Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1324/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı MMC-nin - Cavabdeh qarşı «zərər və borc tələbi» barədə iddiası üzrə mülki işə 21 iyun 2024-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı «zərər və borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 298,46 manat əsas borc, 147,74 manat mükafat, 331,64 manat dəbbə pulu, avtomobilin təmir-bərpası üçün tələb edilən 839,57 manat pulun və ödənilmiş 36,18 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli MAS-4441 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 18 aprel 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-4441saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 24 sentyabr 2021-ci il tarixli MAS-4441 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PE-***dövlət qeydiyyat nişanlı avtomobil 06 mart 2024cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 839.57 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-4441saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 mart 2024-cü il tarixə ümumilikdə 777.84 manat məbləğində gecikmə borcu yaranmışdır. İddiaçının nümayəndəsi ərizə göndərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbər verilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli MAS-4441 saylı Daxili lizinq Müqaviləsinin və həmin müqavilənin 1 saylı əlavəsinin surətindən görünür ki, Lizinq verən (AZƏRMAŞ MMC) Lizinq alana (X2) “Khazar SD” markalı avtomobili lizinq obyekti qismində 17,000 manat müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini həmin Müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 18 aprel 2022-ci il tarixli X2, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış MAS- 4441saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinin surətindən görünür ki, 24 sentyabr 2021-ci il tarixli MAS-4441 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 06 mart 2024-cü il tarixli aktdan görünür ki, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. Təhvil zamanı nəqliyyat vasitəsinin yan tərəflərində əziklər mövcud olmuşdur. "xxxx" MMC-nin qüsur aktının surətindən görünür ki, “Khazar SD” minik markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 839,57 manat təşkil edir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin iddiaçıya müqavilə üzrə 298,46 manat əsas borcu, 147,74 manat mükafat borcu və 331,64 manat cərimə borcu vardır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili illik 24,5 faiz mükafat məbləği ilə 48 ay müddətinə lizinqə, yəni həmin əmlakı cavabdeh X1 müvəqqəti istifadəsinə və sahibliyinə vermiş, həmin əmlak X2 tərəfindən qəbul edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüş və avtomobili təhvil almışdır. Avtomobil Cavabdeh tərəfindən iddiaçı şirkətin dayanacağına yerləşdirilərkən məlum olmuşdur ki, cavabdeh tərəfindən avtomobilə 839,57 manat dəyərində ziyan dəymişdir. Cavabdeh həmçinin müqavilə öhdəliklərini tam yerinə yetirməyərək iddiaçının hesabına tam ödəniş etməmiş və nəticədə müqavilə üzrə 298,46 manat əsas borcu, 147,74 manat mükafat borcu və 331,64 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsi ilə öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, 18 aprel 2022-ci il tarixli tarixli Daxili lizinq Müqaviləsi ilə lizinq verənin lizinq obyektini lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, lizinq alanın isə həmin müqavilə ilə müəyyən edilmiş vaxtda və məbləğdə lizinq ödənişlərini həyata keçirmək öhdəlikləri əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən müqavilə üzrə aldığı avtomobilin istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin lizinq obyekti olmuş “Khazar SD” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin ödənilməmiş istifadə haqqını tələb etməsi tam əsaslıdır. İş materiallarında olan daxili lizinq müqaviləsinin 7.2-ci bəndindən görünür ki, cavabdeh müqavilə əsasında müəyyən edilmiş aylıq ödənişləri müqavilə əsasında müəyyən edilmiş tarixlərdə həyata keçirməzsə gecikdirdiyi hər gün üçün gecikdirdiyi məbləğin 0.3 %-i miqdarında dəbbə pulu hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehin hazırkı maddi imkanlarının məhdud olduğu vəziyyətinə nisbətdə cərimə formasında hesablanmış 331,64 manat məbləğini tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə məbləğini azaldaraq 30 manat müəyyən edilməsini tərəflərin mənafeləri baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Eyni zamanda iddia tələbinin “zərər” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, avtomobil cavabdeh tərəfindən iddiaçının müvəqqəti duracağına yerləşdirilərkən avtomobildə qüsurlar olmuşdur. Aparılmış qiymətləndirmə nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 839,57 manat məbləğin tələb olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi isə qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 298,46 manat əsas borc, 147,74 manat mükafat və 30 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 476,20 manat pul, həmçinin avtomobilin bərpa olunması üçün 839,57 manat məbləğində pul Cavabdeh tutulub (alınıb) iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1324/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1324/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver