Məhkəmə qərarları › İş №e-2(009)-1406/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1406/2024

18.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1406/2024 18.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi G.A.Hüseynovanın iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət-Dş 300 mm-lik yerüstü neft kəmərinin 3.1 km-də, kəmərdən təxminən 40 metr aralı məsafədə, ünvan 1 ünvanında Cavabdeh məxsus mühafizə zonaları daxilində inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət-Dş 300 mm-lik yerüstü neft kəmərinin 3.1 km-də, kəmərdən təqribən 40 metr aralı məsafədə ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin, hasarın və çardağın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ("xxxx" ASC-nin Xətai filialı: VÖEN: **********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ev 454A, Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən (reyestr nömrəsi: **********35-10301) fərdi yaşayış evinin hüquqi subyekti Cavabdehdur. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ev 454A, Yeni qaydalarla: ünvan 2 ünvanında, istifadədə olan 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 447,9 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli BNo209716 nömrəli torpaq sahəsinin planın və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri 28 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-533 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Yeni Qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Xəzri küçəsində yerləşən 0,0063 ha torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0,0063 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi V.S.Mustafayev, mühafizəçi F.S.Ağazadə və NKİ QİB NBKXS-nin rəisi R.Ə.Məhərrəmov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 15.30-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Yeni qaydalarla: ünvan 1 ünvanında Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş-300 mm-lik yerüstü neft kəmərinin 3.1 km-də (39T 398413 ******* koordinatında) kəmərdən təqribən 40 metr aralı məsafədə vətəndaş Cavabdeh məxsus olduğu iddia edilən köhnədən mövcud olan dövrd bir tərəfi hasarlı iki mərtəbəli evin qarşısında həyətdə hasarın üzərindən taxta atmalarla dam örtüyünün vurulması üçün karkas qurulması işləri 4-5 saylı (NKİ Şirvan-Böyükşor neft kəməri 92- 115,2 km. və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) postların ərazisində aşkar edilmişdir. Sözügedən ünvanda özünü ev sahibi kimi təqdim edən Cavabdeh adlı şəxsə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə də istismarçı təşkilat ilə razılaşdırılmadan bu kimi işlərin görülməsinin qanunazidd olması izah edilərək xəbərdarlıq edilsə də, adıçəkilən şəxs əlində çıxarışının olduğunu əsas gətirərək heç bir xəbərdarlığa məhəl qoymayaraq tikinti-quraşdırma işlərini davam etdirəcəyini bildirmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi, ev 454A, Yeni qaydalarla: ünvan 2 ünvanında, istifadədə olan 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 447,9 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,0063 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2024-cü il tarixdən Cavabdeh mülkiyyətindədir. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət-Dş 300 mm-lik yerüstü neft kəmərinin 3.1 km-də kəmərdən təxminən 40 metr aralı məsafədə kəmərin mühafizə zonasında ünvan 5 ünvanında Cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikililəri faktı aşkar olunmuşdur. Cavabdeh tərəfindən həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Digər tərəfdən həmin tikili İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mmlik magistral neft kəmərinin mühafizə ərazisində yerləşir. Bu səbəbdən iddiaçı ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin, hasarın və çardağın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılan tikinti (inşa olunan fərdi yaşayış evi, hasar və çardaq) neft kəmərinin mühafizə zonasında yerləşsə də, həmin tikintinin qanunsuz əsaslarla aparılması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi cavabdeh tərəfindən 38 saylı ünvan üzrə deyil, 36 saylı ünvan üzrə torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və hazırda onun mülkiyyətindədir. 38 saylı ünvanın isə yalnız 0,0063 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir, həmin sahədə ev mövcud deyil, hasar tikilisi və yüngül konstruksiyalı çardaq inşa edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona ayrılmış torpaq sahəsini zəbt edərək orada özbaşına tikili inşa etməsini göstərsə də, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən 38 saylı ünvan üzrə aparılan tikinti öz mülkiyyətində olan torpaq sahəsi üzərində aparılır və həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyatdadır. Məhkəmə həmçinin qeyd edir ki, tikinti o vaxtı qanunsuz hesab edilir ki, həmin tikinti, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla aparılsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Beləliklə məhkəmə tərəfindən cavabdeh tərəfindən aparılan tikintinin qanunsuz olması müəyyən olunmamış və bu fakt öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X3 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən mülkiyyətçi öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə və ona dair sərəncam verə bilər. Cavabdeh tərəfindən aparılan tikinti öz mülkiyyətindən istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlıdır və bu hüquqların həyata keçirilməsində cavabdeh sərbəstdir. Lakin iddiaçının tələbi faktiki olaraq cavabdehin qanunla qorunan hüquqlarının həyata keçirilməsinə qadağa qoyulması ilə bağlıdır ki, bu da mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının apardığı tikinti neft kəmərinin mühafizə zolağında yerləşsə də, həmin tikili dövlət müdafiəsi altında olan, dövlət qeydiyyatına alınmış və cavabdehin mülkiyyətində olan torpaq sahəsində aparılır. Bu səbəbdən iddiaçının cavabdeh tərəfindən aparılan tikilinin sökülməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən göründüyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri – 100 (yüz) manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət-Dş 300 mm-lik yerüstü neft kəmərinin 3.1-ci km-də, kəmərdən təqribən 40 metr aralı məsafədə ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin, hasarın və çardağın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar