Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1336/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 07 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24,000 manat pul vəsaitinin, 6000 manat əldən çıxmış faydanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər bacı-qardaş olmaqla ata və analarından qalma mirasa sahibdirlər. Aralarındakı mübahisə bir-neçə ildir davam edir. Həmin müddətdə Günel Hüseynova mirasa daxil olan əmlaklardan birini - Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 197054Ə0004 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bağırova Pərvin Rauf qızına satmış və 48000 manat pulu özünə götürmüşdür. Həmin müqavilə sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4964/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 25/2022 saylı qərarı ilə etibarsız sayılmışdır. Hesab edirəm ki, atalarından qalmış mirasa daxil olan göstərilən əmlaka görə əldə edilmiş vəsaitin yarısı 24000 manat və Günel Hüseynovanın həmin məbləği özündə saxladığı müddət üçün hesablanmalı olan zərər ondan tutularaq İddiaçı ödənilməlidir. Həmin zərər alğı-satqıdan bəri keçən təqribən 5 il üçün 24000*5/100*5=6000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, mübahisəli əmlakla bağlı bağışlama müqaviləsi bağlanarkən tərəflərin münasibətləri yaxşı olmamışdır. Lakin buna baxmayaraq onlar arasında bağışlama müqaviləsi o şərtlə bağlanmışdır ki, hazırki əmlakın Günelə bağışlanması əvəzində Günel də qanuni qüvvəsini almış məhkəmə aktlarında təsbit olunmuş digər iki əmlakı Nadirə bağışlayacaqdı. Lakin Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair tərəflər arasında bağışlama müqaviləsi bağlandıqdan sonra Günel vədinə əməl etməmişdir, bundan sonra isə Nadir həmin bağışlama müqaviləsinin etibarsızlığını məhkəmədə mübahisələndirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, qardaşı ilə 2018-ci ildə münasibəti yaxşı olduğundan öz aralarında razılaşmışdırlar ki, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsini qardaşı bağışlama müqaviləsi əsasında onun adına rəsmiləşdirsin və o, torpağı satandan sonra pulun yarı hissəsini qardaşına versin. Bundan sonra torpaq onun tərəfindən 48,000 manat qiymətinə satılmışdır. 2019-cu ilin iyun ayında Nadir satışdan öz payına düşən hissəni almaq üçün onun evinə gəlmiş və o, 22,000 manat məbləğində pulu Nadirə vermişdir. Pulu verdiyi zaman bibisi və qonşusu da orada olmuşdurlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, 2018-ci ildə iddiaçı müvafiq torpaq sahəsini cavabdehə bağışlamışdır ki, o, ölkədə olmadığı halda cavabdeh torpağı sata bilsin. Müvafiq torpaq sahəsi 2019-cu ilin may ayının 15-də 48.000 manata satılmışdır. 2019-cu ilin iyun ayının sonlarında Nadir ölkəyə qayıtdıqda cavabdehin yaşadığı ünvana yaxınlaşaraq 22.000 manat pulu təhvil almışdır. Cavabdehdən nəyə görə az olduğunu soruşduq da cavabdeh bildirmişdir ki, dəllala xidmətinə və alğı-satqı ilə bağlı rüsum ödədiyinə görə məbləğ 24000 deyil, 22000 olmuşdur. İddiaçı evin satılmasını öz bacısına həvalə etməsi özlüyündə sübut edir ki, 2019-cu ilin ortalarına kimi tərəflər arasında münasibətlər normal olmuşdur. Həmin dövrdə H.Günelin İ.Nadirin həyat yoldaşı ilə münasibətləri kəskin olmuşdur. 22.000 manatın İ.Nadirə verilməsinin indiyə kimi hər hansı məhkəmə prosesində səsləndirilməməsinin səbəbi H.Günelin iddia predmetindən kənar hər hansı izahat verməməsi ilə əlaqədardır. Belə ki, indiyə kimi tərəflər arasında olan tələblər pul ilə bağlı olmamışdır. Hazırki iddianın verilməsinə səbəb H.Günelin İ.Nadirə qarşı 124.000 manat ilə bağlı iddia tələbinin təmin edilməsi ilə bağlı olmuşdur. İ.Nadirin hazırki iddianı verməsi intiqam hissi ilə bağlıdır. Məhkəmə tərəflərin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarından olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 saylı Qərarı ilə İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X5 və Bakı şəhəri 53 saylı notariat ofisi işə cəlb edilməklə) Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(103)-4964/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı məhkəmə qətnaməsində göstərmişdir ki, bağışlanmış əşyalardan birinin - Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin cavabdeh tərəfindən alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsi bağışlama müqaviləsinin etibarsız sayılmasına mane olmur. Belə ki, 1-ci, həmin hal etibarsızlıqla bağlı tələbin rədd edilməsi üçün əsas deyil; 2-ci, hüquqi müəyyənlik üçün bağışlama müqaviləsi etibarsız sayılmalıdır. Bu, iddiaçıya imkan verəcək ki, həmin əşya ilə bağlı qanuni maraqlarının müdafiəsi üçün zəruri olan sonrakı hərəkətləri reallaşdıra bilsin: zərərin əvəzinin ödənilməsini tələb etsin, yaxud əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini tələb etsin və s. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, tərəflərin hər ikisinin bibisidir. Artıq 3 ildən çoxdur ki, Nadirlə münasibəti kəsilmişdir. Belə ki, Nadir özü telefon nömrəsini dəyişib və o vaxtdan bəri onunla münasibətdən yayınmışdır. Sözügedən əmlakla bağlı tərəflər arasında bağışlama müqaviləsi bağlanan və həmin əmlak satılan zaman tərəflərin münasibətləri qaydasında olmuşdur. 2019-cu ilin iyun ayında o Günelin evində olarkən Nadir ora gəlmiş və satışdan əldə edilmiş puldan 22,000 manat məbləğində pulu Güneldən almışdır. Bu zaman tərəflər arasında hər hansı bir qəbz yaxud başqa bir sənəd imzalanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, cavabdehin qonşusudur. Qardaşı ilə onun arasında olan ədavətdən çox da məlumatlı deyildir. Ona bəllidir ki, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin satışından əldə edilən pulun ona düşən hissəsini almaq üçün Nadir 2019-cu ilin iyun ayında Günelin evinə gəlmişdir. Həmin zaman orada Günelin bibisi də olmuşdur. Günel onun yanında pulu Nadirə vermişdir. Həmin vaxt məbləğdən məlumatlı olmasa da, sonradan öyrənmişdir ki, Günel Nadirə 22,000 manat məbləğində pul vermişdir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə xüsusilə şahid ifadələrinə münasibətdə qeyd edir ki, şahid ifadələri təktərəfli olmaqla səmimi təsir bağışlamır. Belə ki, iş materiallarında olan Səbail rayon Polis İdarəsinin müstəntiqinin 14 oktyabr 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, 2015-ci ildən bu günədək qardaşı Nadir və onun arvadı Elgün ilə danışmır, aralarında olan konflikt isə 2017-ci ildə anası vəfat etdikdən sonra daha da kəskinləşmişdir. Cavabdehin 3 il öncə vermiş olduğu izahatdan göründüyü kimi, bağışlama müqaviləsi bağlanan və əmlak satılan zaman tərəflərin münasibətləri yaxşı olmamışdır. Tərəflərin arasında münasibət pis olduğu təqdirdə Nadirin əmlakı Günelə bağışlamasına münasibətdə o nəticəyə gəlmək olar ki, iddiaçının vəkilinin məhkəmə iclasında bildirdiyi kimi həqiqətən də tərəflər arasında bağlanmış bağışlama müqaviləsi sadəcə əmlakların əvəzləşdirilməsi mahiyyəti daşımışdır. Elə bu səbəbdəndir ki, tərəflər arasında bununla bağlı razılıq əldə edilmədiyindən Nadir sonradan həmin müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, həqiqətən də bağışlama müqaviləsi bağlanan və əmlak satılan zaman tərəflərin münasibətləri kəskin olmuşdur və belə olan halda Günelin heç bir rəsmiləşdirməyə ehtiyac duymadan 22,000 manat məbləğində pulu Nadirə verməsi məhkəmə tərəfindən inandırıcı qəbul olunmur. Bundan başqa şahidlərin ifadələrindən bəlli olur ki, Nadirlə onların heç bir münasibətləri yoxdur, bunun əksinə Günel ilə yaxın münasibətlər vardır. Pulun verilməsinin üstündən 5 il müddət keçməsinə baxmayaraq şahidlərin hər ikisinin, ələxsus da Mahirə Qurbanovanın qonşusunun qardaşına vermiş olduğu pulun verildiyi tarixi dəqiqliklə xatırlamaları da onların ifadələrini şübhə altına alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı atası X4 xx.xx.2014-cü il tarixdə ölmüş və onun ölümü ilə əlaqədar açılmış vərəsəlik işində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsi miras kütləsinə daxil olmuş, Cavabdeh və İddiaçı həmin əmlaka dair ½ paylar müəyyən olunmuşdur. Sonradan tərəflər öz arasında razılığa gəlmişdirlər ki, cavabdeh hazırki iş üzrə onun ailəsi ilə yaşadığı Badamdar qəsəbəsi, 3- cü yaşayış massivindəki yaşayış evini və Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsindəki 11B saylı evin 10-cu mənzilində olan öz payını iddiaçıya bağışlayır, iddiaçı isə dörd ünvanda olan daşınmaz əmlaklarda olan payını bacısına bağışlayır. 22 iyun 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. Lakin sonra Cavabdeh istifadəsində olan iki ünvanda olan 1/2 pay hüququnu o, İddiaçı bağışlamaqdan imtina etmiş və bildirmişdir ki, guya onlar arasında elə bir razılaşma olmamışdır. Qanuni qüvvəsini almış məhkəmə aktı ilə 2022-ci il tarixdə tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinədair bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Lakin bu vaxta kimi yəni 2019cu il tarixdə Cavabdeh atasından miras qalmış və qardaşı İddiaçı birinci növbəli vərəsə kimi 1/2 hissədə payı olan həmin əmlakı 48.000 manat pul müqabilində üçüncü şəxsə satmış və həmin məbləğin hamısını özü əldə etmişdir. Qeyd olunan hallar qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqlənir. Belə olan halda cavabdeh əsassız varlanmaqla iddiaçıya zərər vurmuşdur. Bu səbəbdən sözügedən əmlakın satışından əldə etdiyi 48.000 manat məbləğində pulun yarı hissəsi kimi 24.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə iddia tələbinin “6000 manat əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Mülki Məcəllənin: 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün) 60 aylıq dövr üçün 24000 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 60 ay üçün 6000 manat əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24,000 manat məbləğində pul vəsaiti və 6,000 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 30,000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 180 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1336/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1336/2024
07.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver