Məhkəmə qərarları › İş №e-2(009)-1233/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1233/2023

06.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1233/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona hesablanmış 940,75 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 15B saylı mənzil 27 iyul 2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakm Hüquqların Dövlət Qeydiyyatı haqqmda Daşınmaz Əmlakm Dövlət Reyestrindən Çıxarışa əsasən onun mülkiyyətindədir və mənzilin Cavabdeh tərəfindən qazla təchiz olunmasında istehlakçı tərəfdir. 22 aprel 2023-cü ildə ona və ya ailə üzvlərinə heç bir məlumat verilmədən, iştirakları olmadan mənzilə quraşdırılmış qaz sayğacı cavabdehin nümayəndələri tərəfindən dəyişdirilmişdir. 21-22 aprel 2023-cü il Ramazan bayramı ilə qeyri-iş günləri, 23-24 aprel 2023-cü il istirahət günləri olmuşdur. 25 aprel 2023-cü ildə mənzilə gəldikdə qazın gəlmədiyi bilindikdən sonra, sayğacın sökülüb aparıldığı və yeni sayğac qoyulduğu məlum oldu. Müxtəlif təşkılatlarla əlaqə saxlayaraq nəhayət Səbail rayon qaz istismarı sahəsinə gedərək məsələni aydınlaşdırmağa çalışdılar. Sayğacın bayram günü onlara heç bir məlumat verilmədən dəyişdirilməsinə heç bir aydınlıq gətirilmədən nümayəndəsinə 22 aprel 2023-cü il tarixli ******* saylı akt və yeni sayğacın kartı təqdim olunaraq ASAN Kommunal-da Cavabdeh xidmətinə getmək lazım olduğu bildirilmişdir. Həmin xidmətdə Cavabdehın təmsilçiləri qaz kartının aktivləşdirilməsi üçün əvvəlki sayğacın mənfiyə getdiyinə görə hesablanmış 4605 m3 sərfiyyata görə böyük məbləğdə - 940,75 manat ödəniş etməyi tələb ediblər. Xidmət təmsilçiləri heç bir normativ akta istinad edə bilmədən onlardan borcu öhdələrinə götürməyi, bunu imzaları ilə təsdiq etməyi və yalnız bundan sonra kartın aktivləşdiriləcəyini təkidlə tələb etdilər. Lakin onlar bunun qanunsuz olduğunu, qaz təchizatının dayandırılması üçün heç bir əsas olmadığını, sayğacın onlara xəbərdarlıq edilmədən bayram günü qərəzli olaraq dəyişdirildiyini, borcun yanlış hesablandığını və belə hesablanmış borca görə istehlakçının cavabdehliyinin olmadığı bildirsələr də, sadə tələblərə belə əməl olunmadı və təkidli tələblərinə rəğmən onlara heç bir yazılı sənəd təqdim etmədilər. Nəticədə, ailələri 6 gün müddətində təbii qazdan istifadə etmək imkanından qanunsuz olaraq məhrum edilmişdir. Qüvvədə olan qanunvericilikdə qaz təchizatının dayandırılması əsasla dəqiq müəyyən olunmuşdur və bu əsaslar mövcud olmadığı təqdirdə qaz təchizatının dayandırılması qanunsuz hərəkət və özbaşınalıqdır. Qanunsuz dayandırılmış qaz təchizatı Səbail Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-16(009)-82/2023 saylı dərhal icra edilməli qərardadı ilə bərpa edilmiş və həmin mənzilə təbii qazın verilməsinin dayandırılması Cavabdeh İB-yə qadağan edilmişdir. Cavabdeh İB-nin borc tələbinin heç bir hüquqi və faktiki əsası yoxdur. Qaz sayğacının istismar müddəti çoxdan keçmişdir, lakin sayğacın vaxtında dəyişdirilməsi təchizatçı tərəfindən təmin edilməmiş, onlara şifahi müraciət edilərək yeni sayğacın qoyulması üçün ödəniş tələb olunmuşdur. Qanuna əsasən yeni sayğaca görə fiziki şəxs olan istehlakçıdan ödəniş tələb oluna bilmədiyinə istinad etdikdə, sayğacların qıt olduğunu, yalnız ödəniş olunduqdan sonra daxili göstərişlə sayğac quraşdırıla biləcəyini ifadə edərək, əks təqdirdə onların qaz təchizatında problem yaradılacağının bildirmişlər. Bundan sonra onlara sayğacın yenilənməsi ilə bağlı hər hansı müraciət olmamışdır. Sayğaca tərəflərindən hər hansı müdaxilə edilməmişdir və edilməsi də mümkün deyildir. Qazdan mütəmadi olaraq abonent kartı vasitəsilə əvvəlcədən dəyəri ödənilməklə istifadə edilmişdir. Cavabdehə göndərilmiş 10 may 2023-cü il tarixli pretenziya ilə, mülkiyyətində olan ünvan 1 ünvanmda yerləşən 15 saylı mənzilin qaz təchizatına görə hesablanmış əsassız borcun silinməsini xahiş etsə də, bu günədək pretenziyaya cavab verilməmiş və borcun silinməsi təmin edilməmişdir. Beləliklə, istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi üçün, mülkiyyətində olan mənzilin qaz təchizatından istifadəyə görə cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borc məhkəmə qaydasında silinməlidir. İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə öz etirazını ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, **********00150 saylı abonent kodu verilmiş ünvan 2 ünvanında quraşdırılmış smart itron tipli, G-4 markalı qaz sayğacı xx.xx.2023-cü il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt tərtib edilərək yeni qaz İtron G4 markalı sayğacı ilə əvəzlənmişdir. Elektron tablosu işləməyən Smart tipli sayğac çıxarılan zaman Birliyin əməkdaşları tərəfindən çıxarılmış sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin olması faktını aşkar etmişlər və bu barədə yuxarıda qeyd olunan akta müvafiq qeydlər aparılaraq istehlakçı məlumatlandırılmışdır. Nəticə etibarı ilə çıxarılan Smart tipli sayğacın üzərində elektron tablonun qeyd etmədiyi, lakin həmin sayğacın mexaniki hissəsinin qeyd etdiyi 35097 m3 sərfiyyat borcu aşkar edilmişdir, yəni sayğac mənfiyə işləmişdir. Bunun nəticəsi olaraq da abonentin istifadə etdiyi, yəni karta məbləğ yükləmədən işlətdiyi və bu səbəbdən də dəyəri ödənilməmiş 940,75 manat məbləğində debitor borcu yaranmışdır. Sayğac müvafiq qaydada çıxarıldıqdan sonra qaydalara uyğun olaraq “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İBnin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının MSK-14-2-2/3-5-4616/Q001 aktına əsasən (sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib) sayğacın elektron və mexaniki göstəriciləri arasında olan fərq bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi, öncədən ödənişli Smatr kart tipli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, sayğacın elektron hissəsinin qeyd etmədiyi, lakin mexaniki hissəsinin qeyd etdiyi təbii qazın sərfiyyatı üzrə abonentin, daha doğrusu iddiaçının istifadə etdiyi, lakin dəyəri ödənilməmiş 940,75 manat məbləğində sərfiyyat borcu yaranmışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akta bağlı əsas - debitor borcdur. Bu danılmaz faktdır. Belə ki, mübahisələndirilən borc məbləği “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında hesablanmış və abonentin Saldosuna yerləşdirilmiş dəymiş maddi zərər olsa idi, bu hal mütləq həmin Saldo-da müqaviq olaraq “Aktlar və qalıqlar” qrafasında öz əksini tapmış olardı. Digər tərəfdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında hər hansı Akt belə mövcud deyildir. Bununla bərabər işə əlavə edilmiş GASREP və AG İS proqramları üzrə Saldolarda (iş materiallarına əlavə edilmişdir) iddiaçının sərf etdiyi təbii qaza görə iyul-noyabr ayından 2022-ci və yanvar-mart ayından 2023-cü illər ərzində demək olar ki, ödəniş etməmişdir. Bundan əlavə iddiaçının məhkəmə zalında verdiyi izahatına nəzər yetirsək görərik ki, iddiaçının həmin evdə yaşaması və təbii qazdan istifadə etməsi faktı öz təsdiqini tapır. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan qaz sayğaclarının çıxarımlası, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən abonent İddiaçı olan qaz sayğac mənfiyə getdiyi üçün həmin sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-cı ildə anadan olmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə gələn təbii qazın sərfiyyatını ölçən sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılaraq ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir Həmin akt əsasında iddiaçıya 940,75 manat məbləğində borc yazılmışdır. Məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası ilə əlaqədar iddiaçıya hesablanmış 940,75 manat borc onun abonent hesabından silinməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən tətbiq edilə bilər və bu səlahiyyət yalnız müvafiq icra hakimiyyəti orqanına aid olan məsələdir. “Qaz təchizatı haqqında” AR Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. «Qaz istifadə Qaydaların»ın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat alqı-satqı müqaviləsinə əsasən qazın alqısatqı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət sanksiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə hesabatın hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X1 Reyestrinə (bundan sonra – X1 Reyestri) daxil edilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya aid olan evdən kənarda quraşdırılmış qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Digər tərəfdən iddiaçının ona aid olan sayğacın işlək vəziyyətdə saxlanılması və qorunması ilə bağlı hər hansı məsuliyyət daşıması da məhkəmə iclasında müəyyən edilməmişdir. Beləliklə iddiaçının evində aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacın onun təqsiri üzündən zədələnməsi müəyyən olunmadığından, 940,75 manat məbləğində pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvana **********00150 saylı abonent hesabına hesablanmış 940,75 (doqquz yüz qırx manat yetmiş beş qəpik) manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar