Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1389/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Tofiq qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “X2 Mərkəzi” MMC-nin nümayəndəsi X3, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Tofiq qızının cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və “X2 Mərkəzi” MMCyə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tofiq qızı cavabdehlər Cavabdeh1 BOKT ASC və “X2 Mərkəzi” MMC-yə qarşı “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2016-cı ildə 36 ay müddətinə Cavabdeh1 bank olmayan kredit təçkilatından 15000 dollar kredit götürmüşdür. Kredit ödənişini ödəsə də həmin təşkilat ona aid olan evi onun xəbəri olmadan hərrac yolu ilə əlindən almışdır. Qeyd edir ki, ipotekanın evinə yönəldirilməsi və hərracın keçirilməsi barədə heç bir məlumatı olmamışdır. Həmin bank olmayan təşkilatla gecikdirmələrə görə görüşmüş razılaşıb ödənişləri davam etdirmişdir. Belə ki, xəbəri olmadan kredit müqaviləsininin bitməsinə 2 il qalmış 2017 ci ildə Suraxanı məhkəməsinə müraciət etmiş, qətnamə çıxarmış, əmlakı hərracda satılmasını təşkil etmişdir. Həmin dövr ərzində və son dövrlərə də ona bu barədə heç bir məlumat verilməmiş, normal qaydada ondan aylıq ödənişlər tələb edilmiş və o aylıq ödənişlər həyata keçirilmişdir. Həmin hərracın yekunları barədə protokolda qanunsuz olaraq guya Suraxanı rayon məhkəməsinin 2(010)-357/2017 nömrəli qətnaməsində tələbin ipotekaya yönləndirilməsi və əmlakın açıq hərracda satılması qət olunması qeyd olunub, bu qanunsuz icra qeydi icra olunması üçün “X2 Mərkəzi” MMC-yə göndərilib. Həmin hərracda əmlak tam qanunsuz saxta sənədlər əsasında satılmış hərracın yekunları barədə protokol tərtib olunmuşdur. Qeyd edir ki, həmin keçirilmiş hərraclardan onun ümumiyyətlə xəbəri olmamışdır. Elə bir şeyin olma ehtimalını belə fikirləşməmişdi. Belə ki, həmin əsassız olaraq satılmış əmlak onun ailəsinin yeganə yaşayış sahəsidir. Göstərilənlərə əsasən hərracın nəticələri - “X2 Mərkəzi” MMC və hərracı udmuş Cavabdeh1 Bank olmayan kredit təşkilatı ASC tərəfindən imzalanmış xx xxxx 2018-ci il tarixli, Y-767 saylı hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir. Məhkəmə baxışı dövründə iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini də cavabdeh kimi qeyd edərək) hərracın yekunları barədə protokolun, əmlakın satılmasına dair alqısatqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə ilə məhkəməyə müraciət edərək (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini də cavabdeh kimi qeyd edərək) hərracın yekunları barədə protokolun, əmlakın satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdiriləsinə dair ərizələrin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçının öz iddia ərizəsini əsaslandırmağa çalışdığı hallar tamamilə uydurmadır və yalandır. İddiaçı, öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamışdır. Belə ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-357/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, İddiaçı Tofiq qızından cəmi 19012.71 ABŞ dolları borcun tutulması və tələbin İddiaçı Tofiq qızma məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq həracdan satılması qət edilmişdir. Muradova X5 rayon Məhkəməsinin 2(010)-357/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9103/2017 saylı, xx xxxxxxx 2017 tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı Tofiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq Suraxanı rayon Məhkəməsinin 2(010)-357/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, icra olunması üçün Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq icra məmuru icra vərəqəsində qeyd olunan borclu İddiaçı Tofiq qızının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzili satılması üçün açıq hərraca çıxarmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, yəni 33150 manata xx.xx.2018-ci il tarixli, Y-767 saylı protokola əsasən Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilmişdir. Protokola əsasən, Cavabdeh1 BOKT ASC, sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. İddiaçı Tofiq qızına keçirilən hərracların vaxtı və yeri barəsində məlumat verilmişdir. xx xxx 2018-ci il tarixli ilkin hərracın və xx xxxx 2018-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildiriş İddiaçı Tofiq qızının qeydiyyatda olduğu və təşkilata girov qoyduğu mənzilin ünvanına göndərilmişdir. Hərracın keçirilmə vaxtı ilə bağlı, “Market” qəzetinin 20-xx xxxxx 2018-ci il tarixli buraxılışında, 04-xx xxx 2018-ci il tarixli buraxılışında, 25-xx xxx 2018-ci il tarixli buraxılışında və 08-xx xxxx 2018-ci il tarixli buraxılışında elanlar verilmişdir. İddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişlər “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmadan çatdırılmışdır. Bu səbəbdən də, hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. Hərrac təşkilatının hərracın keçirilməsi ilə bağlı bildirişin ipoteka qoyana rəsmi təqdim edilməsi ilə bağlı vəzifəsi yoxdur. Məhz hərrac barədə məlumatların KİV vasitəsilə elan edilməsi eyni zamanda ipoteka qoyanın hərracda iştirakla bağlı məlumatlandırılması nəticəsinə gəlməyə imkan verir. X7 Şəlalə Tofiq qızına məxsus olmuş əmlak ipoteka ilə yüklü edildiyindən Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli qərarı iddiaçıya şamil oluna bilməz. Beləliklə də, hərracın etibarsız sayılması üçün heç bir əsas yoxdur. Cavabdeh “X2 Mərkəzi” MMC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, “X2 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzilinə dair keçirilmiş hərrac qanunauyğun qaydada keçirilmiş, iddiaçıya hərracın keçirilməsi yeri və vaxti barədə bildirişlər göndərilmiş, həmçinin “Market” qəzetində bu barədə elanlar yerləşdirilmişdir. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh1 BOKT ASC arasında xx.xx.2016-cı il tarixində bağlanmış 2015/00299-01 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçıya illik faiz dərəcəsi 28 faiz olmaqla 36 ay müddətinə qaytarmaq şərtilə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. - Suraxanı Rayon Məhkəməsinin 2(010)-357/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 BOKT ASC iddia tələbi qismən təmin edilmiş, İddiaçı Tofiq qızından cəmi 19012.71 ABŞ dolları borcun tutulması və tələbin İddiaçı Tofiq qızına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq həracdan satılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9103/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Tofiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı rayon Məhkəməsinin 2(010)-357/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - “X2 Mərkəzi” MMC-nin xx.xx.2018-ci il tarixli №767 saylı «hərracın nəticələri haqqında yekun protokol və eyni tarixli «hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə) müqavilənin məzmunlarından görünür ki, sifarişçi Suraxanı rayon İcra və Probasiya şöbəsinin №18-143867/17-14 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında Suraxanı rayon Məhkəməsinin 2(010)-357/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı Tofiq qızına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzili Cavabdeh1” BOKT ASC-yə 33150 manata satılmışdır. Belə ki, keçirilən iki hərrac baş tutmadığına görə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan «Cavabdeh1” BOKT ASC əmlakı 33.150 manata aldı. Əmlakın ilkin satış qiyməti isə 52000 manat olmuşdur. - “Market” qəzetinin xx.xx.2018-xx.xx.2018-ci il tarixli 15 sayında, xx.xx.2018xx.xx.2018–ci il tarixli 17 sayında, xx.xx.2018-xx.xx.2018-ci il tarixli 20 sayında və xx.xx.2018-xx.xx.2018-ci il tarixli 22 sayında - Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzilinə dair hərracların keçirilməsinə dair elanlar yerləşdirilmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzili xx.xx.2019-cu il tarixdə Cavabdeh1 BOKT ASC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - “X2 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh1 BOKT ASC, İddiaçı Tofiq qızına ünvanladığı xx.xx.2018-ci il tarixli 1682 saylı və xx.xx.2018-ci il tarixli 1949 saylı bildirişlərindən görünür ki, Suraxanı rayon icra və probasiya şöbəsi №18-143867/17-14 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzili Əmlakın ilkin satış qiyməti 52000 AZN. Hərrac xx xxx 2018-ci il tarixdə, saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəkdir. Hərracda iştirak üçün Hərrac Mərkəzinə təqdim olunmalıdır: 1) Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin surətini; 2) Hüquqi şəxslər təsis sənədlərini; 3) İlkin satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbz. Belə hərracın keçirilən müddətədək nağd və ya köçürülmə yolu ilə Hərrac Mərkəzinin hesabına ödənilməlidir. - “X2 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh1 BOKT ASC, İddiaçı Tofiq qızına ünvanladığı xx.xx.2018-ci il tarixli 2396 saylı və xx.xx.2018-ci il tarixli 2696 bildirişlərindən görünür ki, Suraxanı rayon icra və probasiya şöbəsi №18-143867/17-14 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır.: Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzili, Əmlakın ilkin satış qiyməti 44200 AZN. Hərrac xx xxxx 2018-ci il tarixdə, saat 11:00-da ünvan 2 ünvanda keçiriləcəkdir. Hərracda iştirak üçün Hərrac Mərkəzinə təqdim olunmalıdır: 1) Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin surətini; 2) Hüquqi şəxslər təsis sənədlərini; 3) İlkin satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbz. Belə hərracın keçirilən müddətədək nağd və ya köçürülmə yolu ilə Hərrac Mərkəzinin hesabına ödənilməlidir. - Cavabdeh1 BOKT ASC-nin İddiaçı Tofiq qızına və X6 qarşı Suraxanı rayon məhkəməsində qaldırdığı «mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə» iddia ərizəsindən görünür ki, cavahdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Y Günəşli qəs. "V" Y/S. 12 saylı evin 57 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsinə, cavabdehlər İddiaçı Tofiq qızının və X4 və digərlərinin həmin mənzilldən əşyaları ilə birlikdə çıxarılmalarına, mənzilin boşaldılmasına və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-357/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 BOKT ASC –nin iddia tələbi qismən təmin edilmiş, İddiaçı Tofiq qızından cəmi 19012.71 ABŞ dolları borcun tutulması və tələbin İddiaçı Tofiq qızına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq həracdan satılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9103/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Suraxanı Rayon Məhkəməsinin 2(010)- 357/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra qeydinə əsasən İddiaçı Tofiq qızına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzilinə tutma yönəldilməklə hərraca çıxarılması prosesinə başlanılmış, sifarişçi Suraxanı rayon İcra və Probasiya şöbəsinin №18-143867/17-14 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında dəfələrlə hərrac təyin edilmiş, əmlakın ilkin satış qiyməti 52000 AZN müəyyən edilmiş, daha sonra bu məbləğ 44200 AZN olmuş, daha sonra isə xx.xx.2018-ci il tarixli №767 saylı «hərracın nəticələri haqqında yekun protokol və eyni tarixli «hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə) müqaviləyə əsasən Cavabdeh1 BOKT ASC-yə 33150 manata satılmışdır. Hazırda iddiaçı sözügedən hərracın keçirilməsi barədə ona məlumat verilmədən keçirilməsi əsası ilə hərracın yekununda qəbul edilmiş protokol və onun hüquqi nəticələrinin qanuniliyini mübahisələndirir. Cavabdehlər Cavabdeh1 BOKT ASC, eləcə də “X2 Mərkəzi” MMC iddia tələbinin əsassız olmasını iş materiallarında olan “X2 Mərkəzi” MMC tərəfindən iddiaçıya ünvanladığı bildirişlərin ona göndərilməsi, həmçinin “Market” qəzetində bu barədə elanların yerləşdirilməsi ilə əsaslandıraraq bu sübutların iddiaçıya da keçirilən hərraclar barədə lazımi qaydada məlumat verilməsini təsdiq etməsini göstərmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: - 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. - 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. - 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. - 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. - 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. - 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir - 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. - 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Məhkəmə Cavabdeh1 BOKT ASC-nin iddiaya olan etirazının əsası kimi iddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişlərin “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmadan çatdırılması barədə dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin qeyd etdiyi və iş materiallarında olan bildirişlərin mövcud olması iddiaçıya keçirilən hərraclar barədə lazımi qaydada məlumat verilməsini təsdiq etmir. Belə ki, cavabdeh tərəf məhz həmin bildirişlərin iddiaçıya çatdırılmasını və ya digər formada təqdim edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının hərracın təşkilatçısı olan MMC-i tərəfindən hərracın yeri və vaxtı barədə onların lazımi qaydada xəbərdar etməməsi nəticəsində onun hərracda iştirak etmək kimi hüququnun reallaşdırılmasının qarşısı alınmışdır. Məhkəmə həmçinin cavabdeh tərəfin hərrac təşkilatının hərracın keçirilməsi ilə bağlı bildirişin ipoteka qoyana rəsmi təqdim edilməsi ilə bağlı vəzifəsi olmaması, məhz hərrac barədə məlumatların KİV vasitəsilə elan edilməsi eyni zamanda ipoteka qoyanın hərracda iştirakla bağlı məlumatlandırılması nəticəsinə gəlməyə imkan verməsi kimi dəlilinə də qiymət verərək hesab edir ki, “Market” qəzetində yuxarıda göstərilən saylarında elan verilməsi də iddiaçının hərracın təşkilatçısı olan MMC-i tərəfindən hərracın yeri və vaxtı barədə onun lazımi qaydada xəbərdar edilməsi, hərracın təşkilatçısı olan MMC-nin qanunvericiliyin tələblərini pozmaması anlamına gəlməyə əsas vermir. Belə ki, qəzetlərdə olan elanlar hərraca çıxarılan əmlakı almaq niyyətində olan digər şəxslər üçündür və bu elanların verilməsi mütləq mənada iddiaçının hərracın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə cavabdehin bu dəlili o vaxt əsaslı ola bilərdi ki, mülkiyyətçi hərracın hansı kütləvi informasiya vasitəsində keçirilməsi barədə elanın yerləşdirilməsindən əvvəlcədən məlumatlandırılmış olsun. Məhkəmə həmçinin qeyd edir ki, işin araşdırılmış halları ilə iddiaçının icra vərəqəsinin İcra və Probasiya şöbəsinə göndərilməsindən, nə də sonuncu tərəfindən bu hərracın keçirilməsinin “X2 Mərkəzi” MMC-yə sifariş verməsindən məlumatlı olmalarını təsdiq hər hansı bir sübutun olması öz təsdiqini tapmamışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının keçirilmiş hərraclardan, mənzilinin mülkiyyət sənədinin cavabdehin adına rəsmiləşdirilməsindən ümumiyyətlə xəbəri olmaması onun hərrac tarixlərindən sonra da cavabdehə mütamadi olaraq ödənişlərinin davam etdirilməsi ilə də öz təsdiqini tapır. Belə ki, İddiaçı Tofiq qızının iş materiallarında olan Cavabdeh1 BOKT ASC-nin hesabına ödədiyi xəzinə mədaxil orderlərin surətlərindən görünür ki, o, xx.xx.2018-ci ildə 500 manat, xx.xx.2018-ci ildə 500 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2018-ci ildə 500 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu ildə 500 manat, xx.xx.2019-cu ildə 500 manat ödənişlər aparmışdır. Müəyyən edilmişdir ki, iddiaçı keçirilmiş hərraclardan, mənzilinin mülkiyyət sənədinin cavabdehin adına rəsmiləşdirilməsindən ona qarşı Suraxanı Rayon məhkəməsində xx.xx.2020-ci il tarixdə iddia qaldırılan zaman məlumatlı olmuş və o, hüququnun pozulması anından qanunvericiliklə müəyyən edilmiş müddətdə mənzili ilə əlaqədar keçirilən hərracı və onun hüquqi nəticələrini mübahisələndirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edir ki, göstərilən maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan (mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə» iddia ərizəsi verilərkən) 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Tofiq qızına məxsus olan ipoteka predmetinə - Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzilinə dair cavabdeh “X2 Mərkəzi” MMC tərəfindən hərrac qanunla müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyi üçün onun yekunları barədə protokol, əmlakın satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia tələbinin dəlilləri əsaslıdır və buna görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Tofiq qızına məxsus olan ipoteka predmetinə - Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən 12 saylı evin 57 nömrəli mənzilinə dair cavabdeh “X2 Mərkəzi” MMC tərəfindən keçirilən hərracla bağlı xx.xx.2018-ci il tarixli №767 saylı hərracın nəticələri haqqında yekun protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 BOKT ASC adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-357/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1389/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1389/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver