb edilməsi ilə bağlı yazılı formada şərt nəzərdə tutulmamışdır. Bu o deməkdir ki, iddiaçı müqavilənin ziddinə əldə edilmiş hüquqlan həyata keçirir, yəni sığortaçıdan əsassız dəbbə pulu tələb edir. İkincisi, əlavə tələb olan dəbbə pulu tələbi, məhkəməyə ilk dəfə müraciət edildiyi vaxtda və əsas tələblə yanaşı, iddia verilən günədək gecikmiş öhdəliyə görə tələb edilməlidir. İddiaçı isə cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2023-cü il tarixdə yalnız əsas tələb olan sığorta ödənişi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda isə iddiaçı əlavə tələb olan 14.640,06 manat dəbbə pulu tələbini, sığorta hadisəsi barədə məlumat verdiyi gündən sonrakı, xx.xx.2023-cü il tarixdən, sığorta ödənişinin verildiyi günədək, yəni xx.xx.2025-ci ilədək olan dövr üçün tələb edir. Halbuki, hətta hesab etsələr ki, sığortaçı tərəfindən sığorta ödənişi gecikdirilmişdir, onda sığortalı ən yaxşı halda sığortaçının imtinasını aldığı xx.xx.2023-cü il tarixdən, əsas tələb olan sığorta ödənişi tələbi barədə məhkəməyə iddia ərizəsi ilə ilk dəfə müraciət etdiyi xx.xx.2023-cü il tarixədək olan dövrü, yəni 12 günü gecikmə kimi götürməli və hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faiz həcmində (12 x 29,94 = 359.28) dəbbə pulunu tələb edə bilərdi. Lakin, iddiaçının hazırki iddia tələbini bilərəkdən uzatmaqla bugünki gün tələb etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, dəbbə pulu tələb edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Mülki Məcəllənin 467-ci maddəsindəki normalar tələb edir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltsın. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsində göstərilən prinsiplərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə dəbbə pulu tələbi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də belə iddialara baxarkən məhkəmələr həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqlan arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, tələb olunan dəbbə pulu təmin edilmiş əsas pul öhdəliklərinə mütənasib olmalıdır və məhkəmələr belə iddialara baxarkən tələb olunan dəbbənin təmin edilmiş əsas öhdəliyə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Bu xüsusatda qeyd edilməlidir ki, İddiaçı isə cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2023-cü il tarixdə yalnız əsas tələb olan sığorta ödənişi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda isə iddiaçı əlavə tələb olan 14.640,06 manat dəbbə pulu tələbini, sığorta hadisəsi barədə məlumat verdiyi gündən sonrakı, xx.xx.2023-cü il tarixdən, sığorta ödənişinin verildiyi günədək, yəni xx.xx.2025-ci ilədək olan dövr üçün tələb edir. Halbuki, hətta hesab etsək ki, sığortaçı tərəfindən sığorta ödənişi gecikdirilmişdir, onda sığortalı ən yaxşı halda sığortaçının imtinasını aldığı xx.xx.2023-cü il tarixdən, əsas tələb olan sığorta ödənişi tələbi barədə məhkəməyə iddia ərizəsi ilə ilk dəfə müraciət etdiyi xx.xx.2023-cü il tarixədək olan dövrü, yəni 12 günü gecikmə kimi götürməli və hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faiz həcmində dəbbə pulunu tələb edə bilərdi. Bu cür yanaşma həm də məhkəmələrin sığorta mübasisəsi üzrə bu qəbildən işlər üzrə o cümlədən "xxxx" ASC-nin iştirak etdiyi mülki işlər üzrə qəbul etdiyi qərarlarında da öz əksini tapmışdır. "xxxx" ASC ləğv prosesində olan kommersiya subyektidir və o ləğvedilmə prosesində digər şəxslərlə (o cümlədən kreditorları və debitorlarına münasibətdə) qarşılıqlı (xüsusilə də kreditor tələblərini ödəyərkən) hesablaşmalar həyata keçirir. Hazırda tələb olunan mütənasibsiz dəbbə pulu təmin edilərsə ASC-nin ləğvedilmə prosesinin həyata keçirilməsini məhdudlaşdırır. Digər tərəfdən ləğvedilmə prosesindən irəli gələn (debitor borcların alınması baxımdan) məqsədlərə çatmaqda ASC-nin hüquqlarını lüzumsuz məhdudlaşdırır. Belə olan halda ləğvedilmə prosesinin həyata keçirilməsinin ləngiməsinə və bu halın ASC-nin ləğvetmə prosesinin qanunvericiliklə müəyyən olunmuş müddətinin uzadılmasına (yubadılmasına) gətirib çıxarda bilər. Belə olan halda, təmin edilmiş əsas öhdəliyə münasibətdə hazırda aşkar yüksək məbləğdə tələb olunan dəbbə pulu mütənasib hesab edilmir. İş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4261/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan həmçinin görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e- 2(009)-305/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddianın qismən təmin edilməsi, sığorta ödənişi olaraq 29.945,02 manat məbləğində pul vəsaitinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 179,84 manat məbləğində pulun ASC-dən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, sığorta ödənişi olaraq 29.945,02 manat məbləğində pul vəsaitinin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 179,84 manat məbləğində pulun ASC-dən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza xərcinin – 200 manatın 190 manat hissəsinin cavabdeh ASC-dən, 10 manat hissəsinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək birinci instansiya qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4261/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), F.Talışınski və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2025-ci il ödəniş tapşırığının surətindən görünür ki, ”Bakı Sığorta” ASC tərəfindən İddiaçı 30.124,86 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək, yəni xx.xx.2023cü il tarixdən başlayaraq, xx.xx.2025-ci il tarixinədək (489 gün) hər gecikdirilmiş gün üçün sığorta ödənişi olan 29.945,02 manat məbləğinin 0,1 faizi həcmində, yəni hər gün üçün 29,94 manat, ümumilikdə isə 14.640,66 (489 x 29,94=14.640,66) manat məbləğində dəbbə pulu ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq hesablanmış 14.640,66 manat dəbbə pulunun 5 gün ərzində hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus və "xxxx" ASC-də sığortalanmış avtomaşına maddi ziyan dəymişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC müqavilə şərtinin İddiaçı tərəfindən pozulması, yəni sığorta haqqının xx.xx.2023-cü il tarixdə ödənilməli olan 3-cü hissəsinin ödənilməməsi səbəbi ilə birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verildiyini bildirərək sığorta ödənişinin verilməsindən imtina etmiş, İddiaçı bununla razılaşmamış, "xxxx" ASC-yə qarşı iddia qaldırmış və qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-305/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi olaraq 29.945,02 manat məbləğində pul vəsaiti tutulmuşdur. Qətnamə icra olunmuş, sığorta şirkəti qətnamə ilə müəyyən edilmiş vəsaiti iddiaçının hesabına köçürülmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, sığorta hadisəsi xx.xx.2023-cü il tarixində baş verdikdən sonra, xx.xx.2023-cü il tarixindən sığorta şirkəti sığorta ödənişini ödəməkdən imtina etmişdir və nəticədə onun hüquqlarını pozmuşdur. O, hüquqlarını məhkəmə qaydasında bərpa etsə də, qüvvədə olan qanunvericiliyin tələbinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi, sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək, yəni, xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək (489 gün) hər gecikdirilmiş gün üçün sığorta ödənişi olan 29.945,02 manat məbləğinin 0,1 faizi həcmində, yəni hər gün üçün 29,94 manat, ümumilikdə isə 14.640,66 (489 x 29,94=14.640,66) manat məbləğində dəbbə pulu ona ödənilməlidir. O, da bu pulun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubunu təqdim edərək, 14.640,66 manat məbləğində dəbbə pulunu 5 gün ərzində ödənilməsini xahiş etsə də, onun müraciətinə rəsmi qaydada heç bir cavab verilməmişdir. Bu səbəbdən iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək, yəni xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2025-ci il tarixinədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 29,94 manat olmaqla, ümumilikdə hesablanmış 14.640,66 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi hazırkı mübahisə üzrə tərəflər arasında müqavilə olmalı və həmin müqavilə üzrə cavabdehdən dəbbə pulunun tələb edilməsi ilə bağlı yazılı formada şərt nəzərdə tutulmalıdır. Halbuki işin hallarında sadalan halların olması faktı da məhkəmə araşdırması zamanı müəyyən edilmir. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, hazırkı mübahisənin tərəfləri sığortaçı ilə vurulmuş zərərin ödənilməsi nəticəsində reqres tələbinin yönəldiyi cavabdeh digər sığorta firmasıdır və mübahisənin predmetini reqres tələbindən irəli gələn məbləğin tutulmasıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən norması tərəflər arasında müqavilənin mövcud olmasını və müqavilədə dəbbə pulunun tələb edilməsi ilə bağlı şərtin nəzərdə tutulmasını müəyyən edir. Tərəflər arasında belə bir müqavilənin bağlanmasına dair sübut mövcud deyil. Məhkəmə qeyd edilən yanaşmanı sığorta mübahisəsi ilə bağlı işə tətbiqini də mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd edir ki, qanunvericilik sığorta ödənişinin gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan sığorta pulunun verilməsi ilə əlaqədar sığorta təşkilatı tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla sığorta təşkilatı qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh sığorta təşkilatı tərəfindən sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Belə olan halda sığorta ödənişinin verilməsi ilə bağlı mübahisə olduğu üçün, bu hal sığorta ödənişinin verilməsinin gecikdirilməsi hesab edilmir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığorta təşkilatı tərəfindən sığorta ödənişinin verilməsindən imtina hadisə barədə məlumat verildiyindən 7 gün ərzində edilmişdir. Yəni qanunda nəzərdə tutulmuş müddəti cavabdeh pozmamışdır. Qanuni qüvvəyə minmiş məhkəməyə qətnaməsi icraya yönəldikdən sonra isə sığorta təşkilatı tərəfindən ödəniş tam həyata keçirilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı baş vermiş sığorta hadisəsi nəticəsində sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək, yəni xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 29,94 manat olmaqla, ümumilikdə hesablanmış 14.640,66 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar