Məhkəmə qərarları › İş №e-2(009)-1411/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1411/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1411/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi D.S.Tomayevin, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “ABC Telecom" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Tefal” markalı ütü, “Tefal” markalı tozsoran, “Braun” markalı blender, “Tefal” markalı tozsoran, “Hoffman” markalı fen, “Samsung” markalı mikrodalğalı soba almış və nəticədə 534 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1755,36 manat (18 ay x 97,52 manat + 0 manat ilkin ödəniş) “Tefal” markalı ütü, “Tefal” markalı tozsoran, “Braun” markalı blender, “Tefal” markalı tozsoran, “Hoffman” markalı fen, “Samsung” markalı mikrodalğalı soba üçün ümumilikdə 534 manat olmaqla, ondan 485,36 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48,64 cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1270 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, “Tefal” markalı ütü, “Tefal” markalı tozsoran, “Braun” markalı blender, “Tefal” markalı tozsoran, “Hoffman” markalı fen, “Samsung” markalı mikrodalğalı soba üçün ödənilməmiş 485,36 manat əsas, 48,64 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona qarşı qaldırılan iddia tələbində göstərilən məbləğlə razı deyil və işin kiçik iddialara dair sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iş kiçik iddialara dair sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək öz izahatında göstərmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, müqavilə şərtinə əsasən onun cərimə borcu 157 manat müəyyən edilə də, müştəri məmnunluğunu nəzərə alaraq cərimə onlar tərəfindən azaldılmış və 48 manat həddində tələb irəli sürülmüşdür. Cavabdeh vaxtında ödənişləri həyata keçirmədiyi üçün müqavilə şərtinə uyğun cərimə ödəməlidir. Cavabdeh tərəfindən məhkəməyə etdiyi ödənişlərlə bağlı hər hansı sübut təqdim edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, o, kiçik sahibkardır, bir müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur, xırda məişət avadanlıqlarını da sahibkarlıq fəaliyyəti ilə bağlı götürmüşdür. Doğrudur, ödənişləri 3-5 gün gecikdirmə halları olmuşdur. Heç vaxt cərimə tətbiq olunmayıb. 2024-cü ilin yanvar ayınadək ödəniş etmiş, 100 manat ödəniş etdikdə 40 manat cəriməyə çıxıldığı üçün ödənişi dayandırmışdır. Onun hesablanmasına görə borcu 400 manat təşkil edir. Onu ödəməyə hazırdır. Cavabdeh iddianın qismən – 400 manat həddində təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Tefal” markalı ütü, “Tefal” markalı tozsoran, “Braun” markalı blender, “Tefal” markalı tozsoran, “Hoffman” markalı fen, “Samsung” markalı mikrodalğalı soba 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 97,52 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqısatqı qiyməti 1755,36 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 485,36 manat əsas borc, 48,64 manat cərimə borcu olmaqla, cəmi 534 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən alqı-satqı qiyməti 1755,36 manat olan “Tefal” markalı ütü, “Tefal” markalı tozsoran, “Braun” markalı blender, “Tefal” markalı tozsoran, “Hoffman” markalı fen, “Samsung” markalı mikrodalğalı sobanın pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni “Tefal” markalı ütü, “Tefal” markalı tozsoran, “Braun” markalı blender, “Tefal” markalı tozsoran, “Hoffman” markalı fen, “Samsung” markalı mikrodalğalı soba Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun - 485,36 manat məbləğində pulun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən müqavilə üzrə yaranmış əsas borc məbləğinin miqdarını, hesablanmış cərimə borcunun ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulacaq cərimə pulunun miqdarı 4,64 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 485,36 manat əsas, 4,64 manat cərimə borcu olmaqla, cəmi 490 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 485,36 manat əsas borc, 4,64 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 520 (beş yüz iyirmi) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar